Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyətinin Astara rayon bölməsi və rayon Təhsil şöbəsi tədbirlər planına uyğun olaraq keçən il və builki tədris ilində rayonun ümumtəhsil müəssisələrində bir sıra tədbirlər keçirilib.
Ötən dövr ərzində Astara Rayon İcra Hakimiyyətinin və Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin birgə təşkilatçılığı ilə Səncərədi kənd tam orta məktəbində, həmçinin, S.Əliyev adına Rüdəkənar kənd və Züngüləş kənd ümumi orta məktəblərində "İnsan alverinə qarşı mübarizə" mövzusunda maarifləndirici tədbirlər keçirilib. Həmin tədbirlərdə RİH-nin və Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin əməkdaşları, məktəblərin müəllim heyəti və məktəblilər iştirak ediblər.
Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin əməkdaşları V.Vahabov, Z.Məmmədova və digərləri Cəmiyyətin yerli təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verərək qeyd ediblər ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində böyük nailiyyətlər qazanıb. Son illər respublikamızda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib, ölkəmizdə bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur. Həyata keçirilən milli fəaliyyət planları çərçivəsində insan alverinə qarşı mübarizə, insan alveri potensiallarının müəyyən edilməsi, onların maarifləndirilməsi, cəmiyyətə inteqrasiya olunması sahəsində çox ciddi addımlar atılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyul 2014-cü il tarixdə imzaladığı sərəncamla təsdiq olunmuş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı" Azərbaycanda bütün səviyyələrdə insan alverinə qarşı mübarizənin davamlılığını nümayiş etdirir. Çıxışlarda insan alverinə qarşı mübarizədə əldə edilən uğurların cəmiyyətə düzgün çatdırılmasında, maarifləndirmə işinin aparılmasında beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, mətbuatın tərəfdaşlığının əhəmiyyəti, hər bir dövlətdə insan hüquqlarının, ailə institutunun qorunmasının və onun düzgün formalaşmasının ən önəmli məsələ olduğu xüsusi vurğulanıb. Çıxış edənlər şagirdlərə mövzu ilə bağlı geniş məlumat vermiş, insan alverçilərinin digər insanları hansı vasitələrlə və yollarla tora salması izah edilərək müxtəlif video slaydlar nümayiş etdiriblər.
Ötən il Astara rayon ümumtəhsil məktəbləri Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin əməkdaşlarının iştirakı ilə insan sağlamlığı üçün zərərli vərdişlərə qarşı mübarizə mövzusunda tədbirlər keçirilib. Bölmənin sədri A.Hüseynquliyev çıxış edərək Qızıl Aypara Hərəkatının cəmiyyətimiz tərəfindən qəbul olunmuş humanizm, neytrallıq, qərəzsizlik, müstəqillik, könüllülük, vahidlik və dünyəvilik prinsiplərinə əməl edilərək görülən işlərdən, bölmənin fəaliyyətindən danışıb. Bu məsələ ilə bağlı keçirilən tədbirlərin məqsədi şagirdlərə ilk yardım vərdişlərinin öyrədilməsi olub. Bu tədbirlərdə həmçinin, yuxarı siniflər şagirdləri ilə sağlam həyat tərzi, zərərli vərdişlərlə mübarizə və bir sıra xəstəliklərin qarşısının alınması barədə diskussiya xarakterli söhbətlər aparılıb. Şagirdlər onları maraqlandıran məsələlər barədə çoxsaylı suallar verərək, həmin suallara ətraflı cavablar alıblar. Müəllimlər belə təlimlərin vacibliyini qeyd edərək şagirdlərin adından gələcəkdə də bu kimi təlimlərin keçirilməsini azulayıblar.
"Uşaq hüquqları aylığı" çərçivəsində 2018-ci ilin oktyabrın 31-də Astara rayonu Artupa kənd Yaqub Ağayev adına tam orta məktəbdə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Rayon Təhsil Şöbəsinin müdiri R.Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi qayğıdan bəhs edib, ölkəmizdə uşaqların hüquqlarının qorunduğunu və bu sahədə mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı T.Həsənzadə çıxışında yeniyetmə və gəncləri zərərli vərdişlərin, dini fanatizm və dini radikalizmin təsirindən qorumaq üçün ölkəmizdə həyata keçirilən tədbirlər haqqında məlumat verib, milli-mənəvi dəyərlərin, vətənpərvərliyin təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizədə mühüm rolu olduğunu bildirib.
Qızıl Aypara Cəmiyyətinin Astara rayon bölməsinin rəhbəri A.Hüseynquliyev ölkəmizdə elmə, təhsilə böyük qayğının olduğunu, məktəblilərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçün şəraitin yaradıldığını qeyd edib.
İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov çıxışında uşaqların hüquq və vəzifələri haqqında ətraflı danışaraq, ölkəmizdə hər il 20 oktyabr-20 noyabr tarixinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə "Uşaq hüquqları aylığı" elan edildiyini və bununla bağlı bütün ölkə ərazisində tədbirlərin keçirildiyini vurğulayıb.
Çıxışlarda bu sahədə mütəmadi olaraq profilaktik işlərin və təlimlərin keçirilməsinin vacibliyi qeyd olunub.
Rövşən AĞAYEV