Uzun illərdir, Xalq yazıçısı Anar “Gecə düşüncələri” başlığı altında silsilə esselərini, qeydlərini oxucularına təqdim edir.
Bu yazılarda bəlkə nə zamansa yazılacaq əsərlərin eskizlərini də görmək olar, çağdaş durumla, gündəmlə bağlı fikirləri də.
Eyni zamanda bu, bir növ yazıçının böyük əsərlərə sığışdıra biləcəyi ideyaların qısa, lakonik ifadəsidir.
Bugünlərdə yazıçı “Gecə düşüncələri”nin yeni bölümlərini yazıb, çapa hazırlanan “Seçilmiş əsərləri”nin X cildinə daxil edib. Onlardan bir qismini “525-ci qəzet”in oxucularına təqdim edirik.
İkinci minilliyin bitməsi, üçüncü minilliyin gəlməsi ərəfəsində hardasa qeyd etmişdim ki, minilliklər də, əsrlər də ancaq formal şəkildə təqvimlə dəyişir. Əslində müəyyən zaman kəsiyinə - əsr olsun, min il olsun - damğasını vuran mühüm tarixi, ictimai-siyasi, - hadisələrdir, dinlərin gedişatıyla bağlı olaylardır, elmi-texniki tərəqqinin mərhələ sıçrayışlarıdır. XX yüz il tarixi də - hər halda bizim bir xalq kimi bağlı olduğumuz Rus - Sovet imperiyasının XX əsr tarixi də - 1905-ci ildə başladı. Birinci dünya savaşından, Vətəndaş müharibəsindən, otuzuncu illərin repressiyalarından, İkinci dünya hərbindən, Soyuq müharibədən, Stalinin ölümüylə müəyyən dövrün bitməsindən, Xruşşovun nisbətən yumşalma siyasətindən, Qorbaçovun yenidənqurma təşəbbüslərindən, QKÇP-dən keçdi və Sovet İttifaqının dağılmasıyla nəticələndi, XX əsr də bu zaman bitdi.
1991-ci ildə XX əsr bitdi, amma XX1 əsr başlanmadı, XX1 əsr də, Üçüncü minillik də 2001-ci il 11 sentyabr hadisəsiylə - Nyu-Yorkda iki ticarət qülləsinin terror aktı nəticəsində dağılmasıyla başladı. Çünki hər zaman kəsiyinin öz silahı var və nə yazıq ki, çox vaxt zamanın sifətini məhz silah müəyyənləşdirir.
Koroğlu: “Tüfəng çıxdı, mərdlik getdi” deyəndə tamam bir dövrün - soyuq silah zamanının və deməli bu zamanın öz məxsusi əxlaq dəyərlərinin bitməsindən və odlu silahla tamam başqa bir davranış tərzinin meydana çıxmasından şikayətlənirdi.
Birinci Dünya hərbinin piyada savaşları, İkinci Dünya müharibəsində yer üzündən göy üzünə qalxdı. Faşist Almaniyasıyla Britaniya xeyli müddət qoşunlarıyla bir-birinin torpağına ayaq basmadan savaşırdılar. Alman təyyarələri ingilis şəhərlərini, ingilis təyyarələri alman şəhərlərini bombardman edirdi.
Hava qarşıdurmasının zirvəsi - ABŞ-ın Hirosimaya və Naqasakiyə atdıqları atom bombaları oldu. Bu silah illərlə aparılan savaşın ömrünü bir neçə günlük müddətə qədər qısaltdı. Altı il quruda və dənizlərdə, okeanda müharibə aparan Yaponiya bir neçə gün ərzində təslim oldu. İkinci Dünya müharibəsinin son bombaları xoşbəxtlikdən baş tutmamış Üçüncü Dünya müharibəsinin ilk bombaları ola bilərdi. Ta o vaxta qədər ki bu silaha yalnız ABŞ malik idi. Sovetlər də o silahı əldə edən kimi qarşıduran qüvvələr arasında paritet yarandı və bu dünyanı məhvdən xilas etdi, çünki hər iki tərəf tək bir-birini deyil, bütün dünyanı yerlə-yeksan etmək imkanına və eyni zamanda bu imkandan istifadə etməmək məsuliyyətinə sahib oldu.
Məlum faktların sadalanmasıyla bağlı bu girişin məqsədi XX1 əsrdə yeni bir silahın - atom, hidrogen bombasından daha dəhşətli, daha müdhiş bir silahın meydana çıxmasına diqqəti çəkməkdir. Nuklear silahın cavabı səndə də elə bir silahın olmasıdır. Nəinki super dövlətlər, hətta bu silahı əldə etmiş nisbətən orta miqyaslı ölkələr də həm bir-birini hədələyir, həm də bu silahdan istifadə etməkdən çəkinirlər. Məsələn, Hindistanla Pakistan kimi. Amma XX1 əsrin silahına qarşı - silah yoxdur. Nədir bu silah? İnsan-bomba! Tarixdə buna bənzər bir silah analoqu kimi bəlkə İsmaililəri göstərmək olar. Yapon kamikadzeləri? Yox, onlar ölümə getsə də təyyarəylə gedirdilər, təyyarəni isə vurmaq olar. Adi bir geyimdə qalabalıq yerə girib özünü də partladaraq yüzlərlə insanı özüylə o dünyaya aparan adam-silaha qarşı nəylə çıxmaq olar? Heç nəylə. Beləsini nəylə qorxuzmaq olar? Edam hədəsiylə? O özü öz edamını könüllü seçib, onu ölümləmi qorxuzmaq, fikrindən daşındırmaq olar?
Ölümünü həyatından üstün tutursa, yaşamağını heçə sayırsa başqalarının yüzlərlə insanın-içində qadınlarla uşaqlar da olmaqla -ömürlərini bir dəyərə malikmi hesab edəcək?
Terrora məruz qalmış ölkələrin rəhbərlərinin bu- “insan bombalara” qarşı hədələri gülünc və misgin görünür. Bir Avropa təşkilatının təşəbbüsüylə üç dildə - rus, alman, ingilis dillərində nəşr olunan kitaba onların təklifiylə mən də “Kamançanın saflaşdırıcı səsi” adlı esse yazmışdım. XX1 əsrin bu ən müdhiş silahı haqqında orda da yazmışdım bu fikirləri. Bizim günlər nəinki on il bundan qabaq söylədiyim mülahizələri təsdiq etdi, məlum oldu ki, dünyanın ən güclü dövlətləri - ABŞ, Rusiya, Avropa ölkələri - bu silaha qarşı gücsüzdürlər.
Amma demə bundan da dəhşətli bir silahın şahidi olacaqmışıq - psixikası pozulmuş adamların təcavüzüylə. Belə adamların müəyyən fobiyalar və maniyalar əsasında ayrı-ayrı şəxslərə qarşı “uğurlu” ya uğursuz sui -qəsdləri məlumdur, məsələn, X1X və XX əsrlərdə ABŞ prezidentləri A.Linkolna, C.Kennediyə, R.Reyqana, Roma papasına sui qəsdlər. Amma bu ayrı-ayrı fərdlərə qarşı törədilmiş cinayətlər hələ bu şizofrenləri silah adlandırmağa kafi deyildi. Bu mənhus təşəbbüslər o vaxt qorxunc silaha çevrildi ki, - belə psixlər peşəkar terroristlərdən ilham alıb, örnək götürüb izdihamı, qalabalığı, kütləni havaya sovurmağa başladılar. Onlar da terror aktları törədir, onlar üçün də heç bir əxlaq, insaf, vicdan anlayışları, dini, milli, irqi seçim yoxdur. Günahsız insanları, qadınları, uşaqları, körpələri, qocaları, əlilləri, şikəstləri kütləvi halda qır çat, aralarında öz dinindən, öz millətindən, öz ölkəndən olanların da fərqinə varma. Bunun qarşısına hansı silahla çıxmaq olar? Niyə bunu təşkil olunmuş terrorizmdən də dəhşətli və qarşısıalınmaz silah sayıram? Ona görə ki, bomba-insanlar hər halda müəyyən terrorçu örgütlərlə bağlıdırlar, bu təşkilatların kökünü qazımaqçün mübarizə aparmaq mümkündür, müəyyən qüvvələrin əliylə yönəldilən canilərin izinə düşmək, onları güdüb tutmaq cəhdləri bəzən uğurlu da olur. Amma adidən adi, bəlkə də zahirən sakit bir dəlinin bir gün bıçaq ya baltayla, tapança ya Kalaşnikov avtomatıyla silahlanıb, ya yük maşını əldə edib insanların üstünə cummağını, ətrafa ölüm səpməyini öncədən kim və nə sayaq müəyyənləşdirə bilər? Hətta dəliliyi belə təsdiq olunmamış, dəlixanada yox, adi evdə ömür sürən, gündə qonşularıyla salamlaşan birisinin içində nə gizləndiyini kim aşkar edə bilər? Hamı kimi evindən çıxıb evinə gəlir və günlərin bir günü bütün insanlara - fərq qoymadan - qənim kəsilir. Kim bilir bunun səbəbi nədir? Sosial problemlər, sinfi bərabərsizlik, var-dövlətdən qudurmuşlara, harınlamışlara nifrət, irqi, milli, dini ayrı-seçkilik, ya sadəcə bir səbəb - sevdiyi, aşiq olduğu qızın, qadının başqasına uyması, seksual təminatsızlıq ya digər bir psixoloji zədə, ailə münasibətlərində gərginlik, işdaşlarıyla uyuşmazlıq, adama yovuşmazlıq, tənhalıq, ümidsizlik, - bir söz milyon problem, milyon səbəb və tək bir çıxış yolu - intiqamı, qisası bütün insanlardan almaq! Nələr onu belə bir yola sövq edir, kim bilir?
Son illər terror aktlarını ancaq İslam diniylə bağlayırlar. Sanki tarixə qanlı səhifələr yazmış, XX əsrin ibtidasındakı cinayətlərdən əsrin ortalarına qədər- erməni terrorizmi mövcud deyil - Moskva metrosunda, Parisin Orli hava limanında, Bakı metrosunda partlayışları ermənilər törətməyib, 42 türk diplomatını qətlə yetirən ASAlA quldurları deyil, sanki uzun zaman dünyanın bir nömrəli terroristi İliç Karlos sayılmırdı? Nəhayət ən son illər indi Norveç həbsxanasında komfortlu ömür sürən, məhkəmələrində üzündən əyri təbəssüm əksilməyən, səksənə qədər uşağı, qadını amansızcasına öldürən Breyvik müsəlman imiş? “Terrorun milləti yoxdur, dini, imanı da yoxdur” - düz deyirlər bunu, amma insanın insana qənim kəsilməsini nəinki heç bir dinə, heç bir təşkilata bağlamaqla da məsələ həll olunmur. Bəlkə təşkilat özü məhz buna hazır olan məxluqları tapır, daha da zombiləşdirir, müəyyən məqsədlərə yönəldir. Çıxış nədədir? Dünyanın bütün psixiatlarını səfərbər edib hamını ucdan tutma müayinədən keçirmək? Bilmirəm. Bunu kim bilə bilər ki? Bəlkə haçansa elə bir izotrop silah icad olunacaq ki, belə adamların şüuruna uzaqdan uzağa, müəyyən məsafədən təsir edə biləcək? Amma yenə də kimin belə adam olub olmadığını necə təyin edəsən?
lll
Güclü külək ağacların yaşıl yarpaqlı budaqlarını uzun qadın saçları kimi yellədir, dalğalandırırdı...
lll
Bu günə yox, gələcəyə qısqanmaq. Axı səbəb sən artıq dünyadan gedəndən sonra olacaqsa, onda nə bu səbəbdən xəbərin olacaq, nə də qısqana biləcəksən, odur ki indidən avans (türklər demiş peşin) qısqanırsan.
lll
Deyir ki, mən nala-mıxa vururam. Hardan bilir? Mən axı onu nallamamışam.
lll
Bəzi yazıçılarımızın bəlası odur ki, personajları adam kimi danışmırlar. İstər tarixi şəxsiyyətlər olsun, istər müasir, adi insanlar. Savadlısı, savadsızı, qocası, cavanı, qadını, uşağı fikirlərini eyni rəsmi protokol, qəzet cümlələriylə ifadə edirlər. Bu tək dil məsələsi deyil, həm də yazıya inam məsələsidir. Əgər tarixi bir personaj bu günün ictimai şüuruna uyğun, bu günün istilahlarından istifadə edərək danışırsa, dərhal yazıya etibar qırılır. Əlbəttə söhbət səviyyəli oxucudan gedir. Səviyyəsiz oxucu isə məhz bu sayaq bəsit, səthi, bayağı “müasirləşdirməyə” alışdırıldığı üçün sırf tarixi düşüncə tərzinə və qələmə alınan dövrün dilinə sadiq qalan mətnləri qəbul etmir, İNSAN kimi təsvir olunmuş tarixi şəxsiyyəti “urvatdan salınmış” zənn edir. Axı bu mətnlərdə dünən radio-televiziyada ya iclaslarda eşitdiyi sözləri, ifadələri tapmır!
lll
Sovet ədəbiyyatında, hər halda Sovet dövrü Azərbaycan ədəbiyyatında müsbət qəhrəman, ya az-çox müsbət cəhətləri olan insan ölmürdü. Öləndə də ya siyasi mübarizələrdə, sinfi düşmənlərlə savaşda, ya da Vətən müharibəsində həlak olurdu. Bizim - Yusifin, Maqsudun, mənim yazılarımızda adi insanlar adi ölümlə, xəstələnib ölürdülər. Bəlkə Təhminənin ölümü oxucularçün onu indiyəcən diri saxlayır.
lll
Bir dəfə hardansa ağlıma gəldi ki, ömrüm boyu rastıma çıxan nankorların, nanəciblərin, üzü dönüklərin, çörəyi dizinin üstündə olanların siyahısını tərtib edim. Nə az, nə çox, düz on bir adam çıxdı. Çətinlik Birinciliyi kimə vermək idi. On birindən onu bu yerə tamamilə layiq idi. Hansını seçəsən ki, o birilər inciməsin?
lll
Əgər bəzilərinin hesab etdiyi kimi məhəbbət - oyundursa, hansı oyundur? Şahmat ya nərd? Əgər şahmatdırsa onda məhəbbətdə ağıl, iti düşüncə, iradə, bütün variantları saf-çürük edib seçmə qabiliyyəti, müəyyən dərəcədə məkr də gərəkdir, yox, əgər nərd oyunudursa ya bəxt, zər nə gətirdi gətirdi...
lll
Bu illər ədəbi personajların real həyatımızda yüz il sonra zühür edən prototiplərini də gördük - Yusif Sərracın da, Şeyx Nəsrullahın da.
lll
Yalnız sevdiyin insanı əbədilik itirdiyini dərk edəndə, onu nə qədər sevdiyini anlayırsan.
lll
Azərbaycan qadını öz hisslərini biruzə verməkdə Azərbaycan kişisindən çox-çox-çəkingəndir.
lll
Yuxularımız - ölənlərimizin diriliyidir.
lll
Yazıçıların varlı olmaq istəyini başa düşmək olar. Varlıların yazıçı olmaq istəyini heç cür başa düşə bilmirəm.
lll
Azərbaycan klassik dramaturgiyasında iki həqiqətən dahiyanə tapıntı var: Mirzə Fətəlinin komediyasında Fransız inqilabı günlərində Dərviş Məstəlişahın Parisi dağıtması və Mirzə Cəlilin “Ölüləri”ndə qəbristanlıq səhnəsi - öz ailə üzvlərini, qohum-qardaşlarını diriltməkdən imtina...
lll
Alman nasistləri Ali irq haqqında sayaqlamalarıyla Almaniyadan milyonlarla qeyri-ariləri didərgin saldılar. Qovulanların arasında dünyaca məşhur Avstriya yazıçısı yəhudi Stefan Sveyq də vardı. O, ailəsiylə birlikdə Latın Amerikası ölkələrinin birində məskən saldı.
İrqçiliyin əsas ideoloqlarından biri doktor Üozef Hebbels yeri gəlmişkən yazıçılıq da edirdi, “Emil” adlı romanın müəllifi idi.
İkinci Dünya müharibəsi illərində Stefan Sveyq arvadıyla birlikdə ikili intihar etdilər. Bir neçə il sonra Almaniyanın qaçılmaz süqutu ərəfəsində Hebbels də arvadıyla birlikdə intihar etdi. Amma bundan öncə fanatik nasist olan arvadı (əlbəttə ərinin razılığıyla) kiçik yaşlı övladlarını da öldürdü. Bu dəhşətli hərəkəti ona görə etmədilər ki, bu familiyalı uşaqların yaşamaları mümkünsüzdü. Əgər Hebbelslərin övladları Stalin rejiminin deyil, Qərb dövlətlərinin əlinə keçsəydilər, yəqin ki, ayrı familiyayla uzun ömür sürə bilərdilər. Övladlarını qətl edən valideynlər bunu başa düşürdülərmi? Bəlkə də başa düşürdülər, amma onlarçün daha vacib başqa şey idi. Onlar istəmirdilər ki övladları onların öz xəyallarında qurduqları və həyata keçirməyə çalışdıqları bir dünyada yox, tamam başqa aləmdə yaşasınlar. Onların rəyincə yalnız belə dünya - xalis alman-ari qanı olan insanların dünyası mümkündür. Başqa bir həyat tərzinin mövcudluğunu qəbul etməyərək doğma övladlarına qarşı bu sayaq dəhşətli cinayət törətdilər. Elə bir cinayət ki, onun müqabilində antik Medeyanın hərəkəti kölgədə qalır.
lll
Niyə dönüklərə daha çox bel bağlayırlar. Bilə-bilə ki, dönük sabah tamam başqa səmtə dönə bilər. Görünür bulaşmış adamlarla iş birliyi daha sərfəlidir, bulaşdığına görə daima gözü kölgəlidir, həmişə ifşa təhlükəsi qarşısındadır və bu onu bir müddət növbəti xəyanətdən saxlayır. Müstəqil insanlarla bu sayaq rəftar etmək mümkün deyil.
lll
Amerikanın obrazını da Hollivud yaratdı. Amerikanlar Obamanı prezident seçməzdən çox qabaq Hollivudun futuroloji filmlərində artıq zənci prezident obrazı yaratmışdı. Kino ABŞ əhalisini tarixin keyfiyyətcə yeni bir mərhələsinə hazırlayır sanki.
lll
İmkan verirdi ki, dodaqlarından yox, yanağından öpsünlər. Bu bir neçə millimetrlik məsafə keçilməz idi.
lll
Hər mədəni, ağlı başında olan insan istibdada, diktaturaya nifrət edir. Səddam Hüseyn öz xalqını kimyəvi və başqa silahlarla qıran qəddar müstəbid idi. Cəzasızlığına əmin olan oğlu min hoqqa çıxarırdı. Liviya diktatoru Müəmmər Qəzzafi də dəliliklərində ondan geri qalmırdı. Fidel Kastronun şəhadətinə görə diplomatik danışıqlar zamanı Qəzzafi birdən aralanıb “Allahla söhbətim var” deyə bir küncə çəkilərmiş. Moskvaya bədəvi çadırıyla gəlmişdi və çadırını Kremlin içində qurmuşdu. Heç kəs də ona gözün üstə qaşın var demirdi. Hətta daha mənhus “oyunlardan” çıxanda - sərnişin uçağını məhv edəndə yaxud müxtəlif ölkələrdə terroru dəstəkləyəndə dünya onu yüngülvari tənbeh edirdi. Berlukoni, Sarkozi kimi humanist Avropa liderləriylə “çaşka-lojka” idi, yeri gələndə ciblərinə para da basırdı. Təbii ki, bütün bunlar dəhşətli mənzərə yaradırdı.
Amma tarix bizə öz dərslərini verir. Açıq -aşkar oldu ki, bu müstəbidləri devirib, onları ən ağlasığmaz amansızlıqla qətl edəndən sonra Liviya da, İraq da, diktatorlar dövründə olduqlarından qat-qat ağır vəziyyətə düşdülər. Liviya bir dövlət kimi faktiki olaraq xəritədən silinmək üzrədir. İraq parçalanır, hər gün “canlı bombalar” yüzlərlə insanın həyatına son qoyur. Bəşər Əsədin qanlı rejiminin yerinə daha qanlı, daha qəddar ipə-sapa yatmayan bir rejim -İslam Xilafətinin kabusu gəlir. Yəməndə, Tunisdə diktatorların süqutu daha dözülməz vəziyyət yaratdı. Misirin özündə də Hüsnü Mübarək dövründən sonra islamçıların legitim hakimiyyəti uzun sürmədi, hərbçilər onları devirdi. Belə çıxır ki, müsəlman aləmində, özəlliklə də ərəb ölkələrində hərc-mərcliyə, dərəbəyliyə, xaosa, parçalanmaya qarşı duran yeganə üsul-idarə - amansız, acımasız diktaturadır? Bu ölkələrdə diktaturadan demokratiyaya keçid qansız, ağır müsibətlərsiz mümkün deyil... Belə dinc keçidin bir örnəyini frankodan sonrakı İspaniyada gördük. Nə qədər qəribə görünsə də hamının nifrətini qazanmış potaboy Franko ixtiyar çağı müdriklik göstərdi, hakimiyyəti özü kimi digər bir kaudilyaya yox, Konstitusiyalı monarxa təhvil verdi, bununla da ölkəsində demokratik rejimi təmin etdi. Keçmiş qəbahətlərindən asılı olmayaraq Şərqdə də belə bir ayıq başlı diktator tapılacaqmı ki, özu gedəndən sonra ölkəsinin demokratik yolla inkişafına şərait yaratsın. Buna bənzər bir modeli Türkiyədə görürük. Əlbəttə böyük Atatürk sözün müstəqim anlamında diktator deyildi, amma yetərincə avtoritar bir rəhbər idi və əlindən gələni etdi ki, özündən sonra Türkiyə demokratik istiqamətdə, çoxpartiyalılıq şəraitində inkişaf etsin. Neçə-neçə çevrilişlər ölkəni bu yoldan sapdırmağa çalışsa da uğur qazana bilmədilər. Bütün silahlı və siyasi təlatümlərdən çıxaraq Türkiyə sonucda Atatürk yoluyla addımlayır.
Amma axı bir qlobal məsələ də var. Doğrudanmı Şərqdə, özəlliklə də İslam Şərqində Qərb demokratik modeli münasib üsul-idarədir?! Bəlkə ictimai şüur, xalqın ümumi rifah səviyyəsi, nəhayət əsrlərin təcrübəsindən çıxmış adət-ənənələr belə bir demokratiyanın uğurlu inkişafına imkan vermir? Bəlkə Şərq mentalitetinin spesifik cəhətlərini nəzərə alaraq demokratiyanın bir qədər fərqli modelindən istifadə etmək daha düz olar.
lll
Bizim uzaqlarda qalmış gəncliyimizdə hamımız Heminquyə aludəydik və dostlarımızdan biri onun “Fiesta” romanından bir cümləni təkrar etməyi xoşlayırdı: “Və Bret də onlarla idi”. Romanın qəhrəmanı Bretə aşiqdir, amma bu uğursuz bir eşqdir. Bret boş və düşük adamlarla bara gəlir və qəhrəman: “Və Bret də onlarla idi” - deyə təəssüflənir. Bu cümlə bizim o vaxtkı düşüncəmizə görə Şekspirin “Səndəmi Brut?” replikasıyla yanaşı dururdu. (Özü də təkcə adların oxşarlığına görə yox). Amma indi başa düşürəm ki, bu iki cümlə miqyasının siqlətinə görə heç cür yanaşı dura bilməz. Heminqueyin cümləsi ancaq o məqamda önəmlidir. Şekspir replikası isə əbədidir. Bu replika - gözlənilməz, ağlasığmaz xəyanəti - İudadan Azefə qədər bəşər tarixi boyu cilddən cildə girən satqınlığın damğası, möhürüdür. Daha doğrusu Sezarın dost saydığı insandan-Brutdan heç cür gözləmədiyi belə hərəkət qarşısında qəzəbdən çox təəccübünü, heyrətini ifadə edir. Şekspir əsərində Sezara xəncər saplayanların içində uzun zaman dost bildiyi Brutun olması onu təccübləndirməkdən savayı, həm də ona görə sarsıdır ki, illər boyu onu tanıya bilməyib, dost qiyafəsində xainin gizləndiyini sezə bilməyib. Şekspirdən tez-tez sitat gətirənlər böyük dramaturqun bu replikasını da xatırlasalar pis olmaz.
lll
Həm qəribədir, həm də bunda yəqin bir qanunauyğunluq var ki, Rusiyada da, Azərbaycanda da (güman ki, digər keçmiş Sovet respublikalarında da) Sovet dövrü ədəbiyyatına münasibət elə Sovet dövrünün qaydalarıyla müəyyənləşir, yəni estetik meyarlar bir qırağa qoyulur, sırf ideoloji ölçülər əsas götürülür. Yalnız müsbət - mənfi işarələri dəyişir. Sosializm ideyaları, kommunist ruhu olan bütün əsərlər, bədii dəyərindən asılı olmayaraq lənətlənir. Açıq ya gizli şəkildə azacıq antisovet qoxusu verən əsərlər, yenə də bədiiliyi nəzərə alınmadan şedevr kimi qiymətləndirilir. Çağdaş ədəbiyyata, sənətə də eyni münasibəti görürük. Demokratiya, tolerantlıq əyyamında bədii yaradıcılığa verilən qiymət yalnız Leninin partiyalılıq prinsipinə əsaslanır. Əsərin keyfiyyəti vacib deyil, vacib müəllifin müxalifətəmi, iqtidaramı yaxın olmasıdır. Yazıçının siyasi mövqeyi əsas meyardır. Üzvü olduğun ya yaxın olduğun partiya öz mətbuat orqanlarında səni göyə qaldıracaq, “bizdən olmayan” müəllifi isə ən azı görməməzliyə qoyacaqlar. Hələ yıxıb sürüşməsələr yaxşıdır. “Kim bizdən deyilsə - düşmənimizdir” - bu bolşevik düsturu hələ də aktuallığını saxlayır. Vay o adama ki, müstəqillik dövründə öz müstəqilliyini də qoruyub saxlamağa çalışsın.
lll
Eyni bir müəllifin mənim haqqımda üç-dörd müsbət məqaləsi çıxırsa üzdə özünü xeyirxahım kimi göstərən bir para adamların keçiləri qalxır. Bəs illər boyu bir - iki “anarşünasın” haqqımda ağızlarına gələn təhqirləri çap olunanda niyə çığğırlarını çıxarmırdılar, bəlkə hətta oxuyub feyziyab olurdular. Belə çıxır ki, mən təriflənəndə əsəbiləşirlər, təhqir olunanda ləzzət çəkirlər.
lll
Mənim sinnimdə xatirələr ancaq ağrıdır. Yalnız yaşanmış həyatın ağır, acı, məşəqqətli, faciəvi epizodlarını yada salmaqla yox. Keçmişin yaddaşda canlanan xoşbəxt anları da kədərləndirir, axı onları bir də qaytarmaq mümkün deyil. Gecənin bir əyyamında yuxudan oyanırsan, ötən günlərin bir bəxtəvər səhəri qəfilcən hafizəndə ekran kimi işıqlanır və elə bir qüssə, elə bir nisgil, elə bir həsrət duyursan ki, daha yata bilmirsən. Geriyə dönmək, olub keçənləri yenidən yaşamaq imkansız. Amma yazıçının bir təsəlli şansı var - bütün olub keçənləri kağız üzərində yenidən yaşamaq. Amma bu həyatın özü deyil, olsa-olsa uzaq və zəif əks-sədasıdır.
lll
Moskvada məğlubiyyətlə nəticələnmiş QKÇP putçu baş verəndə də, Gürcüstan prezidenti Eduard Şevernadzeyə qarşı sui-qəsd törədiləndə də, 2016-cı il iyulun 15-də Türkiyədə çevrilişə cəhd ediləndə də, bir para adamların rəyincə bunlar hamısı qurulmuş oyunlar imiş. QKÇP-ni də Qorbaçov özü qurub, Şevernadzeyə qəsdi də özü təşkil edib, Türkiyədə çevriliş cəhdini də Ərdoğan planlaşdırıb. Belə çıxır ki, bu cəhdlərin doğruluğuna inanmaqçün Qorbaçovun həbs olunması, Şevernadzenin qətl edilməsi, Ərdoğanın devrilməsi lazımmış. Ancaq bu hallarda olanların həqiqət olduğuna yüz faiz inanılardı.