
Milli Məclisin deputatı,
Fəlsəfə doktoru
Artıq bir həftədir ki, Rusiyada baş vermiş kriminal hadisədə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov ətrafında səngimək bilməyən diskussiyalar şərh olunarkən bunun daha çox siyasi xarakter daşıdığı iddia edilir. Bəzi şərhçilər bu olayın Rusiyanın dövlət siyasəti ilə əlaqəsi olmadığını və baş vermiş qətl hadisəsinin fonunda radikal millətçiliyin təzahürü kimi qiymətləndirirlər. Hadisədən bir neçə gün sonra Rusiya prezidentinin millətlərarası münasibətlərə dair geniş tərkibdə müşavirə keçirməsi, dərhal bunun ardınca Rusiya Ruhaniliyinin 225 illiyinə həsr olunmuş təntənəli tədbirə qatılması və oradakı çıxışı da sanki bu versiyanı təsdiq edir. Bu olayları eyni zamanda, hələ istintaqı aparılmamış bir kriminal hadisədən sui-istifadə edərək Rusiya dövləti tərəfindən Azərbaycana siyasi təzyiq kimi dəyərləndirənlər də az deyil. Bu versiyanın tərəfdarları ölkəmizin gələcəkdə Rusiyanın təşəbbüsü ilə yaradılmaqda olan Avrasiya İttifaqına, hələlik isə onun vacib strukturu sayılan Gömrük İttifaqına daxil olmağa məcbur edilməsi kimi qiymətləndirirlər. Bu yanaşmanın tərəfdarlarını da başa düşmək olar. Çünki Sovet İttifaqının acı təcrübəsindən doğan təhlükə hissi insanları hələ də tərk etməyib.
Sovet İttifaqının süqutundan sonra xalqlar həbsxanasından yenicə çıxaraq azadlıq eyforiyasını yaşayan keçmiş müttəfiq respublikalar və socialist düşərgəsi ölkələri bir-birinin ardınca qısa bir zamanda öz müstəqilliklərini elan etdilər. Əsasən, Qərb liberal-demokratiyasına üstünlük verən gənc suveren dövlətlər qısa bir zaman ərzində özlərinin gələcək inkişaf yollarını müəyyənləşdirərək bu istiqamətdə qarşıya çıxan problemləri entuziazmla dəf etməyə qərar verdilər. Bu gün əminliklə demək olar ki, onların böyük bir qismi tam şəkildə öz müstəqilliyini möhkəmləndirməyə nail olmuşlar. Digər bir qismi isə qarşıya çıxan və daha doğrusu onların qarşısına çıxarılan problemlərin dolanbaclarında hələ də inadla öz məqsədlərinə doğru can atmaqdadırlar. Rusiya isə, nə qədər paradoksal görünsə də, III minilliyin - Qloballaşma dövrünün çağırışlarına uyğun olaraq hələ də özünün optimal inkişaf yolunu tapmayan və aydın perspektivini görə bilməyən yeganə dövlət kimi görünməkdədir. 20 illik müstəqillik dövrü ərzində vətəndaşlarının sosial-iqtisadi vəziyyətinin yaxşılaşmaq əvəzinə daha da ağırlaşdığı, hüquqi dövlət quruculuğunun o qədər də uğurlu olmadığı Rusiyanın yenidən hara getmək və nəyə nail olmaq məsələsində tərəddüd etməsi onun daxili və xarici siyasət kursunda tez-tez baş verən ziddiyyətli manevrlərdə özünü daha aydın büruza verir. İttifaqın dağılması ilə öz içində ortaya çıxan cəmiyyət daxili problemləri həll etməyə macal tapmamış Rusiyanın hər vəchlə yenidən dünyanın hegemon dövlətinə çevrilməyə və demək olar ki, bütün siyasi və iqtisadi potensialını da ölkənin daxili sabitləşməsinə deyil, məhz imperiya məqsədlərinin reallaşdırılmasına yönəltməyə üstünlük verməsi açıq-aşkar görünür. Lakin bu istiqamətdə də Rusiya siyasəti yeni dövrə uyğun, daha mütərəqqi bir yol seçməkdə qərarsız görünür. Bu baxımdan müasir Rusiyanın müasir siyasəti yenə də “köhnə hamam - köhnə tas” libasında ortaya çıxır. Elə bu səbəbdən də 20 il ərzində yeni milli ideologiyanın yetişməməsi Rusiyanı yenidən heç bir tarixi-sivilizasiyon köklərə dayaqlanmayan avrasiyaçılıq ideyasına və bu əsasda yeni bir mücərrəd ittifaqın yaradılması utopiyasına gətirib çıxarmışdıır. Son illər Rusiyanın beynəlxalq siyasətində avrasiyaçılıqdan çox danışılan və təlqin olunan bir nəzəriyyə yoxdur. Bu isə dünya üçün, xüsusilə coğrafi məkan kimi Avrasiyanın özü üçün heç də yeni bir şey deyil. Hələ XVIII əsrin əvvəllərində “yuxarıda” - Rusiyanın Şimal müharibəsində qələbəsi və “aşağıda” - Qızıl Ordanın parçalanması rusları Avrasiyanın böyük savaş meydanına çıxarmışdı. 1721-ci ildə özünü imperiya dövləti elan edən Rusiya bütün istiqamətlərdə türk dövlətləri və imperiyalarının zəifləməsindən məharətlə istifadə etdi. Rusiya imperiyası Qara dəniz və Xəzər dənizi boyunca Avrasiyanın bütün strateji cinahını ələ keçirdikdən sonra Qafqazın “içərisindən” İrana, Mərkəzi Asiyanın “içərisindən” isə Çinə doğru genişlənməyə başladı. Artıq 1905-ci ildə Rusiya imperiyasının ərazisi - tarixdə Türk-Monqol və Britaniya imperiyalarından sonra ən böyük miqyasa çatmışdı. Onun təxminən 23 milyon kv.km-lik ərazisi şimalda Şimal Buzlu okeanından cənubda Qara dənizədək, qərbdə isə Baltik dənizindən şərqdə Sakit okeana qədər uzanırdı.
Beləliklə, türklərin min illər boyu Avrasiyada davam edən tarixi-siyasi hegemonluğunun tənəzzülə uğraması nəticəsində bu kontinentdə baş verən geopolitik transformasiya slavyanları - konkret olaraq, rusları önə çıxardı. Sadə dillə desək, türklərin zəifləməsi ilə rusların güclənməsinin üst-üstə düşdüyü bu tarixi proses - Avrasiyanın geopolitik balansını türklərin və bütün asiyalıların ziyanına, rusların isə xeyirinə dəyişmiş oldu. Avrasiyanın dominant imperiyası olmağa başlayan Rusiya nəinki bu kontinentin böyük bir hissəsini ələ keçirdi, həm də Türkiyədən başqa, tutduğu bütün ərazilərdə türk dövlətlərinin müstəqilliyinə son qoyaraq əhalisini Rusiya təbəəsinə çevirdi. Daha sonra isə Rusiyada siyasi-ideoloji sistemin dəyişməsi - SSRİ-nin yaranması nəinki Avrasiyada, bütün dünyada bu dövləti supergüc olaraq tanıtdırdı. Yeni təşəkkül tapmış ikiqütblü beynəlxalq sistemin bir qütbünü də məhz bu nəhəng unitar dövlət təşkil etdi.
Lakin mövcud olduğu 70 il ərzində Sovet İttifaqı həm ölkədaxili siyasətdə, həm də beynəlxalq siyasətdə buraxdığı köklü səhvlərin ucbatından “dinozavr nəhəngliyinin” tarazlığını saxlaya bilmədi və dağıldı. Yeri gəlmişkən, bu İttifaqdan qopan on dörd müttəfiq respublikanın beşi türk respublikasıdır. Tarixən böyük dövlətçilik ənənələri olan bu respublikalar sürətlə və qətiyyətlə milli quruculuğa başladılar. SSRİ-nin süqutu ilə Avrasiya geopolitikasının yenidən, daha rasional əsaslar üzərində formalaşdırılması zərurəti meydana çıxdı. Belə bir tarixi dönəmdə, yenə də imperiya iddialarından əl çəkə bilməyən Rusiya Federasiyasında vaxtilə həmin imperiyanın təşəkkülündə mühüm rol oynamış və onun əsas siyasi-ideoloji dayaqlarından olmuş avrasiyaçılıq yenidən zühur etməyə başladı. Amma neo-avrasiyaçılıq nə qədər təzə qiyafədə görünməyə çalışsa da, mahiyyətcə klassik avrasiyaçılıqdan heç də fərqlənmir.
Bu gün müasir avrasiyaçıların diqqət yönəltdikləri əsas problem - Rusiya dövlətinin indiki tarixi-siyasi reallıqda öz geopolitik qüdrətini necə qoruması və inkişaf etdirməsi imkanlarını araşdırmaqdan ibarətdir. Rusiya Federasiyası Elmlər Akademiyasının Fəlsəfə İnstitutu Sosial-Fəlsəfi Tədqiqatlar Mərkəzinin rəhbəri Aleksandr Sergeyeviç Panarin “Dünya tarixinin dövrələnmələrində Rusiya” və “Qlobal siyasi proqnozlaşdırma” adlı əsərlərində Rusiya “avrasiyaçılığını” Qərb “atlantizminə” qarşı alternativ planetar ideya kimi qoyur. Müəllifin məqsədi aydındır: O, Rusiya imperiyasının və SSRİ-nin varisi kimi bu günkü Rusiya dövlətini yenidən əvvəlcə Avrasiya kontinentinin, sonra isə bütün planetin dominant siyasi qüvvəsinə çevirmək yolları haqqında düşünür və fikirlər yürüdür.
Avrasiyaçılığı Rusiyada ictimai-siyasi hərəkatların ön mövqeyinə çıxaran Aleksandr Duqin Avrasiya platformasının əsas prinsiplərini özünün “Avrasiya baxışı” adlı kitabında irəli sürmüşdür. Hazırda o, Rusiya Federasiyasının Dövlət Duması yanında Ekspert Şurasının üzvüdür. Ümumiyyətlə, Aleksandr Duqinin ictimai-siyasi fəaliyyəti keçmiş Sovet respublikaları ilə yeni inteqrasiya şəraitində Rusiyanın “Avrasiya fövqəldövləti” statusunu bərpa etməsinə yönəlmişdir. Neo-avrasiyaçılığın əsas ideoloqu hesab olunan Aleksandr Duqinin təqdim etdiyi platformaya görə, Avrasiyaçılıq hərəkatının prioritetləri - “Avrasiya federalizmi” ideyasını gücləndirməklə, MDB əsasında “Avrasiya İttifaqını” yaratmaq, gələcəkdə isə MDB-nin daxili məkanının strateji inteqrasiyasını Moskva - Tehran - Dehli - Pekin istiqamətində genişləndirərək, “müttəfiq dövlətlər oxunu” reallaşdırmaqdır. Ancaq Aleksandr Duqin öz “layihəsində” Rusiya imperiyası, Sovet İttifaqı və MDB praktikasından da geriyə gedərək, özünün “Avrasiya İttifaqını” - suveren dövlətlərin müttəfiqliyi şəklində yox, indiki Rusiya Federasiyasının quruluşunda - federativ əsaslarda birləşmiş unitar dövlət formasında görür. O, idealist bir arxayınlıqla, bu iddianın ardınca “Avrasiya Ümumi Evi” layihəsini irəli sürür və bu “evə” Asiyanın digər dövlətlərini - Monqolustan, Çin, Yaponiya, İran, Əfqanıstan və Hindistanı da “dəvət edir”. Gördüyü işin “ümumdünya əhəmiyyətinə” sadəlövhlüklə inanan cənab Duqin öz iddialarında avrasiyaçılıq ideyasını Rusiyanın dövlət siyasəti səviyyəsinə qaldırır və bu barədə yazır: “Avrasiyaçılar Prezident V.V.Putinin Rusiya dövlətçiliyini möhkəmləndirmək, Rusiya hakimiyyətinin geopolitik qüdrətini dirçəltmək kursunu ümidlə qəbul edirlər”.
Rus avrasiyaçıları bütün ciddiyyəti ilə bəyan edirlər ki, Avrasiya İttifaqı - vahid siyasi, iqtisadi, hərbi və gömrük məkanında müttəfiqləşən suveren dövlətlərin konfederativ ittifaqı kimi nəzərdə tutulur. Onların iddiasına görə, guya “Sovet İttifaqının Avrasiya İttifaqına, kommunizm ideologiyasının isə Avrasiya ideologiyasına” çevrilməsi prosesi özü belə bir İttifaqı zəruriləşdirir. Avrasiya İttifaqı layihəsinin dövlət səviyyəsində müəllifləri - Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayevdir. Putinin hələ baş nazir olarkən, 2011-ci ilin payızında “Avrasiya üçün yeni inteqrasiya layihəsi - bu gün doğulan gələcək” adlı məqaləsinin çap edilməsindən az sonra Avrasiya İttifaqının yaradılması haqqında Bəyannamə imzalanmışdır. Rusiya dövlətinin başçısı Vladimir Putin düşünür ki, Avrasiya geopolitikasında tarixi addım olacaq bu İttifaqın təşəkkülü ilə “müasir dünyanın qütblərindən birini təmsil edəcək” qüvvə formalaşacaqdır. Layihəyə görə, ən yaxın zamanlarda “millətlərüstü” Avrasiya Parlamenti də təsis ediləcək və 2015-ci ilə qədər tam reallaşması nəzərdə tutulan Avrasiya İttifaqı sonrakı mərhələlərdə - daha geniş, qlobal inteqrasiya planında Çin, Hindistan, İran və hətta Avropa ölkələrinin də daxil olduğu “Böyük Avrasiya İttifaqına” çevriləcəkdir!.. Göründüyü kimi, Rusiyanın imperiya ideologiyası kimi doktrinalaşan avrasiyaçılıq - ilk növbədə Avrasiya xalqları üzərində Rusiya hökmranlığını birmənalı olaraq təsdiq etməkdə iddialı olan bir siyasətdir. Beynəlxalq münasibətlərin müasir konfiqurasiyasında isə belə bir siyasətin uğur qazanacağına inanmaq tarixin təkərinin geriyə fırlanmasına inanmaq qədər sadəlövh görünür. Belə ki, Qərb Rusiyanı “özünə tay etmək üçün” heç cür əsaslar tapa bilmir və ya tapmaq istəmir. Avrasiyanın Şərq hissəsi də (başlıca olaraq, Mərkəzi Asiya) Rusiyanın mədəsində asanlıqla həzm olunmaq istəmir. Ona görə də tarix boyu Rusiyaya qarşı Asiya müqaviməti də elə Avropa müqaviməti qədər sərt olub və olacaqdır. Beləliklə, daha sıx və kompakt Avropa məkanından qətiyyətlə itələndiyini görən Rusiyanın, daha seyrək və qeyri-kompakt Asiya məkanında möhkəmlənməkdən başqa çarəsi qalmır. Avropadan üz döndərməyə və Asiyaya sığınmağa məcbur olan avrasiyaçılar geopolitik nəzərlərini Qafqaz və Asiya tərəfə yönəldirlər. Amma baxıb görürlər ki, Asiyanın onlara yaxın olan hissəsi - türk etnosunun və türk sivilizasiyasının məskənidir. O türklərin ki, uzun əsrlər ərzində (ən çox Qızıl Orda zamanında) slavyan torpaqlarında dövlətlər qurub, etnogenezin inkişafı prosesində fəal iştirak ediblər. Bu səbəbdən, rus avrasiyaçıları yaxşı bilir ki, türk dünyasını fəth etmək - bütün Asiya dünyasını fəth etmək deməkdir.
Həqiqətən də, Avrasiyanın geopolitik tarixinin əsas müəllifi türklərdir. Rusiyanınsa Avrasiya dominantlığının ən yüksək zirvəsi - İkinci Dünya müharibəsinin sonundan səksəninci illərə qədər, cəmi təqribən 40 il sürmüşdür. Bu qısa müddət ərzində o, Avropada gücü çatdığı ölkələrin siyasi rejimlərini dəyişib, özünə “peyk dövlətlər” yaratdı, hətta Almaniya kimi nəhəngi iki dövlətə parçaladı. Asiyanın Sakit okean dalğalarının çırpıldığı Kuril adaları üzərindən irəliləyib, Yaponiyanın sinəsinə dirəndi. Çin də daxil olmaqla, bir çox Uzaq Şərqi Asiya ölkələrini (onlardan bəzilərinin yarısını) Şərqi Avropadakı kimi özünün “sosialist düşərgəsinə” qatdı. Mahiyyətcə diktatura rejimli SSRİ bu minvalla ikiqütblü dünya modelində bir qütbün dominant dövləti oldu. Ona görə də “Pyotr islahatlarına” bənzəyən zorakı siyasi kursu beynəlxalq həyata da tətbiq etməkdən başqa hər hansı bir praqmatik təcrübəyə malik olmayan və onu yetişdirməyən bu dövlətdə - SSRİ dağılar-dağılmaz sürətlə dezinteqrasiya prosesləri başladı: məcburən Sovet İttifaqında müttəfiqləşdirilmiş respublikalar da, “sadiq sosialist düşərgəsini” təmsil edən digər ölkələr də ondan inadla uzaqlaşıb, tarixi-siyasi məntiqin çoxdan tələb etdiyi dünya quruculuğu prosesinə qoşuldular.
İndi artıq həmin zaman deyil: müstəqil dövlətləri, eyni zamanda, Avrasiyanın suveren türk respublikalarını heç nə ilə şirnikləndirib Avrasiya İttifaqının “toruna” salmaq mümkün görünmür. Rusiya da artıq əvvəlki qüdrətində deyil ki, bu aktı zorla həyata keçirsin. Rus siyasi analitiki, Moskva Karneqi Mərkəzinin direktoru Dmitri Trenin Rusiyanın müasir beynəlxalq həyatda oynadığı real rolun nədən ibarət olması probleminə həsr etdiyi tədqiqatlarında (“Post-imperium: Avrasiya tarixi”, “Avrasiyanın sonu: Rusiya geopolitika və qloballaşma sərhədlərində”) bu dövlətin neo-ekspansionist siyasətinin uğursuz perspektivini bütün aydınlığı və gerçəkliyi ilə göstərir: O bunu belə təsvir edir: “XXI əsrin Rusiyası köhnə Rusiyadan köklü şəkildə fərqlənir. Kommunizmin dağılması ideologiya və dəyərlərin azadlığı erasına müjdə verir... Rusiyanın beş yüz illik (məncə, əslində üç yüz illik - C.F.) imperiya tarixi sönür və onun fövqəldövlət iddiaları getdikcə səngiyir. İndi Rusiya çölündə genişlənməkdən daha çox, içində daralmağa doğru gedir”. Doğrudan da, bundan sonra Rusiyanın yenidən “imperiyalaşması” qeyri-mümkündür. Dmitri Trenin Avrasiya geopolitikasının tarixi reallıqlarını və hazırkı vəziyyətini təhlil edərək bu nəticəyə gəlir ki, bu məkanı “ruslaşdırmaq” istəyən avrasiyaçılar lap əvvəldən düzgün strategiya seçməyiblər: onlar mütləq bir inkarçılıq yolunda yönlərini Avropadan Asiyaya çevirməklə tarixi səhvə yol veriblər. Çünki “Rusiya Avrasiya ölkəsi olmaqdan daha çox, Avropa ölkəsidir”. Bu səbəbdən, Rusiyanın Avropa perspektivi ona daha əlverişli imkanlar açardı: o, Qərb sivilizasiyasının bir parçası olardı. Sonsuz Asiya torpaqlarında isə Rusiya itib-batdı və özünü tapa bilmədi. İndiki tarixi situasiyada isə “Rusiyanın Avrasiyada cazibə mərkəzi yaratmaq rolu sona çatıb”. Daha sonra Dmitri Trenin yazır: “Avrasiyaçılıq artıq ölüdür və o, nə Avropada, nə də Asiyada Rusiyanın mövqeyini gücləndirmək iqtidarında deyildir”.
Heç şübhə yoxdur ki, Rusiyanın post-imperiya siyasətində yeni revanşları daha ağır nəticələr doğura bilər: onun istər mülayim, istərsə də zorakı manipulyasiyaları artıq müstəqilliyində ən zəruri, ən çətin və böhranlı mərhələləri keçmiş dövlətləri bir qədər də Rusiyadan uzaqlaşdırır. “İtkilər” ucbatından Rusiyanın getdikcə aqressivləşməsi isə onu “iriölçülü Şimali Koreyaya” çevirə bilər. Və nəhayət, qaçılmaz olan dezinteqrasiya prosesləri bu dəfə yeni formada - onun öz içərisindən başlaya bilər. Ona görə də, müasir Rusiya “neo-avrasiyaçılığın” illüziyalarında özünü aldadıb, gah “Slavyan İttifaqı”, gah da “Avrasiya İttifaqı” konstruksiyaları ətrafında baş sındırmamalıdır. Onsuz da ərazisinə görə dünyanın ən böyük dövləti olan Rusiyanın yeni ittifaq və federasiyalarla “şişməyinə” heç bir ehtiyac yoxdur. Onun öz nəhəng ərazisində həll etməli olduğu çoxlu problemləri var. Buna görə də onsuz da Avrasiya dövləti olan Rusiya - Avropada Avropanın, Asiyada isə Asiyanın dominantı olmaq iddialarına son qoymalıdır. Çünki Rusiyanın özündən başqa Avropa və Asiyanın heç bir dövlətinin bu iddialarla razılaşmayacağı öncədən bəllidir. Müasir Rusiya, nəhayət ki, Avrasiyada normal dövlətlərarası münasibətlər prosesində özünün səmimi əməkdaşlıq missiyasını görməli və bu əməkdaşlığın inkişafına öz töhfələrini verməlidir. Rusiya avrasiyaçılığının müasir dünyaya, xüsusən də Azərbaycana və bütün türk dünyasına yeni fəlakətlər gətirə bilməməsi üçün isə müstəqil türk tespublikaları öz tarixi ərazilərində , eyni milli-etnik, mədəni-sivilizasiyon köklərə və tarixi məntiqə dayaqlanan Türk Dövlətləri Birliyini möhkəmləndirməyə və onu dünya siyasi sisteminin ayrılmaz bir hissəsinə çevirməyə tələsməlidir. Çünki çağdaş türk respublikalarının hamısının birlikdə yarada biləcəyi real Türk Dövlətləri Birliyi coğrafi, tarixi, etnik, mədəni və sivilizasiyon nöqteyi-nəzərdən qlobal inteqrasiyanın Avrasiya modelini özündə daha uğurlu ehtiva edərək onları hər hansı bir digər İttifaqa məcbur edilmək təhlükəsindən xilas edə bilər.



