Son günlər sosial şəbəkələrdə və siyasi kuluarlarda yenidən ən çox müzakirə edilən məsələlərdən biri Azərbaycanda növbədənkənar parlament seçkiləri məsələsidir.
Bir çoxları prezident seçkilərinin vaxtından əvvəl keçirildiyi, xüsusilə 2025-ci ildə növbəti prezident və parlament seçkilərinin eyni ilə düşdüyü üçün 2020-ci il parlament seçkilərinin də vaxtının dəyişdiriləcəyəni, erkən seçkilərə gediləcəyini iddia edirlər. Hətta bəzi versiyalara görə, seçkilər 2019-cu ilin mart ayında keçirilə bilər. Ancaq hakim Yeni Azərbaycan Partiyası (YAP) belə düşünmür və səslənən iddiaları qəbul etmir.
Adıçəkilən partiyanın icra katibinin müavini, parlamentin komitə sədri Siyavuş Novruzov "525"ə açıqlamasında yayılan məlumatların və irəli sürülən ehtimalların, versiyaların əsassız olduğunu iddia edib: "Azərbaycanda vaxtından əvvəl - növbədənkənar parlament seçkiləri gözlənilmir. Parlament seçkilərinin vaxtı bəllidir, növbəti seçkilər 2020-ci ilin payızında, öz vaxtında keçiriləcək. Ona görə də səslənən fikirləri, yayılan məlumatları doğru hesab etmirəm. Gündəmdə belə bir məsələ yoxdur".
Eyni zamanda, qarşıdan gələn 2019-cu il növbəti bələdiyyə seçkilərinə toxunan YAP rəsmisi sözügedən seçki ilə bağlı seçki qanunvericiliyinə, Seçki Məcəlləsinə bəzi dəyişikliklərin edilməsini istədiklərini bildirib: "Bununla bağlı bir neçə dəfə təkliflərimizi, fikirlərimizi səsləndirmişik. Şəxsən mən özüm Milli Məclisin plenar iclaslarında bir necə dəfə bu yöndə təkliflərimi söyləmişəm". S.Novruzov qeyd edib ki, yerli özünüidarəetmə orqanı olan bələdiyyələrlə bağlı bəzi islahatlara, daha doğrusu, onlarla əlaqədar Seçki Məcəlləsinə dəyişikliklərin edilməsinə ciddi ehtiyac var: "Çünki bu gün Azərbaycanda bələdiyyələrin və bələdiyyə üzvlərinin sayı həddindən artıq çoxdur. Azərbaycan kimi bir ölkədə bu qədər bələdiyyələrə və bələdiyyə üzvlərinə ehtiyac yoxdur. Heç onların çoxunun nə işlə məşğul olduğu, varlığı, yoxluğu bilinmir. Belə olan halda bu qədər bələdiyyələrə və bələdiyyə üzvlərinə nə ehtiyac var axı?! Ona görə də hesab edirik ki, Azərbaycanda bələdiyyələrin və bələdiyyə üzvlərinin sayı azaldılmalıdır. Yəni bununla bağlı Seçki Məcəlləsinə dəyişikliklər edilməlidir. Eyni zamanda, hesab edirik ki, artıq Azərbaycanda da bələdiyyə sədrləri seçki yolu ilə seçilsin, yəni bələdiyyə üzvlərinin yox, məhz xalqın, seçicilərin səsverməsi ilə seçilsinlər. Bu yöndə də Seçki Məcəlləsinə dəyişikliklər olunmalıdır. Əgər bunlar olarsa, o zaman bələdiyyələrin fəaliyyəti arzuolunan səviyyəyə çata bilər. Onu da deyim ki, hələ seçkilərə vaxt var. Odur ki, zamanı gələndə bu məsələləri reallaşdırmağa çalışacağıq". YAP rəsmisi bələdiyyə seçkilərinin də öz vaxtında keçiriləcəyini, burada hansısa dəyişiklik edilməyəcəyini sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU