Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ilə əlaqədar “İrəli” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Marş İrəli” layihəsi həyata keçirir.
Təşkilatdan verilən məlumata görə, layihəyə iştirakçı seçimləri artıq başa çatıb.
Qeyd edilib ki, layihənin əsas məqsədi gənclərdə fiziki davamlılığın artırılması, hərbi xidmətə həvəsləndirmə, ölkə maraqlarının qorunmasında aktiv iştirak, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaqla ölkə gənclər siyasətinə töhfə verməkdən ibarətdir.
“Marş İrəli” ölkə gəncliyinin hərbi vətənpərvərlik ruhunun, gənclərin düşüncəsində vətənə sədaqət məfkurəsinin genişləndirilməsinə yönələn müxtəlif növ aktiv idman və maarifləndirici təlim sessiyalarından ibarət kompleks tədbirləri özündə ehtiva edən layihədir.
Layihədə gender bərabərliyi qorunmaqla 17-25 yaş aralığında 100 dən artıq gənc iştirak haqqı qazanıb. Bu gənclər layihədə iştirak əsnasında aktiv fiziki tapşırıq və oyunlarda həqiqi hərbi xidmətə öncədən hazırlaşacaq, keçirilən motivasiya xarakterli görüşlər, seminarlarda, simulyasiya oyunlarında fiziki və mənəvi möhkəmlik tapacaqlar.
C.ABASOV