Azərbaycanda son on beş ildə həyata keçirilən iqtisadi islahatlar, xüsusilə, qeyri-neft sektorunun inkişafına yönəlmiş tədbirlər sosial-iqtisadi sahədə mühüm nailiyyətlərin əldə edilməsinə səbəb olub.
Dövlət başçısının birbaşa rəhbərliyi ilə qeyd edilən sahələrdə islahatların davam etməsi yaxın gələcəkdə daha böyük nəticələrin olacağından xəbər verir.
Prezident İlham Əliyev mütamadi regionlara səfər edir, görülmüş işlərlə yerindəcə tanış olur, müşavirələr keçirir, mövcud problemlərin aradan qaldırılması üçün tapşırıqlarını verir, regionlara əlavə vəsaitin ayrılmasını təmin edir.
Ötən illər ərzində ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı proqramlar həyata keçirilib. Xüsusilə regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olaraq regional inkişaf üzrə Dövlət Proqramlarını uğurla həyata keçirilməkdədir. Bu proqramların reallaşdırılması əhalinin məşğulluğunun və işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olub. Məhz bu proqramlar nəticəsində vətəndaşların rifahı yüksəlib, həmçinin, bölgələrin inkişafı yeni keyfiyyət mərhələsinə qədəm qoyub.
Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər beynəlxalq strukturlar tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, həmin strukturların hesabatlarında Azərbaycan reytinqdə ildən ilə irəliləyir. Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurlar və bu nəticələrin beynəlxalq strukturlar tərəfindən qiymətləndirildiyini bildirib. Dövlət başçısı deyib: “Davos Dünya İqtisadi Forumunun son hesablamalarına əsasən, Azərbaycan qlobal rəqabətqabiliyyətliliyinə görə 35-ci yeri tutur. Elə həmin Davos Forumunun inklüziv inkişaf indeksinə görə isə inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tuturuq. Bizdən irəlidə yalnız 30 inkişaf etmiş ölkə və iki inkişaf etməkdə olan ölkə var. Yəni düşünürəm ki, Davos Dünya Forumunun verdiyi bu qiymət bizim nəyə nail olduğumuzu hər şeydən yaxşı nümayiş etdirir. Biz iqtisadiyyatın yüksək dərəcədə şaxələndirilməsinə nail olmuşuq, yüz minlərlə yeni iş yeri yaradılıb, Azərbaycanda işsizlik təxminən beş faiz səviyyəsindədir. Yoxsulluğu da xeyli azalda bilmişik. Bu gün yoxsulluq göstəricisi 5,4 faiz həddindədir. Bütün bunlar bizim son illərdə həyata keçirdiyimiz və sanballı səmərə vermiş sosial-iqtisadi siyasətin nəticəsidir”.
Bu gün heç şübhəsiz ki, ölkəmizin güclənməsi, beynəlxalq aləmdə nüfuzunun artmasında onun apardığı balanslaşdırılmış xarici siyasət kursu ilə yanaşı, iqtisadi cəhətdən güclənməsi də vacib rol oynayır. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan əlverişli coğrafi mövqeyə, tranzit imkanlarına malikdir. Ölkəmizin müəllifi olduğu beynəlxalq enerji, nəqliyyat layihələri uğurla həyata keçirilməkdədir. Azərbaycan təkcə dünyada enerji təhlükəsizliyinin təminatçısı deyil, həmçinin, beynəlxalq nəqliyyat habına çevrilməkdədir.
Azərbaycan prezidenti müsahibəsində bu məqama da toxunub və vurğulayıb ki, fəaliyyətimizin başlıca istiqamətlərindən biri iqtisadi müstəqilliyin tam təmin edilməsi olub, bu, siyasi müstəqilliyin əsasıdır: “Ona görə ki, əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, onda müstəqil siyasət həyata keçirməkdə böyük çətinliklərlə üzləşə bilər və çox vaxt üzləşir. Buna görə də bu, bizim fəaliyyətimizin başlıca istiqaməti olub və bu gün Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və heç bir iqtisadi çətinliyi olmayan ölkədir. Bir neçə rəqəm göstərə bilərəm: son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, zənnimcə, bu, dünya rekordudur. Çox böyük investisiya layihələrinə baxmayaraq, bizdə xarici borcun sabitləşdirilməsi üzrə də iş aparılıb. Bu gün xarici borc ümumi daxili məhsulun təxminən 20 faizinə bərabərdir. Mən qarşıdakı illərdə bu borcun xeyli azaldılması barədə göstərişlər vermişəm. Azərbaycanın valyuta ehtiyatlarının həcmi ümumi daxili məhsulun həcminə bərabərdir. Başqa sözlə desək, biz istəsək bir neçə gün və ya bir neçə ay ərzində bütün borcları ödəyə bilərik. Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər sabitdir və bizim həyata keçirdiyimiz investisiya layihələri, əlbəttə ki, əlavə mənfəət gətirəcək. Onu da qeyd etməliyəm ki, son 15 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə qoyulub”.
Təbii ki, sosial-iqtisadi inkişaf üçün əlverişli infrastrukturun olması da vacibdir. Son 15 ildə ölkəmizdə müasir tələblərə cavab verən infrastrukturun yaradılması əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına zəmin yaradan amillərdən biridir. Prezident İlham Əliyev Azərbaycanda infrastrukturla bağlı praktiki olaraq bütün məsələlər həll edildiyini vurğulayıb: “Mənim Prezident seçildiyim ilk illərdə infrastrukturla, məktəblərin, xəstəxanaların bərbad vəziyyəti, elektrik, qaz, su təchizatının, yolların olmaması və sair məsələlərlə bağlı müraciətlər çox olurdu. Lakin bu məsələlər həll edildikcə, əlbəttə, təkliflər tamam başqa xarakter aldı. Bu gün keçdiyimiz yola nəzər salanda görürük ki, Azərbaycanda infrastrukturla bağlı praktiki olaraq bütün məsələlər həll edilib. Son 15 ildə biz 30-dan çox elektrik stansiyası istifadəyə vermişik və elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişik. Bu ilin sonuna qədər Azərbaycanda qazlaşdırmanın səviyyəsi 95 faizə çatacaq. Son illərdə biz hər il 100 min hektardan çox suvarılan torpağı istifadəyə veririk. Bu, kənd təsərrüfatının inkişafına güclü təkan verir. Bu il də daxil olmaqla son 15 ildə Azərbaycanda 15 min kilometr yol çəkilib. Bunlar əhalini narahat edən əsas amillər idi. Bundan əlavə, 1 milyon 400 min iş yeri açılıb. Mahiyyət etibarilə işsizlik göstəricisi azalaraq 5 faizə endirilib. Buna görə də müraciətlərin dinamikası və mövzuları dəyişir”.
Millət vəkili Vüsal Hüseynov bildirib ki, ötən 15 il ərzində ölkədə sosial-iqtisadi sahədə uğurlu islahatlar aparılıb: “Həmin dövrün statistik göstəricilərinə qısaca nəzər salsaq, əldə olunan nailiyyətləri əyani şəkildə görə bilərik. Valyuta ehtiyatlarımız 23 dəfə artaraq 42 milyard dollar təşkil etdi, iqtisadiyyatımızın neftdən asılılığı azaldı, qeyri-neft sektoru üzrə istehsal 2.8 dəfə artdı, Azərbaycan Cənubi Qafqazın ilk və yeganə kosmik ölkəsinə çevrildi, İKT sektorundakı gəlirlərimiz 1.6 milyard dolları ötdü, ölkəmizin 93 faizi qazlaşdırıldı, əhalinin sosial müdafiə sistemi daha da təkmilləşdirildi, 265 min məcburi köçkün yeni mənzillərlə təmin edildi. Belə sosial-iqtisadi, statistik rəqəmlərlə möhkəmləndirilmiş faktlar yüzlərlədir. Bu uğurlu göstəriciləri sadalamaqla davam etmək olar. Ancaq son 15 ilin ən mühüm nailiyyətlərindən biri və digər sahələrdə inkişaf üçün əsas zəmin yaradan ölkədə sabitlik və təhlükəsizlik şəraitinin təmin olunmasıdır. Dünyada risklərin, təhlükələrin artdığı, qanlı münaqişələrin, hərbi qarşıdurmaların geniş vüsət aldığı bir şəraitdə Azərbaycanda insanlar üçün sabitlik, təhlükəsizlik şəraiti təmin edilmişdir. Bu gün təhlükəsizlik və ictimai asayiş baxımından Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrində biridir”.
Millət vəkili əlavə edib ki, bu gün Azərbaycan Avropanın diqqət mərkəzində olan enerji layihələrinin təşəbbüsçüsü və iştirakçısı rolunda çıxış edir: “Bilavasitə ölkə başçısının təşəbbüsü ilə əsası qoyulan və hazırda tikintisi sürətlə davam etdirilən “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyində xüsusi çəkiyə sahibdir. Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərlərindən ibarət olan bu layihənin reallaşması Azərbaycanın beynəlxalq nüfuzuna, ölkəmizin qlobal enerji təhlükəsizliyinin təmin olunmasındakı yeri və roluna ciddi ölçüdə təsir göstərib. Şimaldan cənuba, qərbdən şərqə mühüm nəqliyyat dəhlizlərinin qovuşağında yerləşən Azərbaycan coğrafiyasının təmin etdiyi imkanlardan yüksək səviyyədə istifadə edir.
Nəzərə alaq ki, son 15 il ərzində Azərbaycan əhalisinin sayı 1.5 milyon nəfər artıb. Artan əhali isə adekvat iqtisadi inkişaf tələb edir. Qeyd etmək yerinə düşər ki, ötən on beş il ərzində ölkəmizdə əhalinin artım tempinə paralel olaraq, Ümumi Daxili Məhsul (ÜDM) istehsalı da üç dəfə artıb. Bu, olduqca yüksək göstəricidir. Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, Azərbaycan 2004-2016-cı illərdə ümumi daxili məhsul istehsalının artım göstəricisinə görə Çin və Qətər kimi ölkələrlə yanaşı dünyada ilk beşlikdə qərarlaşıb.
Ötən il açılışı baş tutan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu baxımdan, çox əhəmiyyətlidir. Bu dəmir yolu tarixdə ilk dəfə Şərqlə Qərbi dəmir yolları vasitəsilə birləşdirdi. Ölkəmiz, həmçinin, böyük strateji əhəmiyyəti olan və Avropa ilə Asiyanı fərqli marşrutlarla birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas fiqurlarından biri rolunda çıxış edir. Dünyanın iki böyük qitəsini Azərbaycandan keçməklə birləşdirən bu layihələr bir tərəfdən ölkəmizdə iqtisadi stabilliyin davamlı olmasını təmin edəcək, digər tərəfdən isə Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri və rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirəcəkdir”.
V. Hüseynov deyib ki, Azərbaycana yatırılan sərmayənin 93 faizi son 15 il ərzində qoyulub: “Ümumilikdə isə 2003-2018-ci illərdə ölkəmizə 231 milyard dollarlıq investisiya yatırılıb. Siyasi sabitlik və təhlükəsizliyin möhkəm olması xarici investorları Azərbaycana cəlb edən əsas amillərdir. Hesab edirəm ki, regionlarımızın sosial-iqtisadi inkişaf strategiyası prioritet məsələ kimi qalacaq. Ümumilikdə dövlətimizin inkişaf etməsi, xalqımızın daha yaxşı yaşaması üçün çoxşaxəli islahatlar kursu növbəti illərdə davam etdiriləcək”.
PƏRVANƏ