Azərbaycanda sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlməsi dövlətin əsas prioritetlərindən biridir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.
Dövlət başçısı qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır. Qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı mühüm işlər görülüb.
Dekabrın 27-də Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışı deyilənlərin əyani sübutudur. Xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşa olunan bu kompleks 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Ərazisi 4 hektar olan kompleksdə ümumilikdə 12 bina var. Kompleksdə məktəb, uşaq bağçası, mərasim evi, polis məntəqəsi və digər zəruri infrastruktur obyektləri inşa edilib. Mənzillərin hamısı tam təmirlidir və mətbəx mebeli, qaz sobası ilə təchiz olunub.
Bundan başqa, mənzillərdə mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi quraşdırılıb. Kompleksdəki 1005 mənzilin 167-si birotaqlı, 536-sı ikiotaqlı, 302-si isə üçotaqlı və dördotaqlıdır. Ərazidə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün iki istirahət guşəsi yaradılıb, uşaq meydançası quraşdırılıb. Kompleksin ümumi ərazisinin 67 faizində yaşıllıq və abadlıq işləri görülüb. Bu kompleks Sumqayıtın mərkəzində yerləşdiyindən şəhərin memarlıq üslubuna uyğun inşa olunub, binaların fasadlarına xüsusi diqqət yetirilib, fərqli üslubda pəncərələr quraşdırılıb.
Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 24-də Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksi istifadəyə verilməsi mərasimində çıxışı zamanı əsas vəzifələrdən birinin bütün köçkün ailələrinin normal şəraitlə təmin olunması olduğunu söyləyib:
“Bu il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Artıq köçkünlərin bu evlərə, mənzillərə yerləşməsi prosesinə start verilmişdir. Bu, rekord göstəricidir. Biz hər il minlərlə köçkün ailəsini yeni evlərlə, mənzillərlə təmin edirik. Bir daha demək istəyirəm ki, bu il bu, ən yüksək səviyyədə öz həllini tapıb. Bizim vəzifəmiz ondan ibarətdir ki, bütün köçkün ailələri normal şəraitlə təmin olunsunlar. Bu istiqamətdə böyük işlər görülür, həm Bakı şəhərində, Abşeron rayonunda, Sumqayıt şəhərində, həm də digər şəhər və rayonlarımızda”.
Məlumat üçün bildirək ki, bu il bir neçə yerdə köçkünlər üçün yeni şəhərciklər salınıb. Cocuq Mərcanlı qəsəbəsində işlərin ikinci mərhələsi başa çatıb. Dövlət başçısı bununla bağlı deyib ki, bu qəsəbənin yaşaması, yenidən qurulması onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Hər bir köçkün bir arzu ilə, bir amalla yaşayır ki, tezliklə öz doğma torpağına qayıtsın.
Qeyd edək ki, son illərdə qaçqınlar və məcburi köçkünlər üçün bütün zəruri infrastrukturla təchiz olunmuş qəsəbələr salınıb, çoxmərtəbəli binalar inşa olunub. Eyni zamanda, qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı da bir sıra mühüm işlər görülüb. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir. Ümumiyyətlə, Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində gördüyü tədbirlər dünyada çox nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Bütün bunlar sübut edir ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib.
Mövzu ilə bağlı fikirlərini bildirən “Xalq cəbhəsi” qəzetinin baş redaktoru, ekspert Elçin Mirzəbəyli deyib ki, Azərbaycanın dövlət başçısı yenidən prezident seçildikdən sonra ilk fərmanını məhz şəhid olan hərbi qulluqçuların ailələrinə birdəfəlik yardım edilməsi ilə bağlı imzaladı. Bu, əslində, cənab prezidentin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan, sağlamlığını itirən insanlara qarşı nə qədər həssas yanaşdığını, eyni zamanda, məcburi köçkünlərin, qaçqınların problemlərinə nə dərəcədə diqqətlə yanaşdığını sübuta yetirdi.
Ekspertin sözlərinə görə, ilk fərman əslində, prioritetin göstəricisidir: “Azərbaycan prezidenti üçün başlıca hədəf sosial qayğıya ehtiyacı olan insanların problemlərinin həllidir ki, dövlətimiz də bu istiqamətdə ardıcıl şəkildə fəaliyyət həyata keçirir. 2018-ci ildə çoxsaylı sosial tədbirlər reallaşdırılıb. Qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri açılaraq onların istifadəsinə verilib, mənzillə təmin edilmələri istiqamətində addımlar atılıb. Qarabağ müharibəsi veteranları da daim dövlətin diqqətindədirlər. Onlar həm mənzillərlə, həm də avtomobillərlə təmin olunurlar. Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbçilərilə bağlı da eyni formada addımlar atılır, onlar da mənzillə təmin ediliblər. Məlum olduğu kimi, cənab prezidentin Azərbaycan vətəndaşlarına olan sosial qayğısı təkcə bu çərçivə ilə məhdudlaşmır. O, digər təbəqələrdən olan insanların, eyni zamanda, jurnalistlərin də qayğısına qalır. Bu günə kimi artıq iki bina inşa edilərək ehtiyacı olan jurnalistlərə verilib, üçüncü bina inşa olunur və başa çatmaq üzrədir”.
E.Mirzəbəyli sosial sahədə çoxsaylı proqramların olduğunu da xatırladıb: “Həmin proqramlar əlillərin reablitasiyasından başlamış, onların müalicəsinə kimi, xarici ölkələrə Azərbaycan hərbçilərinin, Qarabağ qazilərinin göndərilərək müalicə almalarına kimi çoxsaylı sosial tədbirləri əhatə edir. Təbii ki, bütün bunlar da Azərbaycanın ilk növbədə mahiyyət etibarilə sosial dövlət olduğunu sübuta yetirir, eyni zamanda, cənab prezidentin ölkənin sosial qayğıya ehtiyacı olan vətəndaşlarına nə dərəcədə diqqət və qayğı ilə yanaşdığını göstərir”.
PƏRVANƏ