Noyabrın 6-da Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Saatlı Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Reyhan Ocaqova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi polkovnik Niyaz Məmmədov, ictimaiyyət nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Reyhan Ocaqova bildirib ki, gənclər siyasəti diqqətdə saxlanılan əsas məsələlərdən biridir və bu sahədə ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.
Xidmətin Aparatının şöbə rəisi polkovnik Niyaz Məmmədov çıxışında bildirib ki, gənc nəslin milli ruhda tərbiyə edilməsi cəmiyyətin sağlam gələcəyinin təməlidir və bu istiqamətdə görülmüş işlər müsbət nəticələr verir.
Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli milli ordu quruculuğu sahəsində qazanılmış nailiyyətlərdən danışıblar.
Qeyd olunub ki, müasir silah və hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələri işğal altında olan ərazilərimizi azad etməyə hər an hazırdır.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı və Saatlı rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.