"Bir nəfər, cəmiyyət qarşısında heç bir xidməti olmayan şəxs milləti söyür. Cəmiyyət qarşısında heç bir xidməti olmayan digər şəxs mənəvi dəyərlərimizi ələ salır. Cəmiyyət qarşısında heç bir xidməti olmayan başqa bir şəxs dillə deyilməsi mümkün olmayan bir yaramaz hərəkət edir. Dərhal onların hərəkəti haqqında əksər saytlarda geniş məlumat yayılır. Televiziyalar geniş reportajlar hazırlayır, sosial şəbəkə ancaq bu mövzudan danışır. Hətta, həmin şəxslərin adı ölkə parlamentində səslənərək onlar ölkəyə tanıdılır".
Bunu "525"ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, həmin şəxslərin etdiklərinə heç bir başğışlanma ola bilməz, çünki onlar hərəkətləri ilə özlərini artıq cəmiyyətlə üzbəüz qoyublar.
Millət vəkili qeyd edib ki, ancaq bununla belə, layiq olmadıqları halda onlar məşhurlandırılır, az adama qismət olan ictimai tribuna verilir.
"Hətta bu azmış kimi, onların cəmiyyətin etirazına "əcəb etmişəm" - deyə, cavabı geniş tirajlanır. Şəkilləri də bir qayda olaraq güləyən, hamıya istehza edən formada verilir. Bir anlığa düşünək: bizə elə gəmirmi ki, onların məşhurlanmasına, antimilli fikirlərinin yayılmasına dəstək veririk, onların cəmiyyətə meydan oxumasına şərait yaradırıq? Bu azmış kimi, təsadüfi insanın şöhrətlənməyini görərək, bir neçə nəfər də "mən də elə düşünürəm" - deyərək, şöhrət projektorunun işığının indi də onların tərəfə yönəlməsini tələb edirlər. Bu cür insanların cəmiyyətə çıxmaq, özlərinin zərərli fikirlərinin yayılmasına daim maneələr olmalıdır, onlar ictimai tribunalar yaxın belə düşə bilməməlidirlər. Bunun əvəzində isə hər birimiz onların özlərini sərbəst hiss etməsinə, yaşadığı cəmiyyəti ələ salmasını davam etməsinə yardımçı oluruq... Çox-çox təəssüflər və əfsuslar olsun!" - deyə, millət vəkili sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU