|
|
|
|
Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Silahlı Qüvvələri Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripalın və onun qızı Yuliyanın zəhərləndirilməsindən sonra dünya siyasətində sözün həqiqi mənasında bir dram yaşanır.
Məsələ London-Moskva münasibətlərinin sərhədini çoxdan aşıb. ABŞ və Aİ yaranmış situasiyada Böyük Britaniyanı haqlı saydıqlarını açıq bildirsələr də, bununla kifayətlənmirlər. Avropa İttifaqının 20-yə yaxın ölkəsi bəyan edib ki, Rusiya diplomatlarını deportasiya edə bilərlər. Martın 22-də Aİ-nin Rusiyadakı səfirinin geri çağırılması ilə həmin prosesə start verilib. XXI əsrdə ilk dəfədir ki, böyük geosiyasi güclər arasında qarşıdurma geniş miqyas almaqdadır. Mütəxəssislər proseslərin həmin istiqamətdə inkişafının bütün dünya üçün ciddi təhdid olduğu barədə xəbərdarlıq edirlər. O cümlədən yeni "soyuq müharibə" və silahlanma yarışının meydana gəlməsi istisna edilmir. Həmin kontekstdə "diplomat müharibəsi"nin mümkün geosiyasi sonucları ilə bağlı analizə ehtiyac duyuruq.
Diplomatiyadan imtina: onu nə əvəz edəcək?
Moskva-London xəttində gərginlik artmaqda davam edir. Hətta ortaya yeni təhlükəli çalarlar çıxır. Tərəflərin bir-birinə güzəştə getmək fikrində olmadığı Avropa İttifaqı və ABŞ-ın siyasi rəhbərliyinin məsələyə münasibətlərini açıqlamasından sonra bir daha aydın oldu. Görünür, ziddiyyət, sadəcə, qarşılıqlı surətdə diplomatları qovmaqla məhdudlaşmayacaq. Söhbət daha geniş və dərində olan məqamlardan gedir ki, yekunda qlobal siyasətin dalana dirənməsi proqnozu özünü doğrulda bilər.
Böyük Britaniyanın müdafiə naziri Gevin Uilyamsonun Rusiya "çəkilsin və sussun" kimi sözlər işlətməsindən sonra Kreml daha sərt təpkilər ortaya qoyur. G.Uilyamsonun "soyuq müharibə"dən də bəhs etməsi narahatlıqla qarşılanıb. Sonrakı proseslər məsələnin yalnız bir nazirin özəl fikirləri ilə bağlı olmadığını göstərdi. Aİ-nin siyasi rəhbərliyi müzakirələrdən sonra münasibətlərini ifadə etməkdədir. Yayılan informasiyalara görə, təşkilatın 20-yə yaxın dövləti Rusiya diplomatlarını qova bilər.
"The Times" nəşrinin yazdığına görə, Fransa, Almaniya, Polşa, İrlandiya, Hollandiya, Estoniya, Latviya, Litva, Bolqarıstan, Çexiya, Danimarka və daha doqquz ölkə bu fikirdədirlər. Onlar rusiyalı diplomatları Böyük Britaniya ilə həmrəylik nümayiş etdirmək üçün deportasiya edəcəklərini bəyan ediblər. Almaniyanın kansleri Angela Merkel də yaranmış münaqişədə Londonu haqlı bildiklərini ifadə edib.
Ekspertlər prosesin genişlənməsinin və yönümünün beynəlxalq münasibətlər sistemində ciddi problemlər meydana gətirə biləcəyini vurğulayırlar. Çünki söhbət faktiki olaraq Rusiya kimi böyük bir dövlətin diplomatik boykotundan gedir. Üstəlik, yaranmış vəziyyət böyük dövlətlərin geosiyasi liderlik uğrunda mübarizəsi ilə əlaqələndirilir. Əgər bu proqnoz doğrudursa, onda məsələ yalnız zəhərləndirilmə ilə izah oluna bilməz. Belə çıxır ki, pərdə arxasında daha ciddi faktorlar vardır.
Onların sırasında Yaxın Şərqdən Rusiyanın sıxışdırılması strategiyasının dayandığını ifadə edirlər. Belə ki, artıq Vaşinqton Suriya və İraqda Moskva-Tehran tandeminin güclənməsinə dözmək fikrində deyil. Müxtəlif səviyyələrdə söylənən fikirlər göstərir ki, Rusiya İranın regionda mövqelərinin daha da güclənməsi üçün çalışır. Digər tərəfdən, Ankaranın hərbi əməliyyatlarına etiraz etməməklə ABŞ-Türkiyə münasibətlərində problemlər yaratmağı hədəfləyib. Burada Kremlin iki əsas məqsədə çatmaq niyyətindən bəhs edilir:
Birincisi, Türkiyəni geosiyasi olaraq Qərbdən "qoparmaq", ikincisi, NATO-nun cənub cinahında boşluq yaratmaq. Bunlarla bağlı rusiyalı ekspertlər açıq danışırlar. Hətta bir sıra hallarda Moskvanın uğur qazandığından bəhs edilir. Şübhə yoxdur ki, Vaşinqton üçün Türkiyə faktoru strateji əhəmiyyət kəsb edir və bu səbəbdən baş verənlərə aktiv müdaxilə etməkdən çəkinməyəcək. Məsələn, ABŞ-ın tanınmış diplomatlarından biri "Rusiya Afrini Amerikaya yedirdə bilmədi", deyib. Yəni Kreml "Zeytun budağı" əməliyyatına etiraz etməməklə, əslində, Vaşinqton-Ankara xəttində gərginliyi artırmaq niyyəti güdüb. Bunun sübutu kimi, amerikalı diplomat Rusiyanın İdlibdə Bəşər Əsəd güclərini türk əsgərlərinin üzərinə yeritmək cəhdini misal göstərib. Lakin türklər peşəkar səviyyədə həyata keçirdikləri hərbi əməliyyatları ilə rəqiblərin heç birinə şans vermədilər. Afrin əməliyyatı isə tam sübut etdi ki, Türkiyə öz sərhədindən kənarda ciddi hərbi əməliyyat aparmaq iqtidarındadır.
"Soyuq müharibə" və silahlanma: mübarizənin güzəştsiz üzü
Qərb-Rusiya qarşıdurmasını yüksəldən digər faktor Ukrayna və Baltikyanıda tərəflərin geosiyasi mübarizəni daha da intensivləşdirməsi ilə bağlıdır. Həmin istiqamətdə total surətdə rus dili və mədəniyyətinin sıxışdırılması prosesi vüsət almaqdadır. Ukrayna və Latviya bu sahədə daha fəal görünürlər. Belə təəssürat yaranır ki, "Skripal məsələsi" də bütöv bir prosesin bir fraqmentidir. Reallıqda dünyanın böyük gücləri arasında mübarizə daha geniş və çeşidli məzmun kəsb etməyə başlayıb.
Gözlənilir ki, həmin mübarizə Mərkəzi Asiyaya da sıçrasın. Bu halda daha ziddiyyətli bir mənzərə yaranmış olar. Və həmin reallıq prizmasından Rusiyanın diplomatik izolyasiyası prosesinin təhlükəli aspektləri aydın görünəcək. Konkret desək, dünya faktiki olaraq yeni bir "soyuq müharibə"nin və silahlanma yarışının astanasındadır. Buradan kimin sağ-salamat çıxa biləcəyini indidən iddia etmək risklidir. Çox güman ki, bütövlükdə dünya yeni səviyyədə təhdidlərlə üzləşəcək. Bu müstəvidə Avropa ölkələrinin Rusiya diplomatlarını qovmaq siyasətinin bir sıra geosiyasi həssas məqamları alovlandırması üzərində düşünmək lazım gəlir.
Belə görünür ki, Qərbdə Avrasiyadakı geosiyasi proseslərin gedişatına əsas olaraq Moskvanın təsir etdiyi qənaəti vardır. Qərbin böyük dövlətləri də buna qarşı öz siyasi mövqeyini sərt şəkildə qoyurlar. Deməli, qlobal geosiyasi mübarizənin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini deyə bilərik. Bu baxımdan bundan sonra dünyanı nələrin gözlədiyi xeyli düşündürücüdür.
Rusiyanın diplomatik təcridi Aİ-Rusiya münasibətlərində bir durğunluq meydana gətirə bilər. Hələ ilin əvvəlində mütəxəssislər bu ssenarini istisna etmirdilər. Onun reallaşması Avropa və Rusiya iqtisadiyyatına ciddi zərbə vura bilər. Hər bir halda Rusiyanın siyasi-diplomatik proseslərdən kənarda saxlanmasının təsirsiz ötüşə biləcəyinə ümid etmək sadəlövhlük olardı. Moskvanın daxili problemlərin həllinə daha çox diqqət yetirəcəyi ilə bağlı verdiyi vədlərin reallaşması da yuxarıda vurğulanan şərtlər daxilində kifayət qədər problemli görünür. Yəni Rusiya məcburən xarici siyasətdəki bir sıra məqamları aktivləşdirməli olacaq. Bu isə böyük bir məkanda sosial-iqtisadi vəziyyətin ağırlaşması ehtimalını ortaya atır.
Maraqlıdır ki, Rusiya məsələsində Aİ-nin əksər dövlətləri ortaq mövqe nümayiş etdirməyə başlayıblar. Bu nə deməkdir? Aİ-də xarici siyasət daha sistemli aparılmağa başlanılıb? Bəlkə bu, keçici bir hadisədir? Bu sualların cavabları da Avropa İttifaqının taleyi baxımından maraq doğurur. Təşkilatın siyasi liderləri son vaxtlar inteqrasiyadan və siyasətdə mütəşəkkillikdən daha çox danışmağa başlayıblar. Görünür, Rusiya diplomatlarının çıxarılması faktoru da məhz əsas olaraq mövqe birliyinin nümayiş etdirilməsidir. Yəni müəyyən məsələlərdə üzv dövlətlər arasında fikir ayrılığı olsa da, prinsipial geosiyasi məqamlarda Aİ mütəşəkkillik nümayiş etdirə bilər. Hətta Böyük Britaniyanın Aİ-dən çıxması prosesi belə Londonu təşkilatın gözündə qiymətdən salmayıb.
Düşünürük ki, bu, doğru olduqda, Moskvaya əhəmiyyətli mesaj verilir. Yəni hər nə olursa-olsun, Rusiya nə NATO-nu zəiflədə, nə də Aİ-də ciddi ziddiyyətlər meydana gətirə bilər!
Buna baxmayaraq, qlobal miqyasda geosiyasi vəziyyətin daha gərgin hala gəlməkdə olduğunu inkar etmək mümkün deyildir. İki supergücün qarşıdurmasının daha da artması riskləri artırır. Yeni dünya müharibəsinin yaranması ehtimalı yox deyildir. Bəşəriyyət üçün ən təhlükəli gedişat da bundan ibarətdir. Həmin səbəbdən də diplomatik müharibənin nə dərəcədə dünyaya sərfəli olması üzərində də düşünmək gərəkdir. Bu qarşılıqlı diplomat qovma prosesinin məhdud dairələrdən başqa kimlərə xeyri vardır? Bu sualın müsbət cavabının olduğunu düşünmürük.
Newtimes.az