|
|
|
|
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qremingeri qəbul edib.
Dövlət başçısı görüşdə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesindəki hazırkı vəziyyətilə bağlı fikirlərini bildirib, bu kontekstdə Emrənistanın yeni rəhbərliyinin sərgilədiyi qeyri-konstruktiv mövqeyə görə ATƏT baş katibinə öz iradlarını səsləndirib və sözügedən qurumu işğalçı ölkəyə qarşı ciddi tədbirlər görməyə çağırıb. Azərbaycan prezidenti Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəldiyi ilk günlərdən həm daxili və həm də xarici siyasətdə ortaya qoyduğu yarıtmaz fəaliyyətin region üçün doğura biləcəyi acı nəticələrlə bağlı ətraflı şəkildə qonağa məlumat verib, işğalçı ölkə rəhbərliyi və münaqişə ilə məşğul olan dövlətlərə, o cümlədən, ATƏT-in Minsk qrupunun həmsədrlərinə xəbərdarlıq xarakterli mesajlarını ünvanlayıb.
Dövlət başçısı İlham Əliyev qeyd edib ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur: "Xüsusilə "Azərbaycan qondarma "Dağlıq Qarabağ respublikası" ilə danışıqlar aparmalıdır" tezisi qəbuledilməzdir. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma "Dağlıq Qarabağ respublikası"nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək".
Prezident İlham Əliyev Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib.
Daha sonra xarici işlər naziri Elmar Məmmədyarovla görüşən ATƏT-in baş katibinin diqqətinə çatdırılıb ki, Ermənistan ATƏT-in üzv dövləti qismində Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarının işğalını davam etdirir.
E.Məmmədyarov əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqdadır.
Nazir ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatını BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı təşkil etdiyini xatırladaraq Azərbaycanın münaqişənin həllində irəliləyişə nail olmaq və regionda davamlı və ədalətli sülhü təmin etmək üçün substantiv və intensiv danışıqlara hazır olduğunu nəzərə çatdırıb.
ATƏT-in baş katibi T.Qreminger isə jurnalistlərə açıqlamasında deyib ki, vasitəçilər münaqişənin nizamlanması üçün səy göstərirlər: "Bununla belə, münaqişə tərəflərinin siyasi iradəsi olmalıdır ki, problemin həlli istiqamətində irəliləyiş əldə olunsun".
Danışıqlar prosesini pozmaqla məşğul olan Paşinyanın Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma "Dağlıq Qarabağ respublikası"nın tərkib hissəsi olması kimi bəyanatları Ermənistan rəhbərliyinin beynəlxalq qanunlara, beynəlxalq ictimaiyyətə, xüsusilə də ATƏT Minsk qrupunun həmsədrlərinə hörmətsizliyinin bariz nümunəsidir. Azərbaycan bu kimi iddiaları qətiyyətlə rədd edir. ATƏT Ermənistan rəhbərliyinin təhlükəli bəyanat və iddialarına münasibət bildirməlidir.
Bu kontekstdə Ermənistanda keçirilən "Şant-2018" hərbi komanda-qərargah təlimləri çərçivəsində düşmən ölkə parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi ssenarisinin tətbiq olunması işğalçılarının əsl niyyət və məqsədinin regionda sülh və təhlükəsizliyin bərpası olmadığı bir daha sübut olundu.
Əgər Ermənistan rəhbərliyi bundan sonrakı dövrdə də danışıqlar prosesini pozmağa davam edəcəksə, bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək.
Ermənistanın baş naziri Rusiya səfəri zamanı üzləşdiyi uğursuzluğu bu kimi məsuliyyətsiz bəyanatlar verməklə kompensasiya etməyə və ölkə əhalisi arasında nüfuzunu qorumağa çalışır. Populist vədlər verərək hakimiyyətə gələn Paşinyan mövcud reallıqları dərk etməyə başlayıb və düşdüyü mürəkkəb durumu necə həll edəcəyini bilmir. Paşinyan bu addımlarla həm də Azərbaycanın uğurlu xarici siyasətinin, xüsusilə Prezident İlham Əliyevin Soçi səfərində əldə olunmuş mühüm nəticələrin effektini azaltmağa çalışır.
İnsan azadlıqlarının, hüququn aliliyinin, demokratik dəyərlərin təmin olunması, Ermənistanın iqtisadi inkişafına şərait yaradılacağı və digər bu kimi şüarlarla hakimiyyətə gələn Paşinyanın azmüddətli rəhbərliyi dövründə işğalçı ölkədə vəziyyət daha da gərginləşib, diplomatik məğlubiyyətlərin sayı isə durmadan artır. Özündən əvvəlki hakimiyyət mənsublarına qarşı repressiyaların təşkili, demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarının durmadan artması, siyasi rəqiblərinin qeyri-qanuni yollarla neytrallaşdırılması, faktki olaraq diktatura üsul-idarəsinin tətbiq edilməsi, iqtisadi tənəzzülün dərinləşməsi, ölkədə vəziyyətin daha da pisləşməsi Paşinyanın hakimiyyətdə olduğu qısa müddətdə əldə etdiyi "nəticələr"dir.
ATƏT bu kimi hallara biganə yanaşmamalıdır. Müvafiq təsir imkanlarından istifadə edilməklə Ermənistanın yeni hakimiyyətinin özbaşınalığına son qoyulmalıdır.
Məsələ ilə bağlı fikirlərini bildirən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə qeyd edib ki, Ermənistanda hakimiyyət başını itirib. O, SİA-ya bildirib ki, onlar artıq düşmən ölkənin ağır vəziyyəti və eyni zamanda, üzərlərində olan Qarabağ yükünün təsiri altında nə etdiklərinin fərqinə varmırlar: "Əlbəttə, bu, çox ağır bir məsələdir".
Deputatın sözlərinə görə, Ermənistan bununla ilk növbədə özünə ağır bir fəlakət gətirdiyinin incəliyini hələ hiss etmir: "Bu gün Azərbaycanla Ermənistan arasında yerlə göy arasındakı qədər fərq var. Şübhəsiz ki, Azərbaycan tərəfdən buna çox ciddi reaksiya olacaq. Eyni zamanda, dünya bu məsələyə biganə qalmamalıdır. Dünya bu gün BMT-nin və digər beynəlxalq təşkilatların üzvü olan bir ölkənin orta əsrlər təfəkkürü ilə yaşadığının fərqində olmalıdır. Bütün bu məsələlərin məsuliyyətini Ermənistan çəkəcək və nəticə onun üçün çox ağır olacaq. Hər halda Ermənistanın müttəfiqi olduğu dövlətlər də bu məsələni ciddi nəzarətdə saxlamalıdır".
Deputatın sözlərinə görə, Ermənistan tərəfdən həmişə təxribat gözlənilir: "Ancaq bir məsələ var ki, bu gün Ermənistan çox zəifdir. Azərbaycan ən müasir hərbi silahlara malikdir. Ermənistan tərəfindən ediləcək istənilən həmlənin 10 qat cavabını verməyə hazırdır. Eyni zamanda, müharibə aparmaq üçün maliyyə, insan resursu və beynəlxalq birliyin dəstəyi lazımdır, bu isə onlarda yoxdur. Mənə elə gəlir sadəcə olaraq, Ermənistan bu gün ki, ağır vəziyyətinin də Azərbaycanda bir xof yaratmağa çalışır. Ümumiyyətlə, xof yaratmaq cəhdi Ermənistan tərəfdən həmişə olub. 1992-ci ildə Xocalı soyqırımı ona görə etdilər ki, Azərbaycanı qorxutsunlar. Ancaq Azərbaycan Ermənistanın cavabını vermək üçün gücləndi və bu gün dünya birliyinin ən güclü dövlətlərindən biridir. Bu baxımdan, təsadüfən dövlətçilik qazanan erməni cəmiyyəti hələ də özünü SSRİ-də olduğu kimi hesab edir. Amma SSRİ çoxdan yoxdur və heç bir mikayanlar, heç bir qarbaçovlar Ermənistanın provakasiyalarının və ağılsız hərəkətlərinin məsuliyyətini çəkmək istəməyəcəklər".
Politoloq Fikrət Sadıqov isə bildirib ki, əgər Ermənistanın baş naziri Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olması ilə bağlı reallıqdan uzaq, sərsəm bəyanatlar verirsə, əlbəttə, ATƏT buna reaksiya verməlidir: "ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində vasitəçilik institutu olaraq, problemin tez bir zamanda həllində və regionun təhlükəsizliyi məsələsində maraqlıdırsa, o zaman bu istiqamətdə mütləq şəkildə addımlar atmalı, bəyanatlarla çıxış etməlidir".
Prezident İlham Əliyevin ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşünü xatırladan politoloq qeyd edib ki, görüş zamanı dövlət başçısı hər dəfə olduğu kimi, bu dəfə də məsələ ilə bağlı Azərbaycanın prinsipal mövqeyini ortaya qoyub: "Hesab edirəm ki, bunu həm ATƏT-in baş katibi, həm həmsədrlər, həm də Ermənistanın baş naziri Nikol Paşinyan eşidib. Ermənistan rəhbərliyinin söylədiyi iddialar nəinki beynəlxalq hüquq normalarına ziddir, eyni zamanda, Paşinyanın ATƏT-in sənədlərindən xəbəri olmadığını göstərir. Çünki onun iddiaları uydurma və əsassızdır".
F.Sadıqovun sözlərinə görə, artıq Ermənistanda Paşinyana qarşı ciddi müqavimət göstərilir: "Bildiyiniz kimi, Azərbaycan prezidentinin Soçiyə səfəri zamanı bir sıra mühüm məsələlər müzakirə olunmaqla yanaşı, vacib sənədlər də imzalanıb. Lakin Paşinyanın Moskvaya səfəri şifahi bəyanatlarla yekunlaşıb. Hətta o, bu görüşdən sonra Rusiya maraqlarına ziddiyyətli hərəkətlər edib. Belə ki, Putinin Koçaryanı doğum günü münasibətilə təbrikinin əksinə gedən Paşinyan ona qarşı ikinci cinayət işini açıb".
Paşinyanıın özünü aparmaq tərzinin şübhə yaratdığını deyən politoloq əlavə edib ki, bütün bunlar onun çətin və çıxılmaz vəziyyətə düşdüyünü göstərir: "Artıq Ermənistanın siyasi dairələri də Paşinyana qarşı addımlar atmağa başlayıblar. Son zamanlar düşmən ölkənin güc strukturlarının rəhbərləri arasında telefon danışıqlarının sosial şəbəkələrdə yayılması da təsadüfi deyil. Bütün bunlar Ermənistanda Paşinyana edilən müqavimətin göstəricisidir".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan son olaraq Rusiyaya səfəri zamanı qondarma "Dağlıq Qarabağ respublikası" gələcəkdə erməni ərazilərinin tamhüquqlu tərkib hissəsi olmalıdır" və "Mənim təsəvvürümdə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir" kimi bəyanatlar verib, Moskvaya yola düşməzdən əvvəl isə Ermənistanın və bütün erməni xalqının Azərbaycana əks-zərbə vurmağa hazır olduğunu və bu məsələdə heç bir güzəştə gedilməyəcəyini bildirib.
Ceyhun ABASOV