Gənclərin vətənpərvərlik ruhunda yetişməsi və Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar Gənclər və İdman Nazirliyinin, Ağdam rayon İcra Hakimiyyətinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Marş İrəli” layihəsi həyata keçirilir.
Birlikdən 525.az-a verilən məlumata görə, Ağdamda keçirilən layihənin açılış mərasiminə “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov, “İrəli” İB işçi heyəti, layihə iştirakçıları Quzanlı qəsəbəsində Bayraq Meydanını ziyarət etməklə başlayıblar.
Daha sonra Ağdam şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların dəfn olunduğu məzarlığa baş çəkiblər.
Dövlət himni səsləndirildikdən sonra tədbir açıq elan edilib və andiçmə mərasimi baş tutub.
M.Seyidov çıxış edərək bildirib ki, Azərbaycan ordusu günü-gündən güclənir: "Buna səbəb Ali Baş Komandan, prezident İlham Əliyevin yürütdüyü güclü siyasətdir. Son zamanlar müasir texnikalarla silahlanan ordumuz, bilik və bacarığını artıran komandir heyəti ordunun gücünə sübutdur. Aprel döyüşlərində ordumuz Lələtəpə yüksəkliyini azad etdi. Bu təpə strateji cəhətdən çox vacib mövqedir. Bu yaxınlarda Şərurun Günnüt kəndi də düşməndən azad olundu. Ermeniler artıq gücümüzü daha çox hiss edirlər.
Azərbaycan Silahlı qüvvələrinin 100 illiyinə həsr olunan paradda İlham Əliyev qeyd etdi ki, hazırda ermənilərin qazdığı səngərdə Azərbaycan əsgərləri var. Bu da o deməkdir ki, Azərbaycan işğal olunan torpaqları azad edir və hazırda ordumuzun Laçın yoluna nəzarəti bunun bariz nümunəsidir”.
Layihə Qarabağ həqiqətləri mövzusunda ictimai müzakirə ilə davam edib.
Layihənin əsas məqsədi gənclərdə fiziki davamlılığın artırılması, hərbi xidmətə həvəsləndirmə, ölkə maraqlarının qorunmasında gənclərin aktiv iştirakı, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaqla gənclər siyasətinə töhfə verməkdən ibarətdir.
Layihədə gender bərabərliyi qorunmaqla 18-25 yaş aralığında 100-dən artıq gənc iştirak hüququ qazanıb. Bu gənclər layihədə iştirak əsnasında aktiv fiziki tapşırıq və oyunlarda həqiqi hərbi xidmətə öncədən hazırlaşacaq, fiziki dözümlülüyü artıracaq, keçirilən motivasiya xarakterli görüşlər, seminarlarda, simulyasiya oyunlarında mənəvi olaraq möhkəmlənəcəklər.