Oktyabrın 30-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marta İnes Qalindo ilə görüş keçirib.
Fonddan verilən məlumata görə, görüşdə G.Əfəndiyeva rəhbərlik etdiyi qurumun fəaliyətindən, eləcə də türkdilli xalqların tarixi bağlılığından, ortaq adət-ənənə və mədəni dəyərlərindən bəhs edib.
Görüş zamanı 2017-ci ildə fondun təşkilatçılığı ilə Latın Amerikası ölkələrində keçirilən sərgi və konfransları xatırladan G.Əfəndiyeva tədbir iştirakçılarının Türk dünyası irsinə xüsusi maraq göstərdiyini müşahidə etdiyini bildirib. Kolumbiyanın və Latın Amerikası ölkələrinin dünyaya görkəmli yazıçılar, bəstəkarlar, incəsənət xadimləri bəxş etdiyini söyləyən fond prezidenti Türk dünyası və Latın Amerikası xalqlarının nümayəndələrini bir-birlərinin mədəniyyətlərilə tanış etməyin əhəmiyyətini vurğulayıb.
Xanım M.İ.Qalindo görüş zamanı türkdilli xalqların mədəni irsinin qorunması və təbliğ edilməsi məqsədilə fondun həyata keçirdiyi layihələrin əhəmiyyətini yüksək qiymətləndirib. O, Kolumbiyada türk mədəniyyətinin və irsinin daha da təbliğ edilməsinin vacibliyini qeyd edib. Bu xüsusda müvəqqəti işlər vəkili Kolumbiya ilə Azərbaycan və digər dövlətlərlə mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsinə önəm verdiyini bildirib.
Görüşdə, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Kolumbiya Respublikasının Azərbaycandakı Səfirliyi arasında əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılaraq, ikitərəfli işbirliyinin daha da inkişafına və birgə layihələrin uğurla icra ediləcəyinə əminlik ifadə edilib.
C.ABASOV