Məlum olduğu kimi, Tarif Şurası Azərbacanda bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qərar qəbul edib. Belə ki, Şuranın 30 iyulda keçirilən iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.
Qərara əsasən, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minib.
Məlumatda qeyd olunur ki, qiymətlərin artırılmasında ötən müddət ərzində ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması və s. amillər nəzərə alınıb.
Qeyd edək ki, dünya ölkələri ilə müqayisədə Azərbaycanda ictimai nəqliyyat və metronun qiyməti ən aşağı səviyyədədir. Artıq 10 ilə yaxındır ki, Azərbaycanda nəqliyyat xidmətlərinə görə qiymətlər dəyişdirilməmiş qalır. Belə ki, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ilin 24 noyabr tarixində təsdiq edilib.
Bu müddət ərzində nəqliyyat infrastrukturu yenidən qurulub, ictimai nəqliyyat və metro infrastrukturu müasir standartlara uyğun yenidən formalaşdırılıb.
Yeni tarif dəyişikliyindən sonra belə ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq.
Nəzərinizə çatdıraq ki, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.
Məlumata görə, tarif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin daha da sürətləndirilməsi və onun maliyyə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.
Son illər ictimai nəqliyyatda çox müsbət dəyişikliklər edilib, infrstruktur yenilənib, sərnişinlərin ixtiyarına yeni, daha rahat, iritutumlu avtobuslar verilib. Əlbəttə ki, gediş haqqı tariflərinin artırılması sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə imkan verir ki, onlar istehsalat bazalarını, avtobus parklarını yeniləsinlər, daha keyfiyyətli və rahat sərnişindaşıma xidməti göstərsinlər. Başqa sözlə, bu istiqamətdə yeniliklər davam edəcək ki, bu da sərnişinlərin rahatlığı üçündür.
Bununla bağlı açıqlama verən Bakı Nəqliyyat Agentliyi də təsdiqlədi ki, vətəndaşa rahat və təhlükəsiz nəqliyyat xidmətlərinin göstərilməsini hər zaman qarşıya prioritet məqsəd olaraq qoyulub. Bunu nəzərə alaraq da, BNA bir daha xəbərdarlıq edir ki, işinə laqeyd və məsuliyyətsiz yanaşan daşıyıcılar marşrut xətlərindən kənarlaşdırılacaq. Bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması ilə bağlı qərarın qəbulu da bu məqsədə xidmət edir.
"Bakı Metropoliteni" QSC-nin açıqlamasında isə bildirildi ki, qiymət artımından sonra belə Bakı metrosunda gediş haqqı digər postsovet ölkələri ilə müqayisədə aşağıdır. Belə ki, bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir. Məsələn, postsovet məkanı ölkələrindən Ukraynada bu qiymət 41-50, Minskdə 55, Daşkənddə 37 qəpik, Moskvada isə bir neçə dəfə yüksəkdir. Halbuki Rusiyanın metropoliten sahəsində böyük potensialı var.
Azərbaycanda metropolitenin inkişafı sahəsində də böyük işlər görülür. Köhnə qatarlar yüksək səviyyədə təmir edilərək modernləşdirilir, yeni müasir qatarlar alınır.
Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən isə bildiriblər ki, qurum Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla respublikanın digər şəhər və rayonlarında da şəhərlərarası daşımalarla bağlı dövlət tənzimlənməsini həyata keçirir. Bu sahədə xidmət ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən göstərilir:
"Sonuncu dəfə avtobus marşrutları ilə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi 2007-ci ildə müəyyən olunub. Bu müddət ərzində, bildiyiniz kimi, nəqliyyat parklarının istismar və daşıma xərcləri artıb. Təbii ki, digər sahələrdə olduğu kimi, sərnişindaşımada da xidmət keyfiyyətinin artırılması daşıyıcılar qarşısında qaldırılsa da, sərnişindaşıma tariflərinin aşağı olması daşıyıcılara avtobus parkının yenilənməsi üçün investisiya qoyuluşuna imkan vermirdi. Və daşıyıcılar uzun müddətdir ki, bu problemin həlli ilə bağlı nazirliyə və digər müvafiq qurumlara çoxsaylı müraciətlər edirdi.
Bu müraciətlər əsasında mövcud vəziyyət detallı təhlil edilərək xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi, müasir və dayanıqlı daşımanın həyata keçirilməsi üçün tariflərə yenidən baxılması məqsədə müvafiq hesab olunaraq Tarif Şurasına müraciət edilib.
Tariflərin yuxarı həddinin yenidən müəyyən olunması sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara maliyyə vəziyyətini sağlamlaşdırmaq və nəticədə vətəndaşa daha yüksək və keyfiyyətli xidmət tələbinin mərhələli şəkildə icrasına gətirib çıxaracaq".
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov isə deyib ki, avtobus və metroda qiymət artımının inflyasiyaya bir qədər yüksəldici təsiri var. Onun sözlərinə görə, Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya təsiri minimal olacaq: "Lakin düşünmürük ki, bu artım inflyasiyanın 6-7%-lik hədəf dəhlizindən kənarlaşdıra bilər". E.Rüstəmov əlavə edib ki, bütövlükdə qiymət dəyişikliyi bu sektorda fəaliyyətlə məşğul olan biznes qurumaların fəaliyyətini tənzimləmək istiqamətində atılan addımlar kimi qiymətləndirmək lazımdır: "Bu sektorda fəaliyyət göstərən qurumların maliyyə sağlamlığı təqdim etdiyi xidmətlərin keyfiyyəti ilə birbaşa bağıldır". Onun sözlərinə görə, inflyasiyaya təsir edən əsas amil məzənnə sabitliyidir. E.Rüstəmov əlavə edib ki, AMB məzənnə gözləntilərini sabitləşdirəndən sonra inflyasiya sabitliyinə nail olunub: "Bu da inflyasiyanın idarə olunmasında mühüm rol oynayıb".
Ekspertlər qiymət artımının nəqliyyat infrastrukturunun daha da inkişafına, xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olduğunu düşünürlər. "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, qonşu dövlətlərlə müqayisədə bizdə nəqliyyat sektorunda qiymətlər çox aşağıdır: "Tarif Şurasının açıqlamasında da göstərilib ki, hər hansı bir narahatlığa əsas yoxdur. Dövlət müxtəlif sektorlarda qiymətin süni şəkildə artırılmasına nəzarət edir. Hesab edirəm, ölkə nəqliyyatının qiymətinin qalxmasını kimsə siyasi manipulyasiya predmetinə çevirirsə, bu, əsassızdır, uğursuz olacaq. Çünki xalq öz dövlətinin yanındadır. Dövlət tərəfindən atılan hər bir addım cəmiyyət tərəfindən müsbət qiymətləndirilir. Bu gün ölkənin nəqliyyat sistemi müasir standartlara uyğunlaşdırılıb və günün tələblərinə cavab verir. Hətta nəqliyyat sektorunda vahid kart sisteminin tətbiqi belə Azərbaycanın inkişaf etməsinin göstəricisidir. Bildiyiniz kimi, bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildi. Bu layihə Azərbaycanın dəmir yolu vasitəsilə beynəlxaql arenaya çıxışını təmin etdi. Ümumilikdə nəqliyyat sisteminin inkişafı dövlətin ən prioritet istiqamətindən birinə çevrilib".
O əlavə edib ki, bütövlükdə Tarif Şurası hər hansı bir qərar üzərində işləyərkən, ilk növbədə həmin qərarın təhlilini aparır və sonra yekun nəticəyə gəlinir: "Əgər nəzərə alsaq ki, dövlət başçısı xalqın sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində mütərəqqi addımlar atır, dövlətimiz bu və ya digər şəkildə mühüm sosial layihələr reallaşdırır, bu zaman mövcud qiymət dəyişikliklərində heç bir problemin olmadığını əminliklə deyə bilərik".
SABİT