"Azərbaycanda keçiriləcək prezident seçkilərinə beynəlxalq ictimaiyyətin marağı böyükdür".
Bunu "525"ə açıqlamasından Milli Məclisin deputatı Vüsal Hüseynov deyib.
O xatırladıb ki, seçkiləri Avropa Şurası Parlament Assambleyasından 33, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasından 40, Müstəqil Dövlətlər Birliyindən 221, GUAM-dan isə baş katib də daxil olmaqla 5 nəfər izləyəcək: "Həmçinin, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, İslam Əməkdaşlıq Təşkilatı, xarici dövlətlərin parlamentariləri, beynəlxalq qeyri-hökumət təşkilatları seçkiləri müşahidə edəcək".
V.Hüseynov hesab edir ki, prezident seçkilərinə beynəlxalq marağın artması Azərbaycanın yüksək nüfuzu ilə bağlıdır: "Dövlətimiz adıçəkilən bütün təşkilatların tamhüquqlu üzvüdür və onların işində aktiv iştirak edir. Azərbaycanın regionda aşkar lider olması ilə yanaşı, geostrateji əhəmiyyəti və xüsusilə, Avropanın enerji təhlükəsizliyindəki rolu qitənin gələcəyində böyük önəm daşıyır".
Deputatın sözlərinə görə, beynəlxalq müşahidə missiyalarının açıqladıqları aralıq hesabatlardan da göründüyü kimi, Azərbaycanda seçkiqabağı təbliğat-təşviqat prosesi daxili qanunvericiliyə uyğun və beynəlxalq standartlarla cavab verəcək şəkildə keçirilir: "Beynəlxalq müşahidə misiyalarının bütün maraqlı tərəflərlə görüşü, mediaya çıxışı, seçki məntəqə və dairələrində müşahidə aparması, məhkəmə hakimiyyəti orqanları ilə görüşü və öz təkliflərini açıq səsləndirə bilmələri üçün imkanlar tam şəkildə təmin olunub".
Ceyhun ABASOV