|
|
|
|
Milli Məclisin (MM) Elm və təhsil komitəsinin parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı dünən ilk iclası keçirilib.
Komitənin sədri, akademik İsa Həbibbəyli bildirib ki, son payız sessiyasında komitənin 7 iclası keçirilib və bu iclaslarda 12 məsələ müzakirə olunub. Həmçinin, payız sessiyasında komitəyə 149 müraciət, şikayət və ərizə daxil olub, onlardan 137-si aidiyyəti orqanlara göndərilib. Onun sözlərinə görə, bununla yanaşı, 2019-cu ilin yaz sessiyasında yeni bir qanun layihəsinin - "Ali təhsil haqqında" sənədin hazırlanması və bunun üçün İşçi Qrupunun yaradılması nəzərdə tutulur. Bununla yanaşı, yaz sessiyasında ötən il birinci oxunuşdan keçmiş "Ümumi təhsil haqqında" qanun layihəsinin ikinci və üçüncü oxunuşlarda müzakirəsi və qəbulu nəzərdə tutulur. "Yaxşı olardı ki, yaz sessiyası dövründə ali təhsillə bağlı qanun layihəsinin ilkin sxemini, müddəalarını formalaşdıraq. Eyni zamanda, yay ərzində onun üzərində işlərimizi davam etdirək, kimlərin təklifləri olsa, hamısını yaradacağımız İşçi Qrupuna versin. Çünki biz bunu sentyabr ayına, payız sessiyasına planlaşdırırq. Yəni onu sentyabr ayında ilkin variantda komitə səviyyəsində müzakirə edib, payız sessiyasına tövsiyə etməyi düşünürük. Ona görə də aprel ayından hazırlıqlara başlamalıyıq" - deyə, İ.Həbibbəyli sözlərinə əlavə edib.
Peşəkar peşə, sənət adamlarına böyük ehtiyac var
Sonra "Ümumi təhsil haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı komitə sədri bildirib ki, sənəd hələ birinci oxunuşda müzakirə olunarkən, millət vəkilləri tərəfindən təklif olunurdu ki, sənəddəki "tədrisi dili" məsələsinə yenidən baxılsın: "Belə təkliflər verilirdi. Ancaq qeyd edim ki, təhsillə bağlı çərçivə qanunumuzda da "tədris dili" sözü özünün əksini tapıb. Dünya qanunverciliyində də məhz belədir. "Tədris dili" tədris prosesinin dildir. Burada tərbiyədən, başqa məsələlərdən söhbət getmir. Ona görə də bunu qanun layihəsində saxlamağı məqsədəmüvafiq bildik". Komitə sədri sonra deyib ki, o, icbari təhsilin saxlanılmasının və peşə təhsili sisteminin genişləndirilməsinin tərəfdarıdır: "Ona görə qanun layihəsindəki müddəanın məhz belə qalmasını məqsədəuyğun saydıq. Bu gün onu da deyim ki, Azərbaycanda peşə təhsili sahəsində böyük irəliləyiş var. Peşə təhsilinə, peşə ixtisalarına böyük maraq və həvəs hiss olunur. Çünki bu gün peşə sənəti sahiblərinə, mütəxəssislərə böyük ehtiyac var. Odur ki, həm peşə təhsili ilə bağlı qanun, həm də müzakirə etdiyimiz sənəd bu məsələdə özünün böyük töhfələrini verə bilər və verəcək".
Xarici dillərdə təhsil almaq istəyənlərlə bağlı yenilik...
Xarici dillərdə oxuyan, oxumaq istəyən Azərbaycan vətəndaşları məsələsinə gəlincə, komitə sədri həmin şəxslərlə bağlı qanun layihəsində tənzimləyici müddəanın da nəzərdə tutulduğunu deyib: "Bu, yeni müddəadır. Yəni xarici dillərdə tədris alan vətəndaşlarımız, uşaqlarımız öz dillərini, dövlət dilini mütləq şəkildə bilməlidirlər. Onlarla bir-iki sınaq müsabiqələrinin aparılması nəzərdə tutulur. Qanun layihəsində də bununla bağlı tənzimləyici yeni müddəa özünün əksini tapıb".
Bəxtiyar Əliyev: "Təhsilin dövlət standartları ilə bağlı ayrıca qanuna ehtiyac var"
Adıçəkilən komitənin sədr müavini, professor Bəxtiyar Əliyev bildirib ki, ölkədə ali təhsilin yeni dövlət standartlarının tətbiqi nəzərdə tutulur: "Odur ki, gələcəkdə təhsilin dövlət standartları ilə bağlı, ümumiyyətlə, ayrıca qanuna ehtiyac var. Təbii ki, bu, başqa müzakirənin predmetidir, amma belə hesab edirəm ki, həm yeni standartlar, həm də yeni və ayrıca qanun lazımdır". Dərsliklərin tərtib edilməsinə toxunan B.Əliyev bildirib ki, qanun layihəsində bununla bağlı yeni müddəa nəzərdə tutulmalıdır: "Çünki dərsliklərlə bağlı həm cəmiyyətdə, həm mediada tez-tez müzakirələr gedir. Bəzən də insanlar yanlış səmtə yönəldilir. Həm valideynlər, həm uşaqlar, həm də müəllimlər çaş-baş vəziyyətdə qalır. Dərsliklər bütün hallarda uşaqların psixi durumuna, intellektual səviyyəsinə uyğun şəkildə hazırlanmalıdır".
Millət vəkili Şəmsəddin Hacıyev də həmkarı kimi bildirib ki, qanun layihəsində dərsliklərlə bağlı ayrıca müddəa olmalıdır: "Bu, çox vacibdir".
Kamil HƏMZƏOĞLU