"Psixoloji vəziyyəti normal olmayan şəxslərin təhsil müəssisələrində çalışmalarına imkan verilməməlidir".
Bunu "525"ə açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.
O qeyd edib ki, bir müddət öncə təhsil qanununa edilən dəyişikliklər arasında təhsil müəssisələrində psixoloji xidmətin təşkil olunması maddəsinin yer alması çox mühüm məsələdir.
Millət vəkilinin bildirdiyinə görə, psixoloji xidmət təkcə uşaqları deyil, məktəb və məktəbəqədər təhsil müəssisələrində çalışanları da əhatə etməlidir: "Məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında nevrozların, aqressiv halların, intihara meyilliliyin artmasının qarşısını almaq və bu halların azalmasına nail olmaq üçün məktəbəqədər təhsil müəssisələrində və məktəblərdə psixoloji xidmət ciddi şəkildə təmin olunmalıdır. Buna çox ciddi ehtiyac duyulur. Əgər bu məsələ tam şəkildə təmin olunarsa, bəzi narahatedici məqamlar da aradan qalxar".
Q. Paşayeva, eyni zamanda, bildirib ki, gənclər arasında qumar oyunları, tütün məhsullarından, spirtli içkilərdən və narkotik maddələrdən istifadə olunmasına qarşı, ona meyilliyin artmaması istiqamətində ciddi mübarizə tədbirləri, maarifləndirmə işləri artırılmalıdır.
Millət vəkilinin qeyd etdiyinə görə, gənclərin qumar oyunlarına aludə olmasına və bununla da öz həyatlarını məhv etmələrinə qarş mübarizəmiz bir cəmiyyət olaraq güclü olmalıdır.
Q. Paşayeva bu istiqamətdə narahatlıq doğuran məqamlar barədə fikrini bildirərək, hazırda dünyada il ərzində 5,4 milyon insanın tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişdiyini də qeyd edib: "Biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyirik və onları bu maarifləndirmə hərəkatının öncülləri görmək istəyirik. Hər bir gəncimiz ilk növbədə özündən, ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalı və biz hamımız gənclərimizin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq. Bu zərərli vərdişə insanlar, adətən, gənc yaşlarda başlayır və çox hallarda bir daha xilas ola bilmirlər".
Şagirdlər və gənclərlə görüşdə onlara siqaretin dəhşətli zərərli təsirləri, onu atmanın, ondan xilas olmanın heç zaman gec olmaması barədə dəfələrlə izahatlar apardığını qeyd edən millət vəkili bildirib ki, burada, sadəcə, güclü iradə və bunu necə edə bilməklə bağlı biliklərə yiyələnməyə cəhd etmək vacibdir.
Q.Paşayeva bildirib ki, ölkəmizdə də insanlar arasında, xüsusilə, gənclər arasında siqaretdən istifadə edənlərin artması hamımızı ciddi narahat etməli və gənclərimizin bu zərərli vərdişə meyillənməməsi istiqamətində səylərimizi daha da artırmalıyıq: "Ona görə ailələrlə bərabər bu məsələdə məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür. Məktəb təhsil verməklə bərabər, vətəndaş da yetişdirir və müəllimlərimizdən xahiş edirik ki, gənclər arasında zərərli vərdişlərlə bağlı mütamədi söhbətlər aparsınlar, gənclər arasında bu zərərli vərdişlərə tutulanları gördükdə zamanında, gec olmadan onlara dəstək olmağa daha da çox çalışsınlar. Müəllimlər toplumun ziyalılarıdır və bu gün sizin bu məsələlərdə də onların dəstəyinizə ehtiyac var".
Kamil HƏMZƏOĞLU