Dünən Əlibəy Hüseynzadə adına Salyan rayon Tarix Diyarşünaslıq Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası Salyan Rayon İcra Hakimiyyəti ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində Azərbaycan ədəbi, ictimai fikrinin görkəmli nümayəndəsi Əli bəy Hüseynzadəyə həsr olunmuş "İstiqlal aşiqi" mövzusunda dəyirmi masa keçirib.
Tədbir iştirakçıları əvvəlcə Əli bəy Hüseynzadənin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Sonra tədbir iştirakçıları rəsm sərgisi, həmçinin, Əli bəy Hüseynzadə və Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları haqqında Azərbaycan Milli Kitabxanasının fondunda olan kitablardan ibarət "Azərbaycan Xalq Cümhuriyyəti-100" adlı geniş sərgi ilə, eləcə də Əlibəy Hüseynzadənin Türkiyədən gətirilərək Azərbaycan İstiqlal Muzeyinə hədiyyə olunmuş şəxsi əşyalarının foto sərgisi ilə tanış olublar.
Tədbiri Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov açaraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə tutduğu mövqeyindən danışıb, vurğulayıb ki, ölkəmiz XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycanın müasir bir dövlət kimi inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İili” elan edilməsinin dövlətçilik tariximizdə müstəsna əhəmiyyəti, xalqımıza, onun tarixinə və bu gününə verilən ən gözəl dəyər olduğunu bildirib, qeyd edib ki, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Cümhuriyyətin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir.
Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək bildirib ki, bu il may ayının 28-də müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Prezident İlham Əliyevin 2017-ci il may ayının 16-da imzaladığı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncama əsasən, Cümhuriyyətin yaradılmasının 100 illik yubileyi respublikada və xaricdə dövlət səviyyəsində geniş qeyd edilir: "Azərbaycan 1991-ci ildə müstəqilliyinə qovuşaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz inkişaf yolunu seçdi. Bu yolda Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi".
Nazir çıxışının sonunda Əli bəy Hüseynzadənin öz əli ilə çəkdiyi rəsm əsərini Əli bəy Hüseynzadə adına Salyan rayon Tarix Diyarşünaslıq Muzeyinə hədiyyə edib.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin üzvü, akademik Nizami Cəfərov çıxışında Şərqin böyük elm xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin böyük ideoloqu Əli bəy Hüseynzadənin türkləşmə, islamlaşma, müasirləşmə kimi ideoloji triadanın müəllifi olduğunu söyləyib və bu ideoloji triadanın bayrağımızda da öz əksini tapdığını qeyd edib.
Tədbirdə Milli Məclisin deputatları Fəzail Ağamalı və Əliağa Hüseynov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin irsinin öyrənilməsi, araşdırılması və gələcək nəsillərə çatdırılmasının zəruriliyini bildiriblər.
"Ədəbiyyat" qəzetinin baş redaktoru Azər Turan çıxışında Əli bəy Hüseynzadənin həyat və yaradıcılığından, mübarizə yolundan danışıb.
A.Turan çıxışının sonunda Əli bəy Hüseynzadəyə məxsus əşyaların və sənədlərin Türkiyədən Azərbaycana gətirilərək Azərbaycan İstiqlal Muzeyinə verilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayevə və Əli bəy Hüseynzadə irsinin öyrənilməsinə, onun əsərlərinin nəşrinə verdiyi dəstəyə görə Təfəkkür Universitetinin rektoru, professor Rahim Hüseynova "Əli bəy Hüseynzadə" mükafatlarını təqdim edib.