"Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) və Türkdilli Dövlətlərin Parlament Assambleyası (TÜRKPA) Azərbaycanda keçirilən seçkiləri yaxından izləyib. Seçki prosesində hər hansı qanun pozuntusuna rast gəlinməyib".
Bunu Türk Şurasının müşahidə missiyasının rəhbəri Ömər Kocaman müşahidələrin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, seçkiləri TÜRKPA ilə birlikdə müşahidə ediblər: "Quba, Bakı və Şəmkirdə seçkiləri 15 nəfərlik qrupumuzla birgə izlədik. Qrupumuza Türkiyə, Qırğızıstan və Qazaxıstandan təcrübəli şəxslər daxildir. Azərbaycandakı seçkilər beynəlxalq standartlara və Seçki Məcəlləsinə uyğun keçirilib. Seçkilərin nəticələrinə təsir edəcək qüsurlara rast gəlinməyib. Seçkilərin ədalətli keçirilməsinin şahidi olduq. Bu seçkilərin Azərbaycan üçün xeyirli olmasını arzu edirəm".
TÜRKPA-nın baş katibi Altınbek Mamaiusupov isə 2010-cu ildən etibarən təşkilat üzvlərinin müşahidə keçirdiyini bildirib. O, Azərbaycandakı prezident seçkilərinin azad və şəffaf təşkil olunduğunu qeyd edərək deyib: "Biz seçkilərlə bağlı ilkin bəyanatımızı vermişik. Hesab edirik ki, seçkilər demokratik və ədalətli şəkildə keçirilib. İlk dəfə olaraq Türkdilli dövlətlərin nümayəndəsi olaraq seçkiləri əməkdaşlıq formatında müşahidə etdik. Azərbaycanın zəngin seçki təcrübəsinin və ənənələrinin formalaşdığını müşahidə etdik. TÜRKPA adından bizə yaradılan şəraitə görə Azərbaycan tərəfinə təşəkkür edirəm".
Missiyanın üzvü, Qazaxıstan parlamentinin deputatı Naziya Telmukhamedova Azərbaycanda keçirilən prezident seçkilərini tarixi hadisə adlandırıb. Onun sözlərinə görə, təşkilatçılıq beynəlxalq standartlara tam uyğun idi.
Türkiyə parlamentinin üzvü Haluk İpek də Azərbaycanda keçirilən seçkilərin beynəlxalq standartlara uyğun baş tutduğunu deyib. O əlavə edib ki, bu, türkdilli ölkələrin parlamentlərinin ortaq mövqeyidir.
C.ABASOV