Türkiyədə, kifayət qədər olmasa da, Azərbaycan musiqisi və şeiri bilinir, amma Azərbaycan romanı və hekayəçiliyi az bilinməkdədir. Təəssüf ki, türk oxucusu İsa Muğannadan, Fərman Kərimzadədən, İsmayıl Şıxlıdan bixəbərdir. Halbuki Azərbaycan yazıçıları romanları, ssenariləriylə Sovetlər Birliyi dönəmində Azərbaycandan kənarda digər ölkələrdə də böyük rəğbətlə oxunur və mükafatlar alırdılar. Yuxarıda adlarını andığım üç yazıçıdan İsa Muğanna o dönəmdəki bəzi Sovet ədəbi mühiti tərəfindən dünyaca məşhur yazıcı Çingiz Aytmatovla müqayisə olunur və pıçıltıyla bəzi ədəbi çevrələrdə Çingiz Aytmatovun onun təsiri altında yazdığı söylənilirdi. Onun əsərlərindəki təmiz dil, yetişkin dialoqlar, saf və rəngli təsvirlər oxucular tərəfindən rəğbətlə qarşılanmış və gənc yazıçıları uzun müddət təsiri altında saxlamışdı.