Görkəmli alim, unudulmaz müəllim, həqiqi ziyalı, saf insan Ağamusa Axundov haqqında xatirələrimi yazmaq təklifi alanda onu ən dəqiq səciyyələndirə biləcək söz haqqında düşünməyə başladım: Ləyaqət, Dəyanət, Təmkin, Ciddilik, Yüksək peşəkarlıq.
Şübhəsiz bu və bu kimi neçə-neçə sözü tamamilə haqlı orlaraq Ağamusa müəllimə şamil etmək olardı. Amma nədənsə ağlıma bir söz də gəldi və bu sözün cazibəsindən çıxa bilmədim: ARXAYINLIQ.
Mənim təsəvvürümdə Ağamusa Axundov ilk növbədə arxayın insan idi. Özünə, elminə, dostlarına, tələbələrinə, ailəsinə arxayın olan insan. Bu arxayınlıq özündən razılıq deyil, özündən müştəbeh olmaq deyildi. Allah eləməmiş lovğalıq, təkəbbür də deyildi. Bu həyatda öz missiyasını dəqiq dərk etmiş və bu missiyaya ömrü boyu sədaqətlə xidmət etmiş, görməli olduğu işləri namusla yerinə yetirmiş bir işıqlının arxayınlığı idi. Müəllimlərinə, ustadlarına minnət dar, həmkarlarından, yaxınlarından, ardıcıllarından arxayın idi. Sirr deyil ki, ən çox rəqabət, qısqanclıq, ifrat hallarda paxıllıq, gözü götürməzlik elə eyni peşə sahiblərinin arasında olur. Mən Ağamusa müəllim haqqında pis danışan ya ona ağız büzən bir nəfər də olsun dilçiyə, ədəbiyyatşünasa, müəllimə, yazıçıya rast gəlməmişəm. Onun haqqında hamı ciddi alim, xeyirxah insan,vicdanlı müəllim kimi söz açır.
Mənə də Ağamusa müəllimlə ünsiyyət nəsib olub. Bakı görüşlərindən başqa ABŞ-da və Şimali Kipr Türk Respublikasında birgə səfərlərdə olmuşuq.
ABŞ səfərimiz mənimçün əlamətdar bir ildə - 1987-ci ildə baş tutdu. O il, iyunun 18- də yazıçılar təşkilatının rəhbəri seçilmişdim. “Dostluq - gücdür” devizi altında fəaliyyət göstərən təşkilat bizi - bir dəstə Azərbaycan nümayəndəsini ABŞ-a dəvət etmişdi. Belə qarşılıqlı dəvətlərin şərti o idi ki, biz bir neçə şəhərdə şəxsi adamların mənzillərində yaşamalıydıq. Nyu Orlean, Hyüston, San Antonio şəhərlərində olduq. Hyustonda məşhur cərrah Debekinin əməliyyatını müşahidə etdik. Nümayəndələri ailələrdə iki-iki yerləşdirirdilər. Ağamusa müəllimlə biz də bir ailənin qonağı olduq. Mən təəssüf ki, ingilscə cəmisi yeddi səkkiz söz bilirəm. Bu ailənin üzvləriylə söhbətlərimiz Ağamusa müəllimin tərcüməçiliyiylə olurdu. Ər də, arvad da ali savadlı hüquqşünas və həkim olmalarına rəğmən öz doğma ədəbiyyatları haqqında çox bəsit və cüzi təsəvvürə malik idilər, üç-beş müəllifdən başqa heç bir Amerika yazıçısının adlarını belə çəkə bilmirdilər.
1987-ci ilin yayında bir neçə aydan sonra gələcək günlərimizi müdhiş bir kabus kimi qayğılandıracaq, dərdləndirəcək, ağrıdacaq Qarabağ hadisələrinin izi-sorağı yoxdu hələ... Mənim 49 yaşım vardı, Ağamusa müəllimin 55. O vaxt bunun fərqinə varmırdıq, indi düşünürəm ki, bu bəlkə də insan ömrünün ən gözəl, məhsuldar, qaynar çağıdır. Gənclik ötüb getsə də, hələ çox illər irəlidədir,qocalığa xeyli var. Yaşadığın ömrün təcrübəsi, gördüklərindən, duyduqlarından çıxardığın nəticələr, həyatın verdiyi dərslər gələcəyə yönəlmiş niyyətlərlə, planlarla qovuşur və bütün ümidlərinin, arzularının doğrulacağına sidq-ürəklə inanırsan. Ağamusa müəllimlə alimlərimizin və yazıçılarımızın birgə görəcəyi işlər haqqında məsləhətləşir, bir-birindən cazibədar diləklərimizi paylaşırdıq.
Ümumiyyətlə onu demək istəyirəm ki, Ağamusa Axundov ilk növbədə əlbəttə böyük dilçi-alimimizdir, amma o dilçilərimizdəndir ki, dil elmiylə ədəbiyyatın sıx təmasda inkişaf etməsini aydın dərk edir. Dilimizin ən kamil bilicilərindən və qoruyucularından olan Ağamusa müəllimdə yenilik hissi də çox güclü idi. Altmışıncılar nəsli təzə-təzə ədəbiyyat aləmində görünməyə başlayanda və çox vədə tənqidlərlə, daha doğrusu rişxəndlərlə, bir-birindən gülünc tənələrlə, nadan iradlarla qarşılaşanda Ağamusa Axundov bu nəslin yanında idi, bu nəsil yazıçılarının təmtəraqdan, dəbdəbədən, pafosdan uzaq üslubunu təqdir edirdi. O vaxt mənim Moskvanın “Drujba narodov” jurnalında(№5,1967) dərc edilmiş “Çut blije k zvezdam” (“Ulduzlara bir az yaxın”) məqaləmdə belə cümlə də vardı:
“Gənc müəlliflərin bu xüsusiyyətini linqvist alim Ağamusa Axundov çox dürüst səciyyələndirərək yazır ki onların dili çox sadədir, bu dil dəqiqlik naminə hətta fədakarlığa da hazırdır”.
Çox sonralar Ağamusa müəllim mənim barəmdə ayrıca məqalə də yazdı:
“60 ildə əsrə bərabər ömür yaşayan böyük sənətkarımız Anarın dili haqqında məqalə yazmaq təklifinə razılğımı dərhal bildirdim... Yazıçının ilk dəfə bu yaxınlarda - 1995-ci ildə nəşr olunan ilk hekayələrindən olan “İztirabın vicdanı” o zaman çap olunsaydı, Anar elə o vaxt dilin fonetik və leksik imkanlarına necə dərindən bələd olması, ondan necə sənətkarlıqla istifadə elə bilməsi haqqında da çox xoş sözlər eşidə bilərdi... Anar Füzulini araşdırır, bu dahi sənətkarın dilində Gəncə dialektində (yünül - “yün gül” mənasında, “amma nə deyim yaman yünülsən”), Şəki dialektində (Leyli: Eşqin qılmaz idi kimsə yadın, ha səndən eşitdim indi adın) tapır. Nəyinə lazımdır Anarın bu dialektoloji tapıntılar?! Bunlar Anara yəqin ki müasir bədii dilimizə xalq dili avazını, ab-havasını gətirmək və öz əsərlərinin dilinə handanhana, heç vədə, mixeyi, çöllü-biyaban, çiriş, dilim-dilim duman kimi şivə sözlərini və ifadələrini gətirmək, onları arxayınçılıqla (altını mən cızdım- A.) işlətmək üçün gərək olub”. Ağamusa Axundov. “Anarın dil qayğıları”. “Dil və ədəbiyyat” kitabında. 2-ci cild. 2003).
Ağamusa müəllimdən mənimçün çox önəmli olan sitatı burda gətirərkən, diqqət etdim ki, yazısında mənim məhz ona şamil etdiyim “arxayınçılıq” sözünü də işlədib.
İndi özgəsinin adından ya bəd başında elə öz adından özün haqqında tərifli sözlər çatdırmaq dəb olsa da, Ağamusa Axundovdan mənə aid bu ifadələri yazıma saldığımçün oxuculardan üzr istəyirəm.
Dediyim kimi lap gənclik illərimizdə də Ağamusa müəllim bizi diqqətindən, qayğısından kənarda qoymurdu, bizi tək yazılarıyla yox, təşkil etdiyi görüşlərlə də həm dəstəkləməyə, həm də ruhlandırmağa çalışırdı. Yadımdadır, Universitetdə belə görüşlərdən birinə Fikrət Qoca və Əkrəm Əylisliylə birilkdə məni də dəvət etmişdi. O vaxt Fikrətlə Əkrəm təzəliklə komsomol mükafatı almışdılar və Ağamusa müəllim bu bəhanəylə məni də onlara qoşaraq Universitet rəhbərliyini gənc ədiblərlə görüşün vacibliyinə inandıra bilmişdi. Çox səmimi və hamımızçün doğrudan da unudulmaz olan bu görüşdən sonra Ağamusa müəllim hər üçümüzü hələ qonaq da elədi.
Ağamusa müəllim sadə bir ailədən çıxmışdı, amma təbiətən, xisləti etibarıylə kübar idi. Heç bir imtiyazı, maddi təminatı olmadan Bakıda çətin tələbəlik illəri yaşamışdı, bir dəfə etiraf edibmiş: gəncliyində vaxtını o qədər bilik qazanmağa ayırırmış ki, cavanlığın başqa həvəslərindən heç birinə uymayıb. Artıq nisbətən yaşlı vaxtında gözəl ailə sahibi olmuşdu.
Ağamusa müəllimin həyat yoldaşı Elmira xanım görkəmli alim, professor Əli Sultanlının bacısı qızıdır. Elmira xanımla beş il Universitetin Filoloji fakültəsində bir kursda oxumuşuq. Elmira xanımın kiçik qardaşı Kamal Abdulla səmimi dostlarımdandır. Kamalla Elmira xanım anaları tərəfdən məşhur teatr və kino sənətkarı Rza Təhmasiblə və folklorçu alim Məmmədhüseyn Təhmasiblə yaxın əqrəbadırlar və böyük Hüseyn Cavidə də qohumluqları çatır. Uzun illər Universitetimizin rektoru olmuş və mənim yadımda o vaxtın ən yüksək partiya toplantılarında cəsur çıxışlarıyla qalmış Yəhya Məmmədov Ağamusa müəllimin bacanağıdır və o da son dərəcə abırlı insan olan Xalq şairi Cabir Novruzla qudadırlar. Yəni sözümün mustafası odur ki, böyük dilçimizin ailəvi yaxınları də çox ləyaqətli ziyalılarımızdandırlar və Ağamusa müəllim haqlı olaraq onlarla iftixar edirdi. Onlar da Ağamusa Axundovla fəxr etdikləri kimi.
Keçmiş SSRİ ərazisində dilçilik sahəsində ən gənc yaşında elmlər doktoru adına Ağamusa Axundov layiq görülmüşdü. Çağdaş dünyanın elmi səviyyəsinə tən gəlməkçün doğma dilindən və rus dilindən başqa ingilis dilini də öyrənməyi vacib bildi. Bir ali təhsilli, tanınmış alim başqa bir instituta girib ingilis dilini də öyrəndi. Misirdə və Yaponiyada bu dildə mühazirələr oxudu.
Ağamusa Axundovun dilçilik elminə verdiyi töhfələrdən - dilimizin fonetikası haqqında fundamental tədqiqatlarından, dil və ədəbiyyat birgəliyinə həsr etdiyi araşdırmalardan, izahlı lüğətdən, onlarla monoqrafiyadan, yetişdirdiyi tələbələrdən, aspirantlardan söz açmıram. Elə bu günlərdə mətbuatımızda çıxan yazılarda mütəxəssislər bütün bunları daha peşəkarcasına dəyərləndirə bilirlər. Bir onu əlavə etmək istərdim ki, tək şifahi çıxışlarında, rəsmi nitqlərində, mühazirələrində, elmi məruzələrində deyil, adicə məişət söhbətlərində də Ağamusa müəllim o qədər səlis, rəvan və gözəl Azərbaycan türkcəsində danışırdı ki, valeh olmamaq mümkün deyildi. Dilimizdə bu qədər təmiz, qatma-qarışıqsız danışan başqa bir adamı xatırlamaqda çətinlik çəkirəm. Rəhmətlik Xəlil Rza danışıqlarına əcnəbi kəlmələr qatanları cərimə edirdi. İnanıram ki, bu baxımdan Ağamusa müəllimi saatlarla dinləsəydi, bir qəpik də cərimə ala bilməzdi.
Ağamusa Axundova xas olan kübarlıq, xeyirxahlıq, yetirmələrinə həm tələbkar, həm də qayğıkeş münasibət heç zaman onu tanıyanların yadından çıxmayacaq. O özü də ləyaqətli bir ömür sürdüyünü bilir və bununla qürur duyurdu. Ona görə ki, adının, xatirəsinin həmişə işıqlı, ləkəsiz qalacağına əmin-arxayındı.
Bu sözün ən yüksək mənasında ARXAYIN insan idi.
25 fevral 2017