|
|
|
|
Mayın 21-də Azərbaycan Travmatoloq və Ortopedlərinin Assosiasiyasının (AzTOA) 8-ci ümumi konfransı keçirilib. Builki konfransın mövzusu "Dayaq-hərəkət sistemlərinin xəsarətləri və xəstəliklərinin müasir standartlarla müalicəsi" olub.
Tədbiri gişir sözü ilə açan Assosiasiyanın prezidenti, tibb elmləri doktoru Yaşar Cəlilov təşkilatın yaranması və fəaliyyətindən danışaraq qeyd edib ki, AzTOA 2004-cü ildə təsis olunub, Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçərək, 12 ildən bəri İctimai Birlik kimi fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, təşkilatın İdarə heyətinin 9, ümumilikdə isə 75 nəfər üzvü var.
Y.Cəlilov Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə bütün sahələr üzrə apardığı siyasəti, beynəlxalq aləmdə dövlətimizin nüfuzunun yüksəldilməsi yönündə həyata keçirdiyi tədbirləri dəstəklədiklərini, bu istiqamətdə əməli fəaliyyətə hazır olduqlarını bildirib: "Biz Dağlıq Qarabağ münaqişəsinin həllində həm ölkə vətəndaşı, həm də tibb mütəxəssisi kimi öz dəstəyimizi göstərməyə hazırıq. Assosiasiyanın üzvləri olaraq hərbi vəziyyət zamanı ölkəmizin bir nömrəli probleminin həllində həkim kimi üzərimizə düşən vəzifəni həyata keçirməyi özümüzə borc bilirik". Qeyd edək ki, bununla bağlı AzTOA-nın ölkə prezidentinə ünvanlanan müraciəti toplantı iştirakçıları tərəfindən yekdilliklə qəbul olunub.
Konfransın birinci hissəsinin moderatorluğunu professor Məcid Məsimov yerinə yetirib.
Tədbirin ilk hissəsində AzTOA sədri Y.Cəlilov "Bel ağrısı sindromu: Diaqnostika və müasir müalicə prinsipləri", professor Mirzə Yusifov "Bud sümüyünün yuxarı 1/3-nin xoşxassəli şiş və displaziyalarının cərrahi müalicəsi", professor Eldar Abbasov "Displastik koksartrozlarda endoprotezləşdirmənin xüsusiyyətləri", tibb xidməti polkovniki Əbülfət Həmidov "Ətrafların odlu silah yaralanmaları zamanı təxliyə mərhələlərində müasir tibbi yardımın təşkili" və professor Çərkəz Cəfərov "Döş qəfəsinin küt zədələnmələri, diaqnostika və müalicəsinin müasir kriteriyaları", eləcə də digər mütəxəssislər tərəfindən fərqli mövzularda təqdimatlar keçirilib.
Konfransın ikinci hissəsinin moderatoru professor E.Abbasov olub. Tibb üzrə fəlsəfə doktoru Ayaz Hümbətov "Bud sümüyünün boynunun sınıqlarının müalicəsində müasir yanaşma", tibb elmləri doktoru İlqar Qasımov "Total diz artroplastikası: turniketli və turniketsiz", tibb üzrə fəlsəfə doktoru Şahin Əkpərov "Aşıq-baldır oynağının travmalarının fəsadlarının cərrahi müalicəsinin xüsusiyyətləri" və başqa mütəxəssislərin təqdimatları dinlənilib.
Sonda çıxışlar ətrafında müzakirələr aparılıb.
Assosiasiyanın ümumi fəaliyyəti, qarşıya qoyulan hədəflər barədə "525"ə açıqlama verən AzTOA sədri Y.Cəlilov deyib ki, rəhbərlik etdiyi təşkilat ölkədə fəaliyyət göstərən travmatoloq və ortopedləri bir araya gətirir: "Artıq Assosiasiyanın 8-ci ümumi konfransı öz işini başa vurub. Bundan əlavə, təşkilatımız daimi olaraq treninq tipli tədbirlər, seminarlar təşkil edir. Məqsədimiz Azərbaycan dövlətinin, ölkə başçısının və Səhiyyə Nazirliyinin təbabətin yüksəldilməsi sahəsində apardığı işlərə öz töhfəmizi vermək, mütəxəssislərin ixtisas səviyyəsinin artırılmasına əlimizdən gələn dəstəyi göstərməkdir. Bu baxımdan, keçirdiyimiz konfranslarda Azərbaycan travmatoloqlarına həm bu haqda, həm də ortopediya sahəsi üzrə dünyada baş verən yeniliklər haqqında məlumat veririk. Onların ən yeni müalicə üsulları ilə tanışlığını təşkil edir və ən yeni tibbi vasitələrdən istifadəsinə şərait yaradırıq ki, həkimlərimiz paytaxt Bakı və bölgələrdə xalqımıza klinikalarda lazımi tibbi xidmət göstərə bilsinlər".
Budəfəki konfransa əcnəbi mütəxəssisləri dəvət etmədiklərini deyən Y.Cəlilov bildirib ki, travmatologiya və ortopedia sahələri üzrə yerli mütəxəssislər - professor və dosentlərin bir-birindən maraqlı və əhəmiyyətli təqdimatları olduğu üçün onlara çıxış üçün geniş imkan yaratmağı qərara alıblar: "Bundan öncəki konfranslarımızda isə Türkiyə, Rusiya, Gürcüstan, İran, Almaniya və digər dövlətlərdən bir çox mütəxəssislər dəvət edilərək onların təqdimatları vasitəsilə tibb sahəsində dünya təcrübəsində əldə olunan yeniliklər yerli mütəxəssislərin diqqətinə çatdırılıb, fikir və təcrübə mübadiləsi aparılıb".
AzTOA sədri vurğulayıb ki, Assosiasiyanın növbəti konfranslarında da xarici dövlətlərin aparıcı ortoped və travmatoloqlarını ölkəmizə dəvət edərək, ən yeni üsullarla həyata keçirilən bərpa və müalicələr barədə yerli mütəxəssislərin məlumatlandırılmasına şərait yaradacaqlar.
Ceyhun ABASOV