Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə 2018-2023-cü illərdə AMEA-nın qarşısında duran vəzifələri açıqlayıb.
APA-nın xəbərinə görə, A. Əlizadə AMEA Rəyasət Heyətinin yeni tərkibdə keçirilən ilk iclasında çıxışı zamanı bildirib ki, əvvəlki illərdə akademiyada xeyli islahatlar aparılsa da, Azərbaycan elminin dünya elminə töhfələri çox deyil.
AMEA prezidenti qeyd edib ki, qarşıdakı 5 il ərzində Azərbaycan elmi dünya elminə bir neçə istiqamətdə töhfələr verməlidir: "İlk növbədə yanacaq-energetika, digər tərəfdən fizika-riyaziyyat sahələri akademiyanın prioritet istiqamətləri olacaq. Bildirməliyəm ki, akademiyada nanotexnologiyalar haqda ciddi işlər aparılmır. Fizika İnstitutunda nanotexnologiyalar istiqamətində tədqiqatlar aparmaq mümkündür. Bu məsələdə universitet alimləri ilə əlaqələri genişləndirmək lazımdır. Bakı Dövlət Universitetinin müvafiq fakültələrini cihazlar və avadanlıqlarla təchiz ediblər. Onlar məhz bu səbəbdən nanotexnologiyanı öyrənirlər".
AMEA Yüksək Texnologiyalar Parkına əlavə maliyyə vəsaitinin sərf edilmədiyini vurğulayan A. Əlizadə qeyd edib ki, AMEA-da ətraf mühitin problemlərinin öyrənilməsinə xüsusi diqqət göstərilməlidir.
A. Əlizadə əlavə edib ki, AMEA Rəyasət Heyəti nəzdində Strateji Araşdırmalar Mərkəzi yaradılacaq: "Bu mərkəz tətbiqi işlərin genişləndirilməsi ilə məşğul olacaq. Digər tərəfdən, akademiyanın maliyyəsi əsas etibarilə elmi müsabiqələrə yönəldiləcək".
AMEA prezidenti təhsillə elmin inteqrasiyasının zəruriliyini də vurğulayıb.