
Sevgi qapını döymədən, icazə istəmədən gəlir və bütün həyatını, beynini, qəlbini zəbt edir, varlığına hakim kəsilir. İlk qığılcımın səbəbini, birinci işarəni müəyyənləşdirmək çətindi. Psixoloqlardan, alimlərdən “təcrübəli aşiq”lərə kimi çoxlarını düşündürür bu sual... Necə oldu, nədən, nəyinə vuruldun, bilmirsən. İzaha gəlməyən hadisədi sevgi. Burda məntiq axtarmaq səhvdi...
Bəs eşq qəlbdə yaranır, ya beyində? Məncə, hər ikisində. Bəlkə də ilk qığılcım ürəyə düşür, sonra bütün beyninə, hüceyrələrinə, qanına, canına hopur. Əvvəlcə hisslər bir-birinə qarışır. Amma zamanla hər duyğu, hər düşüncə öz yerini alır. Ürək – hissin, beyin – fikrin beşiyinə çevrilir. İnsanın qəlbi sevgiyə işləyir, beyni isə onun məhvinə... Beyin təhlil edir, şübhələnir, bədbinliyə qapılır, səhv axtarır, fikir yürüdür, münasibət çürüdür, haldan-hala düşür...
Maraqlıdı ki, dildə də hisslərin və fikirlərin məskənini ifadə edən sözlər çoxdu: “Ürəyim səni istəyir”, “Ürəyim darıxdı”, “Ürəyimi sənə vermişəm”, “Ürəyimi almısan”, “Ürəyim sındı” və başqa belə ifadələr məhz duyğuları – sevgini, ağrını təcəssüm etdirir. Amma insanı, onun beynini də, ürəyini də tam, açıq, dürüst ifadə edən, göstərən gözlərdi.
...Məhz gözlər! Bəlkə də ağılla qəlbin görüş yeridi gözlər... Fikir, düşüncə, hiss, duyğu süzülərək gözlərə yığılır, orda üzə çıxır. Dili idarə edə, sözü gizlədə bilirsən, gözləri isə “ələ almaq” olmur. Vurulmusan, kövrəlmisən, fikir edirsən, qorxursan, sevinirsən, darıxırsan, düşünürsən... hamısı gözlərindədi. Göz təkcə qəlbin yox, beynin də aynasıdı. Ona görə nəyisə gizlədən adam haqda “gözünü qaçırtdı”, həqiqəti bilmək istəyəndə isə “gözümün içinə bax” deyilir. Ədəbiyyatın, daha doğrusu şeiriyyatın əsas mövzularından biridi gözlər. Lirik qəhrəmanın gözləri xüsusi vəsf olunmasa, şeir, poema yarımçıq görünər. Maraqlıdı ki, bəzən gözlər şeytanın, bəzən də mələklərin “silahı” kimi təsvir olunur. Yoldan çıxarırsa, şeytandı, xoşbəxt edirsə, mələk. Hərdən də hər ikisidi... Və bu mənada məncə gözlərin təsviriylə təkcə qadının xarici görünüşü deyil, həm də xarakteri çatdırılır. Bu səpgili əsərlərə aid saysız-hesabsız misallar gətirmək olar.
XX əsrin əvvəllərində yazıb-yaratmış türk şairi Rza Tofiq Bölükbaşının “Gözlərin” şeiri də qadın gözəlliyini, gözlərini, baxışlarını təsvir etməsi baxımından maraqlıdı. Amma bu şeirin əsas özəlliyi zahirən sadəcə gözlərə aid fikirlərdə, təsvirlərdə qadının xarakteri ilə yanaşı, həm də hansısa bir hadisənin görünməsi, nəzərə çarpmasıdı. Adama birdən elə gəlir ki, Rza Tofiqdən ötrü gözlər sadəcə bəhanədi, vasitədi. Əlbəttə, şeirdə aşiqin sevdiyi xanımın gözlərinə məftunluğuna heç bir şübhə yoxdu. Amma şairin gözlərdən danışa-danışa başqa gileylərini, arzularını dilə gətirməsi, bir növ fürsət bilib deməsi də açıq hiss olunur.
İlk öncə qadının xarakteri... Elə ilk misralardan aydın olur ki, bu, qəliz xasiyyətli xanımdı. Sevdiyinin hallarını müşahidə edib nəticə çıxarır, hər sözə inanmır, bəzən heç nədən şübhələnir, suallarıyla çaşdırır, amma həm də ümid verib xoşbəxt eləyə bilir. Və aşiqin bu hökmlü qadın qarşısındakı həyəcanı, təlaşı, yeniyetmə əsməcələri də aydın görünür. Amma bunların hamısından daha çox sevgisi, ilahi, qeyri-adi hissləri duyulur. Şair Pəri-peykər, yəni pəriüzlü qadının xarakterinin ayrı-ayrı cizgilərini müxtəlif yollarla ifadə edir. Hökmünü – “Məni xülyalara salan gözlərin”, “Hüzurunda bəzən mənliyim ərir”, sirrini – “Füzunu hüsnünün bütün əsrarı” (əsrar – sirr, gizlin deməkdi. Yəni qadının bütün ofsunu, sehri onun hüsnünün sirli olmasındadı), gözəlliyini – “Nəşr edər aləmə rəngi baharı, koyu (tünd) bənövşəyə çalan gözlərin... Qadın gözlərinin cazibəsinin belə zərif ifadəsi insanı çox təsirləndirir. Rza Tofiq xanımın gözlərini aləmə rəng gətirən, tünd bənövşəyi təsvir etməklə ən incə baxışlarını, yanaşmasını ortaya qoymuş olur.
... Şeirin ifadə etdiyi əsas fikir isə sonda açılır. Aşiqin bütün bu təlaşına, narahatlığına səbəb qadının onun sevgisinə inanmamasıdı. “Mənə eşq elindən əfsanə söylər eşqə inanmayan yalan gözlərin...” Amma məncə, təlaşa heç əsas da yoxdu. Çünki ürəyində məhəbbət, beynində sevdiyinə aid düşüncələr gəzdirməyən xanımın gözləri eşqdən əfsanə söyləməzdi, axı... İnamsızlığı isə sınaqdı sadəcə! Elə sınağa da gözləriylə çəkir bu Yalan gözlü xanım!
Rza Tofiq Bölükbaşı: “Mənə eşq elindən əfsanə söylər”
Ruhumda gizli bir əməlmi arar
Gözlərimə baxıb dalan gözlərin?
Ağlıma gəlməyən bilməcə sorar
Məni xülyalara salan gözlərin.
Nigahın könlümə, ey pəri-peykər,
Ləyalı həsrətin hüznünü tökər.
Qaranlıqlar kimi yıxılar, çökər
İçimdə yer edib qalan gözlərin.
Hüzurunda bəzən mənliyim ərir,
Tövrün hülusumdan şübhə göstərir.
Bəzən də nə olmaz ümidlər verir
Səbri-qərarımı alan gözlərin.
Qəmzəndə zahir, ey ömrümün varı
Füzunu hüsnünün bütün əsrarı.
Nəşr edər aləmə rəngi baharı
Koyu bənövşəyə çalan gözlərin.
Sehirdir, şübhəsiz bütün bu şeylər,
Baxışın zehnimi pərişan eylər.
Mənə eşq elindən əfsanə söylər
Eşqə inanmayan yalan gözlərin.



