
1926-cı ildən keçən yüz il göstərdi ki, Birinci Türkoloji Qurultayda səsləndirilən ideyaların böyük hissəsi bu gün də aktuallığını qoruyur. Türk dövlətləri arasında elmi əməkdaşlığın genişlənməsi, ortaq əlifba istiqamətində atılan addımlar, dil siyasəti və ortaq mədəni irsin qorunması ilə bağlı təşəbbüslər həmin qurultayda əsası qoyulan düşüncə xəttinin davamıdır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə 29 iyun-3 iyul 2026-cı il tarixlərində Bakı və Xankəndidə keçirilən "Türk Dünyası Həftəsi" çərçivəsində təşkil olunan tədbirlər türkoloji elmin tarixi inkişaf ardıcıllığını və elmi varislik ənənəsini bir daha nümayiş etdirdi. Yubiley proqramının Bakıda başlanması və 2 iyul 2026-cı ildə Qarabağ Universitetində "Birinci Türkoloji Qurultayın elmi və mədəni irsi" mövzusunda beynəlxalq konfransla davam etdirilməsi dərin elmi və simvolik məzmun daşıyırdı. Əgər 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türkologiya elminin inkişafında yeni mərhələnin əsasını qoymuşdusa, yüz il sonra həmin elmi ənənənin Qarabağ Universitetində davam etdirilməsi Azərbaycanın elmi-mədəni irsinin davamlılığını və Qarabağın türkoloji tədqiqatların yeni mərkəzlərindən birinə çevrilməkdə olduğunu nümayiş etdirən mühüm hadisə kimi qiymətləndirilə bilər.
Qarabağ Universitetində keçirilən beynəlxalq konfrans yalnız Birinci Türkoloji Qurultayın yüz illiyinə həsr olunmuş yubiley tədbiri deyildi. Bu konfrans işğaldan azad edilmiş torpaqlarda elmin, təhsilin və mədəni həyatın dirçəlişinin, Qarabağın yenidən beynəlxalq akademik məkanın ayrılmaz hissəsinə çevrildiyinin bariz göstəricisi oldu. Dünyanın müxtəlif ölkələrindən türkoloqların Xankəndidə bir araya gəlməsi sübut etdi ki, Qarabağ artıq təkcə tarixi Zəfərin rəmzi deyil, həm də elmi əməkdaşlığın, intellektual dialoqun və türkoloji araşdırmaların yeni inkişaf məkanı olmaqdadır.
Bu hadisə mənim üçün həm də xüsusi mənəvi məna daşıyır. Hələ 2021-ci ildə Türkiyə mətbuatına verdiyim müsahibədə Birinci Türkoloji Qurultayın yüz illik yubileyinin Qarabağda keçirilməsinin əhəmiyyətini vurğulayaraq demişdim: "Birinci Bakı Türkoloji Qurultayının ikincisi və 100 illiyi 2026-cı ildə Şuşada keçirilə bilər. Bu, çox mənalı olar. Şuşa Azərbaycanla birlikdə Türk dünyasının mədəniyyət və elm şəhərinə çevriləcək".
Həmin vaxt bu fikir gələcəyə ünvanlanmış bir arzu olmaqla yanaşı, tarixi zərurətdən doğan elmi baxışı da ifadə edirdi. Beş il sonra Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbirlərin əvvəlcə Bakıda, daha sonra isə Xankəndidə - Qarabağ Universitetində keçirilməsi həmin baxışın gerçəkliyə çevrildiyini göstərdi.
Konfransın açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edərək Birinci Türkoloji Qurultayın türk dünyasının elmi və mədəni həyatında mühüm dönüş nöqtələrindən biri olduğunu vurğuladı. Rektor bildirdi ki, Qurultayın irsi bu gün də türkoloji elmin inkişafına və ortaq elmi-mədəni dəyərlərin öyrənilməsinə töhfə verməkdə davam edir: "Qarabağ Universitetində belə elmi tədbirlərin təşkili universitetin Türk Dünyası ilə akademik əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətin mühüm tərkib hissəsidir".
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında Birinci Türkoloji Qurultayın türk xalqlarının ortaq elmi düşüncəsinin və mədəni həmrəyliyinin formalaşmasında mühüm rol oynadığını qeyd edərək dedi ki, bu irsin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması türk dünyasının ortaq məsuliyyətidir.
Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, dosent Elçin İbrahimovun moderatorluğu ilə keçirilən plenar iclasda Ankara Universitetinin dosenti Mehmet Rza Heyət, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi və Rusiya Federasiyası Tatarıstan Elmlər Akademiyasının Tarix İnstitutunun professoru İsmət Zaatov Birinci Türkoloji Qurultayın elmi irsi və müasir türkologiyanın aktual məsələlərinə dair məruzələrlə çıxış etdilər.
Qarabağda, xüsusilə Xankəndi və Şuşada keçirilən beynəlxalq elmi tədbirlər bu regionun türkoloji araşdırmaların və beynəlxalq akademik əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevrilməsi üçün əlverişli elmi mühitin formalaşdığını göstərir. Qarşıdakı dövrdə əsas vəzifələrdən biri Qarabağı türkoloji tədqiqatların sistemli şəkildə həyata keçirildiyi, yeni elmi ideyaların formalaşdığı və türk dünyasının alimlərini bir araya gətirən nüfuzlu akademik mərkəz kimi inkişaf etdirməkdir.

Qarabağ Universitetində keçirilən beynəlxalq konfransın ən mühüm nəticəsi Xankəndi Bəyannaməsinin qəbul edilməsi oldu. Bu sənəd Türk Dünyası Həftəsinin yekun sənədi olmaqla yanaşı, müasir türkologiyanın qarşısında duran əsas vəzifələri sistemləşdirən strateji proqram kimi diqqəti cəlb edir. Əgər Birinci Türkoloji Qurultay XX əsrin əvvəllərində türkoloji fikrin inkişaf istiqamətlərini müəyyənləşdirmişdisə, Xankəndi Bəyannaməsi həmin ideyaların XXI əsrin elmi, texnoloji və geosiyasi reallıqları şəraitində yeni məzmun qazandığını göstərir.
Bəyannamədə irəli sürülən təkliflər türkoloji əməkdaşlığın artıq fərdi təşəbbüslər çərçivəsindən çıxaraq institusional xarakter aldığını nümayiş etdirir. Birgə elmi layihələrin genişləndirilməsi, ortaq doktorantura proqramlarının yaradılması, akademik mobilliyin gücləndirilməsi və gənc türkoloqlar üçün yeni tədqiqat imkanlarının formalaşdırılması gələcək əməkdaşlığın əsas istiqamətləri kimi müəyyən edilir.
Sənədin mühüm cəhətlərindən biri də rəqəmsal türkologiyaya xüsusi yer ayırmasıdır. Ümumtürk elektron lüğətlərinin hazırlanması, dil korpuslarının yaradılması, əlyazma irsinin rəqəmsallaşdırılması və türk dillərinin müasir informasiya texnologiyalarında daha geniş təmsil olunması artıq klassik filoloji tədqiqatların davamı deyil, onların yeni mərhələyə keçididir. Süni intellekt, böyük verilənlər və rəqəmsal humanitar elmlərin sürətlə inkişaf etdiyi şəraitdə türk dillərinin bu prosesdən kənarda qalmaması strateji zərurət kimi qiymətləndirilir.
Bəyannamədə ortaq mədəni yaddaşın qorunması da mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilir. Milli kitabxana fondlarının rəqəmsallaşdırılması, fundamental mənbələrin vahid platformalarda istifadəyə verilməsi və türk xalqlarının ortaq mədəni irsinin beynəlxalq miqyasda tanıdılması elmi əməkdaşlığın mədəni əsaslarını daha da möhkəmləndirməyə xidmət edir.
Sənədin fərqləndirici xüsusiyyətlərindən biri qəbul edilən qərarların icrası üçün koordinasiya və monitorinq mexanizmlərinin nəzərdə tutulmasıdır. Bu yanaşma Bəyannaməni yalnız tövsiyələr toplusu kimi deyil, həyata keçirilməsi nəzərdə tutulan konkret fəaliyyət istiqamətlərini müəyyən edən proqram sənədi kimi xarakterizə edir.
Əslində, Birinci Türkoloji Qurultayı ilə Xankəndi Bəyannaməsi arasında aydın ideya varisliyi mövcuddur. 1926-cı ildə ortaq əlifba, terminologiya, elm və təhsil sahəsində əməkdaşlıq prioritet hesab olunurdusa, yüz il sonra həmin məqsədlər rəqəmsal texnologiyalar, beynəlxalq elmi layihələr, akademik mobillik, ortaq təhsil proqramları və mədəni diplomatiya vasitəsilə davam etdirilir. Dəyişən ideyaların özü deyil, onların həyata keçirilmə imkanları və miqyasıdır.
Bu baxımdan Xankəndi Bəyannaməsi Birinci Türkoloji Qurultayın elmi irsinin təkrarı deyil, onun müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsinin ifadəsidir.
Türk Dünyası Həftəsi göstərdi ki, bu gün türkologiya artıq yalnız keçmişi araşdıran elm sahəsi deyil. O, ortaq elmi siyasətin formalaşdırılmasında, humanitar inteqrasiyanın dərinləşdirilməsində, mədəni diplomatiyanın inkişafında və rəqəmsal gələcəyin qurulmasında fəal iştirak edən strateji istiqamətə çevrilməkdədir. Bu baxımdan Xankəndi Bəyannaməsi təkcə yubiley tədbirinin yekun sənədi deyil, türkoloji elmin qarşıdakı onilliklər üçün fəaliyyət proqramıdır.
Lakin hər bir bəyannamənin dəyəri onun qəbul edilməsindən daha artıq, uğurla həyata keçirilməsi ilə ölçülür. Qarşıdakı illərdə əsas məsələ sənəddə əks olunan müddəaların ortaq elmi layihələrə, universitetlərarası əməkdaşlığa, doktorantura proqramlarına, rəqəmsal dil resurslarına və gənc tədqiqatçıların yetişdirilməsinə çevrilməsidir. Əgər bu məqsədlərə nail olunarsa, Xankəndi Bəyannaməsi də Birinci Türkoloji Qurultayın qərarları kimi türkoloji elmin inkişaf tarixində mühüm mərhələ kimi xatırlanacaq. Türkologiyanın ikinci yüzilliyi məhz bu məsuliyyətli vəzifə ilə başlayır.
2026-cı ildə Qarabağ Universitetində keçirilən beynəlxalq konfrans və qəbul olunan Xankəndi Bəyannaməsi göstərdi ki, türkoloji əməkdaşlıq artıq yeni mərhələyə qədəm qoyur. Əgər Birinci Türkoloji Qurultay türkoloji düşüncənin elmi əsaslarını formalaşdırmışdısa, bu gün əsas məsələ həmin ideyaların davamlı institutlar vasitəsilə həyata keçirilməsidir. Bu baxımdan Xankəndi Bəyannaməsi önəmli bir sənəddir, Qarabağ Universiteti isə həmin sənəddə müəyyənləşdirilən hədəflərin həyata keçirilə biləcəyi elmi platformadır. Məhz bu reallıq Qarabağ Universitetinin müasir türkologiyanın inkişafında tutduğu yeri yenidən dəyərləndirməyi zəruri edir.



