Dubay hökuməti bazar gününü - fevralın 5-ni “avtomobilsiz gün” elan edib. Bu gün avtomobilindən imtina edən hər sürücü xeyriyyəçiliyə vəsait köçürülməsinə yardımçı olacaq.
AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, Dubay bələdiyyəsi zərərli maddələrin ətraf mühitə atılması səviyyəsini azaltmaq məqsədi ilə həmin gün əhalini avtomobildən imtina etməyə çağırıb. Bununla yanaşı, bələdiyyə aksiyada iştirak edən sürücülərin sayına uyğun olaraq xeyriyyəçiliyə və ağac əkilməsinə müvafiq vəsait ayıracaq.
Təşəbbüs ilk növbədə hökumət müəssisələrinin işçilərinə aiddir. Həmin gün bələdiyyələrin və aksiyaya qoşulan digər müəssisələrin avtomobil dayanacaqları bağlanacaq.
Dubay əhalisinə də bazar günü avtomobildən istifadə etməmək tövsiyə olunur. Aksiyaya qoşulmaq istəyənlər bələdiyyənin saytında qeydiyyatdan keçə bilərlər.