|
|
|
|

Daha əvvəllər xəbər verildiyi kimin mart və aprel aylarında İstanbulda və Ankarada Xalq yazıçısı Anarın yubileyi geniş qeyd olunmuşdu. İstanbuldakı tədbirdə Türkiyə Ədəbiyyat vəqfinin yeni təsis etdiyi “Yaşayan Dədə Qorqud” ödülü ilk olaraq Anara təqdim edilmişdi.
Noyabrın 24-də Ankarada TürkSAV, Əhməd Yasəvi vəqfi, Türk Ədəbiyyatı Vəqfi və TÜRKSOY-un təşkilatçılığı ilə yazıçının 80 illiyiylə bağlı tədbirlər keçirilib. Noyabrın 21-də Anar İstanbulda tanınmış türk şairləri Ataol Bəhramoğlu və Nihad Bəhramla, görkəmli tarixçi professor, doktor İldər Ortaylı ilə görüşüb, Şairlər bağını ziyarət edib. Bu bağda Türkiyənin klassik və çağdaş şairlərinin abidələri, o cümlədən, Ataol Bəhramoğlunun heykəli ucaldılıb.
Noyabrın 23-də Ankarada Əhməd Yasəvi Vəqfində keçirilən görüşü Vəqfin başqanı, sabiq Mədəniyyət naziri və millət vəkili Namik Kamal Zeybək açıb. Zeybək hələ sovet dönəmində Anarın ssenarisi əsasında dünyada ilk dəfə Dədə Qorqud dastanı əsasında bədii filmin çəkilməsini yüksək dəyərləndirib, yazıçının təşəbbüsüylə Bakıda Dədə Qorqud ensiklopediyasının nəşr olunmasını xüsusi qeyd edib.
Toplaşanların xahişiylə Anar Azərbaycan ədəbiyyatının ən qədimdən bugünə qədər tarixi haqqında məlumat verib, çox sayda sualları cavablandıraraq Qarabağ qarşıdurmasında Azərbaycanın haqlı mövqeyindən, dövlətimizin, Prezident İlham Əliyevin torpaqlarımızı azad etmək əzmindən, qarşıya qoyulan bütün məsələləri həll etməyə qadir olan güclü ordumuzdan danışıb. Tədbirdə Türkiyə-Qazaxıstan Dostluq dərnəyinin başqanı Feyzülla Budak Azərbaycan xalq mahnılarını ifa edib.
Noyabrın 24-də “Elçi Rezidans” otelinin böyük konfrans salonunda Anarın yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə sabiq nazirlər, millət vəkilləri, icra başçıları, ədəbi və elmi ictimaiyyətin nümayəndələri, mətbuat işçiləri iştirak ediblər. Anarın tərcürmeyi-halı və yaradıcılığı haqqında məlumat səslənəndən sonra tədbirin aparıcısı, TürkSAV başqanı, şair Yəhya Akenkin giriş sözü söyləyib. Y.Akenkin Azərbaycan yazıçısının Türkiyədə nəşr olunmuş “Kərəm kimi” kitabının bu ölkədə Nazım Hikmət barədə daha obyektiv rəyin formalaşmasında böyük əhəmiyyətini qeyd edib.
Daha sonra çıxış edən Namik Kamal Zeybək Anarın, millət vəkili və parlamentdə Azərbaycan-Türkiyə dostluq qrupunun rəhbəri kimi ədəbi və mədəni əlaqələrimizin inkişafında xidmətlərindən söz açıb. Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, Türk Ədəbiyyatı Vəqfinin sədri Sərhəd Kabaklı, həmin günlərdə Yaponiyada səfərdə olan TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun adından çıxış edən onun müavini Firat Purtaş, Sabiq Mədəniyyət naziri Agah Oktay Günay yazıçı haqqında ürək sözlərini söyləyiblər.
Sonra Anara həsr olunmuş paneldə - elmi toplantıda Türkiyənin görkəmli ədəbiyyatşünas alimi, doktor, professor Əhməd Bican Ercilasun yazıçının “Beş mərtəbəli evin atıncı mərtəbəsi”, “Otel otağı” romanları, “O gecənin səhəri”, “Muhakkak görüşərik” hekayələri haqqında geniş bəhs edib. Anarın yaradıcılığı haqqında doktorluq dissertasiyası üzərində işləyən dosent-doktor Gökhan Tunc “Ağ qoç, qara qoç” əsərinin ətraflı təhlilini verib. Şair, nasir, tərcüməçi İmdat Afşar Anarın “Kərəm kimi” sənədli romanının və “Çağdaşlarım” esselər toplusunun tərcüməsi üzərində işindən danışaraq qeyd edib ki, “Çağdaşlarım” kitabında iki böyük lider - Atatürk və Heydər Əliyev haqqında, habelə Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə, M.Sultanqaliyev, eləcə də müəllifin şəxsən tanış olduğu görkəmli dövlət xadimləri Süleyman Dəmirəl, Bülənd Ecevit, Rəcəb Tayib Erdoğan, Nursultan Nazarbayev haqqında yazıları, türk dünyasının görkəmli yazıçıları barədə esseləri Türkiyə oxucularının böyük marağına səbəb olub.
Sonda çıxış edən Anar bu tədbirlərin təşkilatçılarına dərin təşəkkürünü bildirib, bu yaxınlarda Ankarada nəşr olunmuş “Türkiyə ikinci vətənimdir” adlı kitabının adında bir yanlışlıq olduğunu qeyd edərək deyib: “Türkiyə də Azərbaycan kimi mənim birinci vətənimdir. Yubileyimin qardaş ölkədə belə geniş qeyd edilməsi, kitablarımın nəşri üçün təşəkkür edirəm, tərcüməçilərimə və tədqiqatçılarıma, haqqımda burada çıxış edib xoş sözlər deyənlərin hamısına çox minnətdaram”.
Tədbirdən sonra Anar toplaşanların xahişilə Türkiyədə son illərdə çıxan “Sizsiz”, “Kərəm kimi” “Türkiyə ikinci vətənimdir”, “Çağdaşlarım”, “Yaşamaq haqqı”, “İyi padşahın masalı”, “Nəzər boncuğu”, habelə Türkiyə mətbuatında haqqında çıxan yazılardan ibarət “Uzağı yaxın qılan yazar - Anar” və Pərvinin “Anar dünyası” kitablarını imzalayıb.
Xalq yazıçısı Anar Türkiyənin TRT-1 və “TRT-Avaz” televiziya kanallarına müsahibələr verib.
ŞAHANƏ



