Taleh Eminoğlu 1992-ci ildə Bakıda doğulub. 32 saylı tam orta məktəbi bitirib.
Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərmiş Yaradıcılıq fakültəsinin məzunudur. Üç ilə yaxındır dövri mətbuatda və ədəbi saytlarda şeirləri, tərcümələri ilə çıxış edir.
Hazırda Azərbaycan Yaradıcılıq Fondunda çalışır. “Multikulturalizm” jurnalının məsul katibidir.
payız
Nərmin üçün
külək saçlarımızı dağıdıb
paltarımızdan dartıb
tıqqıldadıb pəncərəmizi
- payız gəldi - deyir
yağış ona inanmayanları qovur küçələrdən
eynəyimdəki damcılara sığan adamlar
hər göz qırpımında bir-bir
iki-iki yox olur səkilərdən
yarpaqlar yaşıllığını itirib ölür
quşlar qanadlarını götürüb
uçur məmləkətimdən
günəş saçını hörür
və
başlayır ömrümdə sənin sərçəlik dövrün
çarpayı
öncə çəkilir pərdə
gözünü yumur pəncərə
otaq tutur nəfəsini
paltarlar soyunulub
bir-bir düşdükcə yerə
yenə də yata bilmir
gözünə getmir yuxu
bu gecə də deyinir
çarpayısı qonşunun
bu son olsun, son
Cem Karacaya
Satılmasın oyuncaq dükanlarında
donuq üzlü əsgərlər
əjdaha ağızlı toplar
kəpənək qanadlı təyyarələr
kimsə evindən uzaqda
bir gün kəsiləcək ağac
quruyacaq çay üçün ölməsin
uşaqlar atalarını sınıq kuklalar kimi
əlsiz
ayaqsız görməsin
günəşlə
dənizlə
küləklə oynasın uşaqlar
biz çağırmayaq
ölüm özü gəlsin
ay altında düşüncə
bu gecə çox yorğunam
ölümü gözləyən bir halım var
göy üzündə ay da yorğun
onu bilmirəm
məni yoran zalım var
baxışlarım divarda
xəyallarım kim bilir hardadı
heç kim toxunmasın
səsləməsin
belə daha yaxşıdı
o qədər yorğunam ki
unutmuşam hamını
gözü açıq ölənlərdən fərqim
ancaq baxışlarımdı
məni yoran zalım - mənəm
sadəcə yaşamaq istədim
və əlimdə tək ümid var
həyat sükut kimidi
səs salsam pozacağımdan qorxuram
gülümsəyin
Denize, Yusufa, Hüseyne
asacaqlar bizi
bar verəcək yenə
çiçəyi heç solmayan dar ağacları
gülümsəyin
nağıllardakı üç alma kimi
sevəcək bizi
bizi asanların uşaqları
gülümsəyin
indi azadlıq
nə səmanın
nə dənizin mavisi
bir sübh çağı sıxılarkən boğazımızda kəndir
gözlərimizin “günaydın dünya” deməsi
yol
mənim evimə gələn əyri yol
kimin evindən başlayır görən
Evimin çürümüş taxta qapısı
Kimin qapısına oxşayır görən
qar
qar yağdı
qondu sərçə kimi
ağaca
səkiyə
eyvanıma
əridi
yox oldu
uşaqlığımız kimi
bir göz qırpımında
iki qapı arasında
ayaqlarım yer üzünə
əllərim göy üzünə
mismarlanıb elə bil
nə qopuram göydən
nə də yerə hopuram
çəkilmişəm tarıma
yerlə göy arasında
ayaq izim
əl izim
tanrı qapılarında
yer qapını döyürəm
göy qapını döyürəm
açan yoxdu
açan yox
nə səs gəlir
nə hənir
gizlincə də baxan yox
çiyələk
“çiyələk var
çiyələk var”
- küçə satıcısı bağırır
arxasınca bir əl arabası
qadın dodaqları aparır
alça
gözünü yumur
dişini qıcayır
üzünü yana çevirir
piştaxtada alça görən qadın
ərinin söyüşünü bədənində
yumruğunu başında
şərab qoxusunu üzündə hiss edir
çörək
yaşıl yarpağı yeyir yaşıl qurd
çörək doğrayanda barmağını kəsən
qadın kimi
sızlayır ağac - səssizcə
uşaqlar çörək gözləyir
dözmək gərək ağrıya
eynən o qadın kimi
saat
biləklərimizdən
divarlarımızdan
masalarımızdan
bizə baxır təpəgöz
o elə bir düşməndi ki
ox batmaz
qılınc kəsməz
yetməz söz
biz onun zindanında
biz onun qulu
bu zindandan
olmadı
olmur
olmayacaq çıxış yolu
ölüm belə azadlığa çıxarmır
bizdən sonra bizsizliyin
saniyəsini
dəqiqəsini
saatını
gününü
ayını
ilini
sayır doğmalar
dost görünür
dost deyirik
düşmən çıxır saatlar
körpə yuxusu
balaca Süleymana
pişiklər yatmaq üçün
yer axtarır yenə də
addım addım çəkilir
səkilərdən adamlar
ay nənələrindən
nağıl eşitmək üçün
yavaş yavaş toplanır
ətrafına ulduzlar
indi sonuncu quş da
uçur öz yuvasına
iştahla baxır tırtıl
sabah yemi olacaq
təzə yaşıl yarpağa
otlar layla söyləyir
dağlarsa keşiyində
yorğun torpaq da yatır
yer adlı beşiyində
kabus
evinizin qapısını bağlasanız da
örtsəniz də pəncərəni
pərdəni çəksəniz də
yandırsanız da gecə lampasını
uşaqlar müharibəni yuxuda görür
onlar alınlarında ana öpüşü
üzlərində ata nəfəsi
qucaqlarında oyuncaq
şirin yuxuda ölür
Taleh EMİNOĞLU