Bayram İsgəndərli
Bura necə yer-yurd idi?! Bunu heç cür başa düşə bilmirdi. Çünki hər yan qaranlıq idi. Və bu qaranlıqda heç nə görünmürdü. Amma hiss edirdi ki, ətrafda hərəkət var. Danışırlar, gülürlər, kimsə kimin üstünə qışqırır, o biri də dözməyib onun cavabını verir... İşıqlı yerdə olduğu kimi, burada da adi bir həyat vardı.. Lakin o, bu həyatdan kənarda idi, onunla yaşamırdı. Bu həyat qaranlıq bir pərdə ilə ondan ayrılmışdı.
Ətrafa boylandı. Kimisə görmək ,onunla danışmaq, ünsiyyət yaratmaq istədi.
–Ey, burda kim var?- deyə səsləndi.
Kiminsə ayaq səsləri eşidildi. O ayaq səsləri yavaş-yavaş ona tərəf gəldi, düz onun bərabərinə çatıb dayandı:
–Sənə kim lazımdır və burada neyləyirsən?
Sual ona çox qəribə göründü və birdən-birə o suala cavab verə bilmədi,başladı kəkələməyə:
–Mə,mə, mə-nə heç kim lazım deyil. Və doğrudan mən burda neyləyirəm?
–Bunu sən bilmirsənsə mən haradan bilim?- Üzünü görmədiyi adam ondan soruşdu.-Yaxşı, de görüm sən haradan gəlmisən,işin,peşən nədir?
–Mən,mən...- Yenə kəkələməyə başladı.Gəldiyi yeri, peşəsini xatırlamağa çalışdı. Nə illah elədisə yadına düşmədi.Üzünü görmədiyi adam onun köməyinə çatdı.-Heç narahat olma, bu şəhərə gələndə hamımız sənin kimi olmuşuq. Əvvəl qaranlıqda heç nə görməmişik. Sonra qaranlığa alışmışıq... İşıqlı yerdə necə görürdüksə indi eləcə görürük. Bir qədər döz, sən də bizim kimi olacaqsan.
– Qardaş,de görüm bura haradı? Niyə bura qaranlıqdı? Bir də ki, mən bura yaşamaq üçün gəlməmişəm. Niyə gəldiyimi də bilmirəm.
–Hamımız bura gələndə sənin kimi deyirdik.Amma bir müddətdən sonra bura elə alışdıq ki, indi heç yerə getmək istəmirik. Bu tabut şəhəri bizim üçü dünyanın ən yaxşı yeridi.Öldürsələr də buradan gedən deyilik.
– Tabut şəhəri?-Qorxa-qorxa dilləndi.-Tabut şəhəri?
–Hə, bura Tabut şəhəridir. Burada yaşayan adamlar elə burada da ölürlər. Bax elə burada , bu şəhərdə. Harada öldü, orada da basdırırlar. Daha tabut-zad lazım olmur onları aparmağa...
–Deməli, mən də burda qalmalıyam,elə burdaca ölməliyəm,hə? Yox,yox! Mənə göstərdiyiniz mərhəmətə görə sağ olun.Necə olur olsun mən burdan- bu Tabut şəhərindən çıxmalıyam.
–Biz də əvvəl sənin kimi deyirdik. Amma sonra yavaş-yavaş bu yerin qanun-qaydalarına alışdıq. Bir də ki, alışmayıb neyləyəcəkdik? Çarəsiz idik , bu yerdən çıxmaq heç cür mümkün deyil. Bax görürsən o dağları ? Buranı üzük qaşı kimi əhatəyə alıblar ,qala divarlarını aşmaq olar,amma o dağları aşmaq olmaz. Heç quşlar da o dağları uçub keçə bilmirlər. İndi sən o dağları görmürsən. Bir azdan gözün qaranlığa alışacaq və sən o dağları görəcəksən. Onda dediklərimin yalan olmadığına inanacaqsan...
Heç o bir azı da gözləmək lazım gəlmədi. Ətrafı görməyə başladı. Doğrudan da dağlar şəhəri üzük qaşı kimi əhatəyə almışdı. Bu dağların haça olanı da vardı, şiş zirvəsi olanı da. Və bu dağlar ona adi dağlar kimi gəldi,ürəyindəki qorxu silinib getdi. İçərisindəki evlərə nəzər saldı, adi evlər idi, əsasən beş mərtəbədən ibarət idilər Amma evlərin arasına baxanda onu vahimə basdı.Küçələrin kənarlarında, xiyabanlarda addımbaşı qəbir vardı. Maraqlı orası idi ki, bu qəbirlər sıra ilə düzülmüşdü, hamısına da eyni başdaşı qoyulmuşdu. O qəbirlərin arasından adamlar rahatca keçib gedirdilər, heç nəyə əhəmiyyət vermirdilər.
Bu şəhərin qəribəliyindən biri də o idi ki, adamlar kimi maşınlar da qaranlıqda ora-bura şütüyürdü... Fənərləri olsa da yandırmırdılar. O fənərlər eynilə çıxarılmış göz yerlərinə oxşayırdılar.
Və nədənsə bu Tabut şəhərdə heç olmasa bir zərrə işıq görmək istədi. Qəribə olsa da o saat dağların üstündə bir işıq zolağı göründü. Bu işıq zolağı dağların başından o tərəfə uzanıb getdi. Deməli, o işıq zolağından o tərəfə həmişə xəyalında yaşatdığı ağappaq işıq içində üzən bir dünya var. O quş kimi qanad çalıb işıq zolağına yaxınlaşdı. Hə, indicə bu işıq zolağının üstündən uçub keçəcək, o ağappaq işığa bələnmiş dünyaya düşəcəkdir...
–A kişi, bu qədər yatmaq olar ? Dur, məhəllənin yuxarı başında molla əzan verir, kimsə rəhmətə gedib. Bir ora baş çək,bir azdan mən də ora gələrəm. –Arvadı onu yuxudan oyatdı.
...Qəbirlər cərgə ilə düzülmüşdü. Və həmin cərgə ilə düzülən qəbirlərin yanında təzəcə qazılmış qəbrin yanında yerə qoyulmuş tabutun baş tərəfində molla “Yasin” surəsini oxuyurdu. Hamı diqqət kəsilib onun dediyi kəlmələrə qulaq asırdı. O bu kəlmələrə qulaq asa-asa sıra ilə düzülən qəbirlərə diqqətlə baxdı.Və birdən səhərə yaxın yuxuda gördüyü qəbirlər gəlib gözünün qarşısında dayandı.
Onu heyrət bürüdü. Çünki bu qəbirlər yuxuda gördüyü qəbirlərin eyni idi. Başını qaldırıb ətrafa baxdı. Dağlar da yuxuda gördüyü dağlar idi. Haça olanları da vardı,şiş uclu olanları da... Onların üstündə işıq zolağı görmək istədi. O işıq zolağını ki, dağların bu başından başlayıb o biri tərəfə-ağappaq işığa bələnmiş dünyaya uzanıb gedirdi. Birdən yuxuda gördüyü işıq zolağı o dağların başında göründü. Heyrət içində donub qaldı. Bu vaxt molla yasini oxuyub qurtardı və dedi:
–Cənazəni qəbrə endirin.
Camaat hərəkətə gəldi. O da işıq zolağının cazibəsindən ayrılıb adamlara qoşuldu. Cənazənin tabutdan götürülməsinə kömək elədi. Cənazə ehmalca qəbrə qoyuldu.
...Mərhum torpağa tapşırıldı və camaat qəbiristanlıqdan çıxmağa başladı. Bu vaxt o özündən asılı olmadan yenə ətrafdakı dağlara baxdı. İşıq zolağı bir qədər əvvəlki kimi dağların başında idi. Dağların bu başından o biri tərəfə uzanıb gedirdi...
Nədənsə ondan başqa heç kim dağların başındakı o işıq zolağına fikir vermədi...