Xaricdə məskunlaşmış və ölkəmiz əleyhinə çirkin kampaniya aparan məlum qrup aldıqları sifarişi yerinə yetirmək üçün bütün vasitələrə əl atmağa hazır olduqlarını dəfələrlə "sübut" ediblər.
Öz dövlətinin, xalqının əleyhinə iş aparan belələrinin eybəcər maraqlarını xalqın, dövlətin maraqlarından üstün tutmaları artıq bəllidir. Bu tiplərdən biri də Vidadi İsgəndərlidir. Öz bədnam əməlləri ilə xeyli müddətdir "gündəmdə" olan V.İsgəndərlini xüsusi təqdim etməyə ehtiyac yoxdur.
Artıq uzun müddətdir ki, mərhum atasının məzarı üzərində rəzil oyunlar qurmağa cəhd edən İsgəndərli, ictimai rəydə heç bir maraq doğurmadığı, nəticə əldə etmədiyi üçün çıxılmaz vəziyyətə düşüb. Belə ki, ona bu sifarişi verən müəyyən xarici dairələr nəticə tələb edirlər. Lakin ortada heç bir nəticə yoxdursa, daha doğrusu, sifariş yerinə yetirilməyibsə, deməli, İsgəndərli həmin dairələrin diqqətindən kənarda qalacaq. Adam özü isə yaddaşlarda məhz atasının məzarı üzərində qurduğu oyunlar, ictimai rəyin, öz qohumlarının belə qınağı ilə qalacaq.
Bir neçə gün əvvəl BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bu məsələyə aydınlıq gətirərkən bunları deyib: "Bu adamın hansı mənəviyyatın sahibi olduğunu deyim: Vidadi özü etiraf edir ki, həbsdə olanda Qüdrət bəy (BAXCP sədri Qüdrət Həsənquliyev-red) ona həbsxanaya pul göndərirmiş. Allah da bilir ki, Qüdrət bəy pulu onun ailəsinə verirdi. Heç yerdə işləməyən onun xanımı iki qız uşağı ilə köməksiz qalmışdı. Tutaq ki, Vidadi düz deyir. Darda olanda ona kömək etmiş bir adamı namussuz formada təhqir etmək hansı mənəviyyata sığır? Ölüm ayağında olan qardaşı Qalib bəyi təcili yardımla Göyçaydan Bakıya kim gətizdirdi? Onun müalicə xərclərini kim ödədi?! Ay mənəviyyatdan danışan, Qüdrət bəyin qapısının ağzında boynunu burub dayanmışdın. Salamlaşdıq, dedin ki, ölüncə Qüdrət bəyə borcluyam: "Qalibə dedim ki, qızlarının ikisini də Qüdrət bəy işə düzəltdi. O da dedi ki, Vidadi, sən ölüncə Qüdrət bəyə borclu olmalısan. Bundan sonra əllərini göyə qaldırıb, "İlahi, çox şükür" deyib əbədi gözlərini yumdu". İndi ləyaqətsizcəsinə onu təhqir edirsən..."
V.İsgəndərlinin "yolu", "məqsəd və məramı" bəllidir. Burada təəssüfedici hal isə Fransanın ona qucaq açmasıdır. İnsanları zorakılığa, terrora çağırmaq, qeyri-konstitusion davranışa sövq etmək suveren xalqın iradəsinə, demokratiya normalarına, habelə beynəlxalq qanunvericiliyə ziddir. Şübhəli şəkildə Fransada "siyasi sığınacaq" almış, bu ölkədə yaşayaraq Azərbaycanın dövlət institutlarını və simvollarını ən eybəcər formada təhqir edən, xalqı konstitusion quruluşu devirməyə çağıran Vidadi İsgəndərli adlı şəxsin qanunsuz və cinayətkar fəaliyyətinə hər cür şərait yaradılması əlbəttə ki, yolverilməzdir. Vidadi İsgəndərli Azərbaycanda olarkən heç bir siyasi fəaliyyət göstərməyib və buna görə də "siyasi mühacir" sayıla bilməz. O, vaxtilə işlədiyi dövlət orqanından yol verdiyi ciddi nöqsanlara görə çıxarıldıqdan sonra qisas almaq məqsədilə Azərbaycanda pozuculuq fəaliyyəti göstərib, sosial şəbəkələrdə yerləşdirdiyi videolarda iğtişaşlar törədəciyini, hakimiyyəti devirəcəyini dəfələrlə bəyan edib. Bu fakt həmin adamın Azərbaycan xalqının iradəsinə hörmətsizliyini və qanuna zidd əməllər törətdiyini aydın şəkildə göstərməklə yanaşı, həm də onun psixoloji cəhətdən adekvat olmadığını anlamaq üçün kifayətdir. Bu, Azərbaycan dövlətinə və millətinə qarşı açıq-aşkar təxribat və hörmətsizlikdir. Belə bir şəxsə Fransada sığınacaq verilməsi, onun fəaliyyətinə hər cürə şərait yaradılması Fransa hakimiyyətinin Azərbaycana münasibətdə səmimiliyini şübhə altına qoyur. Fransa dövləti, bu ölkənin aidiyyətli orqanlarıı Vidadi İsgəndərlinin teror və zorakılıq çağırışlarına diqqət yetirməli və müvafiq tədbirlər görməlidirlər.
Bəllidir ki, V.İsgəndərli kimilərindən hər şey gözləmək mümkündür. Çünki onun tərcümeyi-halı başdan ayağa utancverici məlumatlardan ibarətdir. Onun içki düşkünü olması, həmçinin, həbs olunmuş insanlara qarşı amansız qəddarlığı barədə məlumatlar ictimailəşdirilmişdi. V.İsgəndərlinin Rusiyanın qaranlıq siyasi dairələrində agent kimi işləməsi barədə də faktlar mövcuddur. Bəli, İsgəndərlinin kimliyi Azərbaycan cəmiyyətinə məlumdur. Bəs yuxarıda qeyd edildiyi kimi, Fransanın Vidadi İsgəndərli kimi qeyri-qanuni, pozucu və cinayətkar fəaliyyət göstərən birisinə şərait yaratmasının səbəbi nədir? Yaxud Fransanın burada hansı maraqları var?
Biz son vaxtlar Fransanın Azərbaycana qarşı münasibətində adekvat olmayan bəzi mənfi nüansları müşahidə etdik. Pezident Emmanaul Makronun İrəvana gəlib, Bakıya səfər etməməsi, fransız merlərinin və bələdiyyə sədrlərinin işğal edilmiş Azərbaycan ərazilərinə səfərləri, Qarabağdakı separatçı rejimlə "əməkdaşlıq sazişləri" imzalamaları və digər qeyri-qanuni hərəkətlər misal gətirilə bilər. Görünür, erməni lobissinin təsirində olan bu ölkə üçün Azərbaycanın əleyhinə addımlarını davam etdirmək üçün Vidadi İsgəndərli göydən düşmə olub. Başqa sözlə, erməniyə ehtiyac qalmayıb, sapı özündən olan baltamız bizi vurmağa, ən ağır xəyanətlərə yol açmağa hazırdır. Amma çirkin niyyətlərinə nail ola bilməyəcəklərini də yaxşı anlayırlar. Çünki Azərbaycan müstəqil siyasət yeridən güclü dövlətdir, kiminsə təzyiqi altında əzilən, siyasət formalaşdıran deyil. Bunu nəinki Fransada, dünyanın bütün nöqtələrində çox gözəl dərk edirlər.
AZAD