Azərbaycanda bütün kateqoriyalardan olan insanların sosial rifahının yüksəlməsi, həyat şəraitinin yaxşılaşması dövlətin sosial siyasətinin əsas prioritetləri sırasındadır.
Xüsusilə şəhid ailələrinin, Qarabağ əlillərinin, məcburi köçkünlərin, hərbçilərin mənzil məişət problemlərinin həlli hər zaman birbaşa ölkə rəhbərinin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, iqtisadi inkişaf tempinə görə dünyanın gündəmində olan Azərbaycan, həm də sosial dövlət kimi xarakterizə olunur. Bu o deməkdir ki, dövlət siyasətinin bütün istiqamətlərinin və sahələrinin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Ümumiyyətlə, Azərbaycanın davamlı olaraq həyata keçirdiyi geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də odur ki, ölkəmizdə dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir. Azərbaycan prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir.
Şəhid ailələri, Qarabağ əlilləri, məcburi köçkünlər, hərbçilər üçün tikilən mənzillərin təqdimat mərasimində hər zaman Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəxsən iştirak edir, onlarla görüşərək qayğıları ilə maraqlanırlar.
Dekabrın 24-də Azərbaycan prezidenti və birinci xanım Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak ediblər. Həmin gün Prezident İlham Əliyevin doğum günü idi. Amma dövlət başçısı öz ənənəsinə sadiq qalaraq ad gününü yenə də məcburi köçkün soydaşlarımızla birgə qeyd etdi. Dövlət başçısı mərasimdəki çıxışında bildirdi ki, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır. Son illərdə bu istiqamətdə çox böyük addımlar atılıb. Təkcə bu il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib istifadəyə verilib. Bütün köçkün ailələrinin normal şəraitlə təmin olunacaqlarını deyən prezident əlavə edib ki, hər bir köçkün bir arzu ilə, bir amalla yaşayır - tezliklə öz doğma torpağına qayıtsın: "İşğal altında olan bütün torpaqlar azad ediləndən sonra orada şəhərlər, kəndlər yenidən qurulacaq".
Dövlət başçısı ümid etdiyini bildirib ki, 2019-cu ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər: "Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır. Azərbaycanın ərazi bütövlüyünün istənilən yolla bərpası bizim suveren hüququmuzdur".
Xatırladaq ki, bu ilin avqust ayında dövlət başçısının iştirakı ilə Bakının Qaradağ rayonunda Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi keçirilib. Bunun ardınca isə bu məqsədlər üçün prezidentin ehtiyat fondundan 20 milyon manat vəsait ayrılıb.
Bu il dekabrın 17-də isə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib.
Həmçinin, Qobu qəsəbəsində özəl sektor tərəfindən inşa edilən mindən çox mənzil məcburi köçkünlərə təqdim olunub. Sumqayıt şəhərində, Kürdəxanı, Mehdiabad, Ramana, Masazır qəsəbələrində, Tərtər, Qaradağ rayonlarında məcburi köçkünlər üçün binalar, evlər tikilir və onların sərəncamına verilir. Gələn il də bu məqsədlər üçün kifayət qədər vəsait nəzərdə tutulması planlaşdırılıb.
Mövzu ilə bağlı danışan millət vəkili Məlahət İbrahimqızı deyib ki, cənab Prezident İlham Əliyev Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirakı zamanı çox məzmunlu və proqram xarakterli çıxış etdi: "Bu, əlbəttə ki, ilk belə hadisə deyildir. İl ərzində həm Prezident İlham Əliyev, həm birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı çox vacib layihələr həyata keçirilir. Belə hadisələrdən birinə biz dünən şahidlik etdik. Dekabrın 24-də həm də cənab prezidentin doğum günü idi. Eyni zamanda, bu il İlham Əliyevin hakimiyyətə gəlməsinin 15-ci ili tamam olub. Ötən 15 ili xatırlasaq, ilk seçki marafonunda o xalqa vəd etdi ki, ölkəmizdə bir çadır düşərgəsi qalmayacaq, bütün çadır düşərgələri ləğv olunacaq, qaçqınlarımız digər vətəndaşlarla eyni səviyyədə yaşayış şəraiti ilə təmin olunacaqlar. Həqiqətən də bu gün respublikamızda artıq çadır düşərgəsi qalmayıb. Elə ölkələr var ki, illərlə vətəndaşları çadırlarda qalır. Amma qısa müddət ərzində, heç bir beynəlxalq dəstək olmadan Azərbaycan öz gücünə bu işlərin öhdəsindən gəldi".
M.İbrahimqızı deyib ki, Ermənistanın təcavüzü nəticəsində öz yurd-yuvasını tərk etmiş insanlarımız üçün həm müxtəlif bölgələrdə, həm də Bakının müxtəlif rayonlarında qəsəbə və şəhərciklər salınır: "Bunun da özünün çox böyük mənası var, bir kənddən, bir eldən-obadan gələn insanlar bir-birlərini itirməsinlər. Ona görə də bir çox hallarda onlar üçün belə qəsəbələr salınır. Bu, həqiqətən də ən yükəsk səviyyədə qiymətləndirilməli siyasətdir".
Deputat əlavə edib ki, Azərbaycan bütün uğruları ilə yanaşı, güclü ordu yaratmağa da nail olub: "Azərbaycan Ordusu dünyada ən güclü 50 ordu sırasındadır.Çünki biz torpaqlarımızı işğaldan azad etməliyik. Cənab prezident dəfələrlə deyib ki, əgər danışıqlar yolu nəticə verməsə, biz bir qarış torpağımızı belə işğal altında qoymayacağıq və Azərbaycan digər variantlara əl atacaq. Azərbaycan Ordusu öz gücünü aprel döyüşlərində, Naxçıvandakı uğurlu əməliyyatlarda göstərdi. Sadəcə olaraq, müharibə dağıdıcı bir prosesdir, böyük faciədir. Əgər müharibə başlayarsa, region silahların sınaqdan keçməsi meydanına dönər".
M.İbrahimqızı bildirib ki, Azərbaycan rəhbərinin sosial siyasəti təkcə qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə deyil, ümumilikdə bütün sosial təbəqələrə, xalqın rifahına yönəlib.
"Cənab Prezidentin də dediyi kimi 2019-cu il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər. Bizim çox böyük gözləntimiz var. Çünki artıq torpaqlarımızın işğaldan azad edilməsi üçün bütün şərtlər var: prezidentimizin qətiyyəti, güclü və müdrik siyasəti, uzaqgörən diplomatiyası, Ali Baş Komandan kimi onun yaratdığı Ordu-xalq vəhdəti, xalqın haqq səsi. Yəni biz kiminsə ərazi bütövlüyünü pozmamışıq, bu, bizim haqq işimizdir", deyən millət vəkili vurğulayıb ki, prezidentin bütün bu bəyanatları işğalçı Ermənistanı idarə edənlərə bir mesajdır ki, bir neçə gün ərzində silahlı qüvvələrini torpaqlarımızdan çıxara bilərik.
M.İbrahimqızı xatırladıb ki, ölkəmiz mühüm beynəlxalq layihələrin təşəbbüskarı və müəllifidir: "Azərbaycan Avropanın enerji təhlükəsizliyində misilsiz rola malikdir. Dünyada enerji müharibəsi getdiyi bir vaxtda, Azərbaycan enerji dövləti olaraq dünya üçün mühüm əhəmiyyət kəsb edir. Və bizim bu məsələdə beynəlxalq dəstəyimiz var. Ölkəmiz bu gün beynəlxalq aləmdə güvənli, etibarlı bir tərəfdaşdır. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mühüm beynəlxalq sənədlər qəbul edilib. Bunlar hamısı Azərbaycanın gücü, Ermənistan üzərində qələbəsidir.Təəssüf ki, ikili standartlar da qalmaqdadır. İstənilən halda bu, bizim haqq işimizdir, cənab prezident də dövlətin gücünü, xalqının imkanlarını yaxşı bilir, ona görə də belə qətiyyətli, cəsrətli çıxışlar edir, işğalçıya mesajlar göndərir və qarşı tərəf də öz payını götürür".
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə deyib ki, Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində Azərbaycan prezidenti bəyan etdi ki, bu təbəqədən olan insanların problemlərinin həlli yönümündə həyata keçirilən işlər davamlı olacaq.
O bildirib ki, hələ 2003-cü ildə prezident seçkiləri kampaniyası vaxtı prezident ilk dəfə Biləsuvar rayonunun qaçqın şəhərciyində əhalinin bu təbəqəsindən olan insanların hər birinin mənzillə təmin olunacağı ilə bağlı dövlətin mühüm işlər görəcəyi barədə vəd verdi. O vaxtdan indiyədək artıq 15 ildir bu proses böyük sürətlə davam edir. Saysız-hesabsız qaçqın çadırları ləğv edilib. Məcburi köçkünlər üçün ən müasir formada şəhərciklər salınıb. Bütün bunlar Azərbaycan dövlətinin siyasətinin həqiqətən sosial məzmun daşıdığını bir daha ifadə edir.
PƏRVANƏ