ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl İranla imzalanmış nüvə razılaşmasından geri çəkildiyini açıqladı.
Əslində, Trampın bu qərarı gözlənilən idi, baxmayaraq ki, anlaşmanı imzalamış digər tərəflər fikrindən daşınması üçün onunla müzakirələr aparmışdılar. Tramp hələ prezident seçkisi kampaniyasında dəfələrlə bəyan etmişdir ki, bu sazişin ləğvinə çalışacaq. "Bu, mənim indiyədək gördüyüm ən pis sazişdir. Ona görə də, əgər prezident seçilsəm, bu razılaşmanı ləğv edəcəm. Bu razılığın nəticəsində İran iri neft ehtiyatlarına malik İraqa nəzarəti ələ keçirəcək".
İran rəsmiləri isə hələ onda bəyan edirdilər ki, Tramp nüvə sövdələşməsinə əməl etməsə, İran öz nüvə fəaliyyətini bərpa edəcək və rəsmi Tehran nəinki əvvəlki vəziyyətə qayıda bilər, hətta daha böyük nüvə fəaliyyətinə başlamaq iqtidarındadır.
Tramp dediyini elədi, ABŞ-ın 2015-ci ildə İran və "altılıq" ölkələri (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü - ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, Çin və Almaniya) arasında imzalanmış anlaşmadan çəkildiyini və Tehrana qarşı sanksiyaların yenidən bərpa olunacağını bildirdi. Xatırladaq ki, bu danışıqlarda Avropa İttifaqı da iştirak edib.
Üç il əvvəl əldə edilmiş razılaşmaya əsasən, İran nüvə silahı əldə etməsini dayandırır və bunun qarşılığında İrana tətbiq edilən embarqonun bir qismi götürülürdü. Bundan başqa, İran nüvə mərkəzlərini beynəlxalq müşahidəçilərə açmağı, yüksək dərəcədə zənginləşdirilmiş uranı Rusiyaya təhvil verməyi öhdəsinə götürüb. Bu günə qədər olan vəziyyətdə İran öhdəliklərinə əməl edib.
Amma Tramp hesab edir ki, əslində, nüvə razılaşması İrana uran zənginləşdirməkdə davam etməsinə imkan verir: "İndi biz İranın nüvə silahlarını inkişaf etdirməməsi ilə bağlı açıqlamasının yalan olmasına dair inandırıcı dəlillərə malikik".
ABŞ-ın Maliyyə Nazirliyi artıq sanksiyaların nə vaxt və hansı müddətdə bərpa ediləcəyi barədə açıqlama yayıb. Maliyyə Nazirliyi İranla iqtisadi əlaqələri olan ölkələrə müraciət edərək əlaqələri dayandırmağa çağırıb və yaxın 90 gün ərzində sanksiyaların yenidən qüvvəyə minəcəyini bəyan edib.
İrandan da ABŞ-a cavabı gecikməyib. Prezident Həsən Ruhani müraciətində bildirib ki, Vaşinqton problemli tərəfdaş olub və heç vaxt öz öhdəliklərinə əməl etməyib. "İran öz öhdəliklərinə hörmət edən bir ölkədir. Birləşmiş Ştatlar isə vəzifələrini yerinə yetirməyən bir ölkədir. Çox şadam ki, problemli tərəfdaş anlaşmadan ayrıldı". Onun sözlərinə görə, Tehran anlaşmaya sadiqdir və sənədi imzalamış digər 5 ölkə ilə davam edəcək.
Ruhani əlavə edib ki, əgər digər tərəfdaşlar da müqaviləyə yenidən baxmaq istərsə, o zaman Tehran da müqavilədə qalıb-qalmamaqla bağlı mövqeyinə yenidən baxacaq. Bundan əvvəl isə İran xarici işlər naziri Cavad Zərif bildirib ki, əgər müqavilə ləğv olunsa, İran nüvə fəaliyyətini davam etdirəcək.
İranın nüvə enerjisi ilə bağlı razılaşmanın digər tərəflərin mövqeyinə gəldikdə, Böyük Britaniya, Almaniya və Fransa liderləri bu sənədə sadiq olduqlarını və onun ümumi təhlükəsizliyin qorunması üçün vacib olduğunu qeyd ediblər: "Biz, birgə hərtərəfli əməliyyat planına olan bağlılığımızı vurğulayırıq. Bu saziş ümumi təhlükəsizliyimiz üçün vacibdir. Bütün tərəfləri onun tam həyata keçirilməsinə və məsuliyyətlə hərəkət etməyə çağırırıq", deyə Tereza Mey, Angela Merkel və Emmanuel Makronun birgə bəyanatında vurğulanır.
Avropa İttifaqı xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Federika Moqerini də İranla anlaşmaya sadiq olduqlarını bəyan edib. Rusiya və Türkiyə də Trampın mövqeyini pisləyib.
Millət vəkili, politoloq Rasim Musabəyov bu qərarın Azərbaycana təsirindən danışıb. O bildirib ki, ABŞ-ın tərəfdaşları Vaşinqtonun qeyri-Amerika şirkətlərinə sanksiyalarının digər dövlətlərə yayılmasının yolverilməzliyinə qarşı çox sərt bir xəbərdarlıq ediblər: "Yəni amerikan şirkətlərinə istədiyinizi qadağan edə bilərsiniz, lakin eyni qadağanı, məsələn, fransız, ingilis və ya alman şirkətlərinə tətbiq etmək yolverilməzdir. Əgər ABŞ İrana qarşı hər hansı bir dollar əməliyyatlarını qadağan edirsə, bu, avro, yen və ya yuanla da əməliyyatların qadağan ediləcəyi demək deyil. Bu, sanksiyaların ümumi olmayacağı anlamına gəlir - əvvəlki kimi. İkincisi, bizim İranla qarşılıqlı iqtisadi dövriyyəmiz yalnız İran tərəfi üçün deyil, özümüz üçün də bir o qədər əhəmiyyətli deyil. İran Azərbaycanın iqtisadi dövriyyəsində, bəlkə də 2-3 faizdən artıq təşkil etmir. Azərbaycan İranın dövriyyəsində on faiz təşkil edir. Ona görə də Trampın qərarının iqtisadi dövriyyənin azaldılması baxımından çox da təsiri gözlənilmir. Bizim əsas birgə layihəmiz Azərbaycanın maliyyələşdirdiyi Şimal-Cənub dəmir yoludur. Lakin layihəyə dair qərarlar sanksiyalardan əvvəl qəbul edilib və geriyə qüvvəsi artıq yoxdur, ikincisi isə, zərurət yaranarsa, avro ilə köçürmələr aparacağıq". Politoloqa görə, böyük problem onda yarana bilər ki, Azərbaycan İranla birgə Xəzərdə işləməyə hazırlaşır, qərb tərəfdaşları olmadan dərinliklərdə işləmək mümkün deyil: "Digər tərəfdən, ABŞ şirkətləri yataqların işlənməsində iştirak etmək istəməsə, fransız, italyan şirkətləri bunu edə bilər. Onsuz da bu məsələ uzaq gələcəyin işidir. Vəziyyətin ən təhlükəli məqamından biri məsələnin ABŞ-ın İranın hədəflərinə qarşı hava hücumlarına qədər gedib çıxa bilməsidir. Bu, böyük miqyaslı qarşıdurmalara, qaçqınlara və s. yol aça bilər. İranla sərhəddə olduğumuzu nəzərə alaraq, bu cür təhlükələr Trampın tətbiq etməyi hazırlaşdığı iqtisadi sanksiyalardan daha realdır".
Milli Məclisin deputatı Asim Mollazadə isə bildirib ki, Azərbaycan Nüvə Silahlarının Yayılmasının Qadağan olunmasına dair Hərəkata qoşulan bir ölkə kimi beynəlxalq hüququn üstünlüyünü və bütün beynəlxalq müqavilələrin həyata keçirilməsini dəstəkləyir: "İkincisi, ABŞ-ın İranla bağlı anlaşmadan çəkilməsinə gəlincə, bunun bizim ölkəmizlə heç bir əlaqəsi yoxdur. ABŞ sanksiyalar tətbiq etsə, nəzərə almaq lazımdır ki, belə sanksiyalar əvvəllər də olub və daha ağır formada. Azərbaycan bundan heç bir şəkildə əziyyət çəkməyib. Ona görə də, hesab edirəm ki, nəzərdə tutulmuş sanksiyalar Azərbaycana və ya bütün regiona ciddi təsir göstərə bilməz. Yeganə o baş verəcək ki, bu sanksiyalar nəticəsində İranın Ermənistana köməyi azalacaq, çünki İran bu gün Ermənistanın ən yaxın tərəfdaşdır. Yəni Rusiyanın Ermənistana pulsuz silahlar verməsi istisna olmaqla, başqa hər şey - elektrik və daha çox lazım olanları İran verir. Mənə elə gəlir ki, ortaya çıxan bu gərginlik İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatlara gətirib çıxara bilməyəcək. Düşünmürəm ki, yaxın gələcəkdə bu mövzuda bəzi qərarlar və hərəkətlər olacaq. Bizim üçün qalan hər hansı bir təhlükə yoxdur".
PƏRVANƏ