|
|
|
|
Bu gün “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi 20 iyun- Ümumdünya Qaçqınlar Günü ilə bağlı paytaxtda məcburi köçkünlərin məskunlaşdığı bir sıra rayonlarında tədbirlər keçirib. İctimai Birlikdən verilən məlumata görə, tədbirlərin məqsədi Sabunçu rayonu, Pirşağı qəsəbəsində, Xəzər rayonu, Mərdəkan qəsəbəsində, Pirallahı rayonunda və Binəqədi rayonunda məskunlaşmış, ailə başçısı şəhid olmuş, itkin düşmüş, əsir götürülmüş, əsir və girovluqdan azad edilmiş, əlil, işləmək qabiliyyəti olmayan aztəminatlı qaçqın və məcburi köçkünləri yad etmək, onlara təsəlli vermək, mənəvi dəstək olmaqdır.
Tədbirdə çıxış edən “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova bildirib ki, 4 dekabr 2000-ci ildə BMT Baş Assambleyası iyunun 20-nin Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilməsinə dair qətnamə qəbul edib: “BMT-nin verdiyi məlumata görə, hazırda dünyada 15,4 milyon insan qaçqın həyatı yaşayır və müxtəlif səbəblərdən onların sayı artmaqda davam edir. Təsadüfi deyil ki, Ümumdünya Qaçqınlar Günü Azərbaycanda da hər il qeyd edilir. Azərbaycan xalqı bir əsrdə dörd dəfə əsassız olaraq ermənilər tərəfindən soyqırıma məruz qalıb, tarixi torpaqlarına təcavüz edilib, nəticədə minlərlə soydaşımız qaçqına çevrilib. Sonuncu dəfə, 25 il bundan əvvəl 300 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, Azərbaycana pənah gətirib. 700 minə yaxın soydaşımız isə Dağlıq Qarabağdan və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi 7 rayondan didərgin salınaraq ölkənin 62 şəhər və rayonunda, 1600-dan çox sıx məskunlaşma obyeklərində məcburi köçkün həyatı yaşamağa məhkum olunublar”.
Esmira Orucova qeyd edib ki, ölkəmizdəki qaçqınların təxminən 50 mini Fərqanə hadisələri vaxtı Orta Asiyadan gələn Ahıska türkləri, 11 minə yaxını isə sığınacaq axtaranlardır.
Qeyd edək ki, tədbirlərə dəstək verən “Azərsun Holdinq” yuxarıda adı çəkilən ərazilərdə məskunlaşmış 250 aztəminatlı qaçqın və məcburi köçkün ailəsinə ərzaq yardımı edib, onları sevindirib.