Gəncənin Heydər Əliyev Mərkəzinin böyük salonunda keçirilən konfransa YAP rəhbər strukturlarının, partiyanın qərb bölgəsi yerli təşkilatlarının nümayəndələri, bölgədən seçilən millət vəkilləri, ziyalılar, gənclər, media təmsilçiləri iştirak ediblər.
Konfransı təbrik sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd edib ki, ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malik olan Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin ideyaları ilə yaşayır və inkişaf edir.
"İyirmi altı illik şərəfli tarixə malik YAP Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir və böyük uğurlara imza atır. Xalqın haqlı olaraq Heydər Əliyev partiyası adlandırdığı Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın qüdrətlənməsinə, dövlətçiliyimizin inkişafına xidmət edəcək, xalqın yeganə etimad ünvanı olaraq hakim siyasi təşkilat statusunu özündə saxlayacaq" - deyə o vurğulayıb.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan uğurlardan danışıb. YAP-ın xalqımız və Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətlərindən bəhs edən Siyavuş Novruzov bildirib ki, bu siyasi təşkilat yarandığı gündən xalqa, dövlətə xidməti fəaliyyətinin əsas xətti kimi qəbul edib.
Millət vəkilləri Musa Quliyev, Pərvin Kərimzadə, YAP Gəncə şəhər Təşkilatının sədr müavini, AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov çıxış edərək partiyanın keçdiyi şərəfli inkişaf yoluna nəzər salıblar.
YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev çıxışında qeyd edib ki, 252 ərazi ilk partiya təşkilatında 42 112 nəfər partiya üzvünü birləşdirən YAP Gəncə şəhər təşkilatı da şərəfli inkişaf yolu keçərək, öz sıralarını daim genişləndirib, partiyanın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirib; hazırda təşkilatının üzvlərinin 56,3 faizini gənclər, 62,7 faizini isə qadınlar təşkil edir.
Tədbirin sonunda Gəncə şəhərinin ictimai-siyasi həyatında fəallıq göstərən veteran partiya üzvləri təltif edilib, YAP sıralarına yeni qoşulan bir qrup gəncə partiya vəsiqələri təqdim olunub.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov YAP Gəncə şəhər təşkilatının 42 mininci üzvlük vəsiqəsini tələbə Gülşən Nəbiyevaya təqdim edib.
Yubiley tədbirləri çərçivəsində qonaqların iştirakı ilə Gəncədə həmçinin, uşaqlar üçün "Açıq Əyləncəli Futbol Məktəbi" layihəsinin açılış mərasimi olub. Çıxış edənlər dövlətimizin yetişməkdə olan vətəndaşlarımızın sağlam böyüməsini daim diqqətdə saxladıqlarını vurğulayıblar. İlk məşqdə iştirak edən 200 nəfərə yaxın gənc futbolçu qonaqları nümunəvi çıxışları ilə sevindiriblər.
Zakir MURADOV
Gəncə