“İrəli” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin zona turnirləri davam edir.
Əvvəlcə, noyabrın 24-də Sabirabadda Aran iqtisadi rayonu üzrə zona turniri keçirilib.
Yarışlarda Sabirabad, İmişli, Kürdəmir, Saatlı, Salyan, Hacıqabul, Şirvan, Neftçala, Beyləqan şəhər və rayonlarının gənc intellektualları iştirak ediblər.
Tədbirin açılış mərasimində Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov iştirak ediblər.
Müsabiqə 4 intellektual oyun üzrə keçirilib. “Vətəni tanı” intellektual oyununda Sabirabad, “Axtar-tap” intellektual oyununda Kürdəmir, “Nə? Harada? Nə zaman?” intellektual oyununda Beyləqan, “Xəmsə” intellektual oyununda Şirvan rayonunun gənc intellektualları qalib olublar.
Noyabrın 25-də isə Lənkəran, Astara, Cəlilabad, Lerik, Yardımlı, Biləsuvar şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Lənkaran-Astara iqtisadi rayonu üzrə zona turniri keçirilib.
Lənkəran keçirilən tədbirdə isə şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev, “İrəli” İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı çıxış edərək layihə iştirakçılarına uğurlar arzulayıblar.
Lənkəran-Astara zona turnirində “Vətəni tanı” intellektual oyununda Yardımlı, “Axtar-tap” intellektual oyununda Biləsuvar, “Nə? Harada? Nə zaman?”, “Xəmsə” intellektual oyunlarında isə Lənkəran şəhərinin gənc intellektualları qalib gəliblər.
Həmin komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
C.ABASOV