|
|
|
|
“Azərbaycan Ermənistan Silahlı Qüvvələrinə aid hərbi helikopteri vurmaqla həmsədrlər qarşısında üzərinə götürdüyü heç bir öhdəliyi pozmayıb”.
“Media forum” saytının məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.
Hikmət Hacıyevin sözlərinə görə, 2012-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin ATƏT-in Minsk qrupunun həmsədrlərinə göndərdiyi məktubda da bildirilmişdi ki, Azərbaycanın hava məkanında Ermənistana aid hərbi təyyarə və ya digər vasitələr qeydə alındıqda dərhal vurulacaq:
“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın bütövlüyü çərçivəsində həll edilməsi əsasında vasitəçiliyi Minsk qrupuna həvalə edib, danışıqlarda da məhz bu prinsipləri əsas tutaraq iştirak edir.
Xarici İşlər Nazirliyinin 12 noyabr açıqlamasında da qeyd edilmişdi ki, Fransua Oland tərəflərə böyük sülh sazişi üzərində işə başlamaq çağırışı etmişdi. Azərbaycan da bildirmişdi ki, böyük sülh sazişinə başlamağa hazırdır. Lakin Ermənistan münaqişənin həlli prosesinə mane olur.
Biz məsələnin sülh yolu ilə həllinə tərəfdarıq, lakin qarşı tərəfdən bu istiqamətdə heç bir səy görmürük. Azərbaycan işğal bölgəsində öz hava məkanını 1993-cü ildən bağlı elan edib. Bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının da xəbəri var. Biz mövqeyimizi əsaslı şəkildə izah etmişik, 12 noyabr tarixli bəyanatımızı ölkəmizdəki beynəlxalq təşkilatlara, nümayəndəliklərə də göndərmişik”.