Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə respublikada ilk dəfə olaraq “Qavaldaş” zərb çalğı alətlərinin müxtəlif növlərində ifası üzrə uşaq və gənclərin Respublika festival-müsabiqəsinin final mərhələsi keçirilib.
25-26 iyun tarixində keçirilən müsabiqənin final mərhələsində İsmayıllı, Salyan, Abşeron rayonlarını və Bakı şəhərini təmsil edən nağaraçalanlardan ibarət qruplar cıxış ediblər. Üç yaş qrupunda 50 nəfərədək uşaq və gənc solo və kollektiv ifaları ilə tamaşaçılara milli zərb alətlərinin əsrarəngiz ritmlərini ustalıqla nümayiş ediblər. Qeyd edək ki, mart ayında keçirilən yarımfinal mərhələdə Quba, İsmayıllı, Salyan, Masallı, Abşeron rayonlarını və Bakı şəhərini təmsil edən 100 nəfərədək nağaraçalanlar qrupları cıxış ediblər. Final mərhələyə yarımfinalda keçid balını toplayan zərb alətlərinin müxtəlif növlərində ifa edən kollektivlər və solo ifaçılar buraxılıb.
“Qavaldaş” Respublika festival-müsabiqəsinin final mərhələsi Quba rayonunun Nügədi kəndində keçirilib. İki günlük festival-müsabiqənin birinci günündə iştirakçılara peşəkar müəllimlər tərəfindən ustad dərsləri verilib, müsabiqənin ikinci günü isə, açıq havada təntənəli final mərhələsi ilə yekunlaşıb.
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə festivalın rəsmi açılışında çıxış edərək müsabiqənin keçirilməsində əsas məqsədin uşaq və gənclərin milli-mənəvi ruhda inkişafı, onların istedadlarının üzə çıxarılması, zərb çalğı alətlərinin müxtəlif növlərinin təbliği, Azərbaycanın milli ritm sənətinin layiqincə təmsili, xalqımızın musiqi alətlərinin və mədəni irsinin qorunması, musiqi mədəniyyətinin inkişafının təmin edilməsi və bu sahədə gənc nəslin bilik və bacarıqlarının genişləndirilməsi və artırılmasından ibarət olduğunu qeyd edib.
Müsabiqənin yarımfinal və final mərhələsində münsiflər heyətində tanınmış nağara müəllimləri - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən Təhmasib Məmmədov, Azərbaycan Dövlət Rəqs Ansamblından Ceyhun Babayev, Bakı Xoreoqrafiya Akademiyasından Azər Məlikov və Ələkbər Məmmədov, Fikrət Əmirov adına 6 saylı İncəsənət məktəbindən Cəfər Həsənov təmsil olunub.
Müsabiqədə kollektiv nominasiya üzrə - 1-ci yerə 9 saylı Uşaq Musiqi Məktəbi, 2-ci yerə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və 3-cü yerə İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi layiq görülüb.
Solo nominasiya üzrə isə “Qran-pri” mükafatına Nağızadə Murad Ağabala oğlu, Asəf Zeynallı adına Musiqi Kolleci; 1-ci yerə Mirsalahov Şükran Mübariz oğlu, Salyan UGİM; 2-ci yerə Rüstəmov Yusif Sənan oğlu, 9 saylı Uşaq Musiqi məktəbi və 3-cü yerə İmanov Kənan Fazil oğlu, Asəf Zeynallı adına Musiqi Kolleci layiq görülüb.
Qaliblər diplom və kubokla, digər bütün iştirakçılar isə sertifikatlarla təltif olunub.