
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı əvvəlki seçkilərdə olduğu kimi , bu il oktyabrın 9-da baş tutacaq prezident seçkilərinin də ölkə üzrə müşahidəsini təşkil edəcək. Buna görə də assosiasiya regionlarda müşahidəçilər üçün treninqlərə start verib.
AVCİYA-da “525”ə verilən məlumata görə, assosiasiyanın Xaçmaz regional ofisinin təşkilatçılığı ilə avqustun 13-15-də Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonları üzrə seçki məntəqələrində müşahidə aparacaq şəxslərə treninqlər keçirilib. Treninqlərdə AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı çıxış edərək Azərbaycanda keçirilən prezident seçkiləri, AVCİYA-nın nəşr etdiyi seçki bülletenləri , Seçki Məcəlləsinə edilən son dəyişikliklər, müşahidəçilərin hüquq və vəzifələri, seçkidə qanun pozuntularının qarşının alınması yolları və digər məsələlər barədə geniş məlumat verib.
Treninqlərdə AVCİYA Xaçmaz regional ofisinin rəhbəri Solmaz Mehdiyeva da çıxış edərək müşahidəçilərə öz tövsiyələrini verib.
AVCİYA Seçki Qərargahı regionlarda keçirdiyi treninqlərlə yanaşı “Müşahidəçilər üçün yaddaş kitabçası”da nəşr edib ki, bu da müşahidələrin yüksək səviyyədə təşkili üçün vacibdir.
Bundan başqa avqustun 17-18-də AVCİYA Şirvan regional ofisinin təşkilatçılığı ilə Şirvan, Hacıqabul, Sabirabad, Salyan və Neftçaladan olan müşahidəçiləri üçün növbəti treninqlər keçiriləcək.
Samirə QULİYEVA



