Vətəndaş cəmiyyətinin mühüm elementi kimi həmkarlar təşkilatları müxtəlif subyektlər arasında əmək, iqtisadi, sosial və digər münasibətlərin dinc və anlaşılan şəkildə formalaşması və həll edilməsi nöqteyi-nəzərdən əhəmiyyətli təsir imkanlarına malikdirlər. Bu, hər şeydən əvvəl həmkarlar ittifaqlarının malik olduqları hüquqlarının məzmunundan görünür. Qanunla həmkarlar ittifaqları aşağıdakı hüquqlara malikdirlər: əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında iştirak edə bilər; öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər; səlahiyyətlərinə uyğun işçilərin sosial və iqtisadi müdafiəsi, həyat səviyyəsinin əsas meyarları, qiymət əmsallarının dəyişməsindən asılı olaraq kompensasiyaların məbləğlərinin müəyyən edilməsi üzrə plan və proqramların hazırlanmasında, qanunvericiliklə müəyyən edilmiş dolanacaq minimumunun gözlənilməsinə, qiymətlərin artımından asılı olaraq əmək haqqının, pensiyaların, təqaüdlərin, müavinətlərin miqdarının vaxtında artırılmasına nəzarət edilməsində iştirak edirlər; öz səlahiyyətləri daxilində qanunvericilikdə nəzərdə tutulan qaydada məşğulluğun vəziyyətinə, məşğulluq sahəsində təminatlar haqqında qanunvericiliyə əməl olunmasına nəzarət edirlər; işəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var; dövlət orqanları və digər təşkilatlarla öz səlahiyyətləri daxilində iqtisadi, sosial və mədəni inkişaf məsələləri üzrə kollektiv danışıqlar aparır və kollektiv sazişlər bağlayırlar... Həmkarlar ittifaqları kollektiv müqavilələrin və kollektiv sazişlərin yerinə yetirilməsinə öz səlahiyyətləri daxilində qanunvericiliyə uyğun olaraq nəzarət edirlər; öz üzvləri ilə işəgötürən arasındakı fərdi əmək mübahisələrini səlahiyyətləri dairəsində həll edir, kollektiv əmək mübahisələrinə (münaqişələrə) baxılmasında iştirak edirlər; qüvvədə olan qanunvericiliyə uyğun olaraq və nizamnamə məqsəd və vəzifələrini həyata keçirmək məqsədilə həmkarlar ittifaqları tətillər, mitinqlər, küçə yürüşləri, nümayişlər və başqa kütləvi tədbirlər təşkil edib keçirə bilərlər. Həmkarlar təşkilatları tarixən işçilərin hüquqlarının qorunması, sosial problemlərin həll edilməsi və digər funksiyaların həyata keçirilməsində kifayət qədər güclü təsirə malik olublar. İndi də demokratik dövlətlərdə həmkarlar təşkilatları güclü nüfuza və təsirə malikdirlər. Azərbaycanda isə cəmiyyətin inkişafı üçün bu institutun gücləndirilməsinə ciddi zərurət var.
Dini birliklər adından göründüyü kimi, insanların daha çox dini, mənəvi ehtiyaclarının ödənilməsi üçün bir araya gəlməsinə imkan verən birlik formasıdır. Hüquqi cəhətdən vətəndaşlar müxtəlif dini birlik formalarında birləşə bilərlər. Belə ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsində dini qurumların dairəsinə dini icmalar, idarə və mərkəzlər, dini qardaşlıqlar, dini tədris müəssisələri və onların birlikləri aid edilir. Dini qurumlar yetkinlik yaşına çatmış şəxslərin dini etiqad azadlığı hüququnun birgə həyata keçirilməsi, həmçinin dini etiqadı və dini yaymaq üçün yaradılmış könüllü təşkilatlardır. Baxmayaraq ki, qanunvericilik birləşmək üçün müxtəlif formalar təqdim edir, lakin praktikada vətəndaşların daha çox dini icma şəklində birləşməyə üstünlük verdikləri müşahidə edilir. Qanuna əsasən, dini icma dinə birlikdə ibadət və digər dini tələbatı ödəmək məqsədilə könüllülük əsasında birləşmiş dindar şəxslərin yerli dini qurumudur. Hazırda respublikamızda 500-dən artıq qeydiyyatda olan, ümumilikdə isə 800-dən artıq dini icmanın olması bildirilir. Dini icma kimi isə daha çox məscidlər çıxış edir. Baxmayaraq ki, ölkəmiz dünyəvi dövlət hesab edilir və din dövlətdən ayrıdır, lakin digər birliklər kimi dini birliklər də ölkə həyatında aktiv iştirak etmək və cəmiyyətin müxtəlif ehtiyaclarının ödənilməsinə öz töhfələrini vermək imkanlarına malikdirlər. Qanunun 5-ci maddəsində deyilir ki, dini qurumlar ictimai həyatda iştirak etmək, habelə ictimai birliklərlə yanaşı, kütləvi məlumat vasitələrindən istifadə etmək hüququna malikdirlər. Lakin dini qurumlara siyasi partiyaların fəaliyyətində iştirak etmək və onlara maliyyə yardımı göstərmək qadağan edilir. Dini birliklərin əsas fəaliyyətini xeyriyyə və mədəni-maarif xarakterli fəaliyyətlər təşkil edir. Bu fəaliyyəti isə həm müstəqil, həm də ictimai fondlar vasitəsi ilə həyata keçirirlər. Dini birliklər müstəqil şəkildə qanunvericiliyə və öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq surətdə hüquqi şəxs statuslu nəşriyyat, poliqrafiya, istehsal, bərpa-tikinti müəssisələri, yetimxanalar, internatlar, xəstəxanalar və sair təsis edə bilərlər.
Vətəndaş cəmiyyəti institutlarının başlıca və aparıcı qüvvəsi olan QHT-lər ölkənin ictimai-siyasi həyatında iştirak etmək, öz fərdi və kollektiv məqsəd, istək və arzularını daha sərbəst şəkildə ifadə etmək və cəmiyyətin inkişafına töhfələrini vermək nöqteyi-nəzərdən digər vətəndaş birlikləri ilə müqayisədə vətəndaşlara daha geniş imkanlar verir. Dünyanın bir çox ölkələrində QHT-lər vətəndaş cəmiyyətinin vacib elementi, ölkənin inkişaf prosesində vacib qurumlardan biri hesab edilir. Qeyri-hökumət təşkilatları müasir dövrdə özünü demokratik proseslərin inkişafının səmərəli iştirakçısı kimi göstərir. Bu təşkilatlar şəffaflıq, effektivlik, açıqlıq, hesabatlılıq kimi yaxşı idarəetmə mexanizmlərinin işləkliyini təmin etməkdə günbəgün öz əhəmiyyətini artırır. Onlar cəmiyyətdə vətəndaş fəallığının artmasına yardım edir, dövlət və yerli hakimiyyət orqanlarında qərarların qəbul olunması prosesinə qeyri-siyasi vasitələrlə təsir edirlər. QHT-lər vətəndaş təşəbbüskarlığını inkişaf etdirir və problemlərin həllinə kömək edir. İdarəetmənin yaxşılaşdırılması üçün QHT-lər əsas etibarilə 3 funksiya yerinə yetirirlər: siyasət və strategiyaların hazırlanmasında iştirak funksiyası: dövlət idarəetməsi prosesində boşluqların doldurulması, iqtisadi və sosial rifaha dəstək üçün inkişaf strategiyalarının hazırlanması, ictimai siyasətlərin təhlili; ictimai nəzarət və yaxud ictimai maraqların müdafiəsi (vəkillik) funksiyası: dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin və dövlət proqramlarının monitorinqinin aparılması, dövlət orqanlarında şəffaflığın artırılması, qanun pozuntusu və sui-istifadə hallarına ictimai diqqətin cəlb edilməsi və s. Sosial xidmətlər funksiyası: vətəndaşların maarifləndirilməsi və onların bilik, bacarıq və məsuliyyətlərinin artırılması, vətəndaşların qərarvermədə iştirak üçün səfərbər edilməsi, demokratik təsisatların möhkəmlənməsi, dövlətlə vətəndaşlar arasında dialoqun yaradılması yolu ilə sosial kapitalın yaradılması. Ayrı-ayrı ölkələr iqtisadi, sosial və siyasi inkişaf vəziyyətindən, o cümlədən xalqın adət-ənənəsi və mentalitetindən asılı olaraq demokratik dövlət quruculuğunu müxtəlif yollarla keçirlər. Bu gün bir çoxları belə hesab edirlər ki, sosial rifahın və ədalətin bərqərar olmasının az-çox təminatçısı demokratiya, onun praktik təcəssümü isə vətəndaş cəmiyyətidir. Ötən əsrin 90-cı illərinin demokratikləşmə dalğası və yoxsulluğun azaldılması çağırışları inkişaf etməkdə olan ölkələrdə vətəndaş cəmiyyəti ideyasına marağı daha da artırdı və QHT-lər üçün yeni fəaliyyət imkanları və vəzifələr müəyyən etdi.
AQİL