Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlik yanında İctimai Şuranın yeni tərkibinə seçilmiş vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşdə S.Müslümov vurğulayıb ki, dövlət idarəçiliyi sistemində ictimai iştirakçılığa və bu əsasda ictimai nəzarətin həyata keçirilməsinə şərait yaradılması prezident İlham Əliyevin dövlət qurumları qarşısında müəyyən etdiyi vəzifələr sırasındadır: “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq nazirlik yanında İctimai Şuranın yaradılması da aidiyyəti fəaliyyət sahələrində ictimai iştirakçılığın təmin olunması məqsədinə xidmət edir. Şuranın əvvəlki tərkibinin qanunvericilikdə nəzərdə tutulan fəaliyyət müddəti bitdiyi üçün onun yeni tərkibi seçilib. Şuraya seçki prosesinin obyektivlik, bərabər yanaşma, şəffaflıq prinsipləri əsasında həyata keçirilməsinə daim xüsusi diqqət yetirilir və şuranın yeni tərkibinin müəyyən olunmasında da bu prinsiplər tam təmin edilib. Yəni heç bir kənar müdaxilə olmadan, vətəndaş cəmiyyəti institutlarının öz seçimləri əsasında şuranın 15 nəfərdən ibarət yeni tərkibi formalaşıb. Nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində ayrıca “İctimai Şura” bölməsi mövcuddur ki, orada şura ilə bağlı bütün məlumatlar, o cümlədən, onun yeni tərkibi təqdim olunur”.
S.Müslümov ümumilikdə rəhbərlik etdiyi nazirliyin vətəndaş cəmiyyətləri ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini vurğulayıb. Nazir bildirib ki, dövlət qurumları ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında ilk əməkdaşlıq sənədi kimi hələ 2014-cü ilin sentyabr ayında Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb: “Sosial sifarişlər əsasında sosial xidmətlərin göstərilməsi 35 ixtisaslaşmış QHT ilə əməkdaşlıq müstəvisində yerinə yetirilir. Həmçinin, məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün 10 qeyri-dövlət qurumu nazirlikdəki müvafiq komissiya tərəfindən akkreditasiya olunub. Eyni zamanda, nazirlik yanında fəaliyyət göstərən İctimai Şurada 15 vətəndaş cəmiyyəti institutundan nümayəndələr təmsil olunur. Göründüyü kimi, Nazirlik müvafiq sahələr üzrə ixtisaslaşmış 60-a qədər vətəndaş cəmiyyəti institutu ilə əməkdaşlıq həyata keçirir”.
Son illərdə əmək və sosial müdafiə sisteminin müasir dünya təcrübəsi, eyni zamanda milli təşəbbüslər əsasında təkmilləşdirilməsi yönündə mühüm islahat tədbirlərinin həyata keçirildiyini diqqətə çatdıran nazir qarşıdakı dövrdə də bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib.
Şuranın üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai iştirakçılığın bütün formalarda öz təsdiqini tapmasından, nazirliyin vətəndaş cəmiyyətləri ilə sıx əməkdaşlığından, habelə nazirlik yanında İctimai Şuranın yeni tərkibinin seçilməsində bərabər yanaşma və şəffaflıq prinsiplərinin təmin olunmasından məmnunluqla bəhs ediblər. Onlar İctimai Şuranın öz vəzifələrini göstərilən etimada uyğun yerinə yetirəcəyini, ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatlara töhfə vermək əzmi ilə fəaliyyət göstərəcəyini vurğulayıblar.
Sonra S.Müslümov İctimai Şuranın üzvlərini nazirliyin fəaliyyət sahələri üzrə görülən işlər, həyata keçirilən islahat tədbirləri, qanunvericilik layihələri və s. ilə bağlı açıq müzakirəyə dəvət edib.
Qeyd olunan məsələlərlə bağlı rəy və təkliflərin bildirilməsi və ictimai müzakirənin aparılması ilə davam edən görüşdə İctimai Şuranın yeni tərkibinə seçilmiş vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinə üzvlük vəsiqələri təqdim olunub.
C.ABASOV