|
|
|
|
İstanbulda Xocalı soyqırımının 27-ci ilini anma tədbiri keçirilib.
Türkiyənin ən böyük araşdırma mərkəzi olan Avrasiya Bir Fonduna bağlı Avrasiya Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi tədbirin açılışında çıxış edən Fondun direktoru Ömər Özqaya deyib ki, Qarabağ bölgəsi Türklərin Şərqlə Qərb arasındakı miqrasiyalarının mərkəzi nöqtəsini təşkil etdiyinə görə, böyük dövlətlər o bölgə uğrunda tarix boyunca amansız mübarizə aparıblar. Ömər Özqaya qeyd edib ki, geostrateji planda Türkiyə ilə Azərbaycanın öz qüvvələrini birləşdirmələri halında bölgədə baş verə biləcək təhlükəli proseslərin öhdəsindən gəlmək asan olacaq.
Tədbirin moderatoru, filologiya elmləri namizədi Mayis Əlizadə ermənilərin 26 fevral 1992-ci ildə Xocalıda törətdikləri soyqırımın kökləri barədə məlumat verərək deyib ki, erməni terrorizminin XX əsrin əvvəllərindəki mənşəyi Qarabağ torpaqları olub. “Rus imperializminin himayəsinə arxalanan erməni terrorçuları Qarabağda Azərbaycan mənşəli vətəndaşları qətlə yetirməyə başlayanda vəziyyətə düzgün diaqnoz qoyan böyük mütəfəkkir Əhməd Ağaoğlu Bakıdan Gəncəyə gedərək məsciddə çıxış etmiş və erməni terroruna qarşı mübarizə məqsədilə “Difai” təşkilatını yaratmışdır. Şaumyanın başçılığı altındakı Bakı Sovetinin 31 mart-4 aprel 1918-ci ildə Bakıda azərbaycanlılara qarşı törətdiyi soyqırım Osmanlı imperiyası tərəfindən yaxından təqib edilmişdi və o soyqırımdan Azərbaycanın öz müstəqil dövlətini elan etməkdən başqa çarəsi qalmamışdı”- deyə sözlərinə davam edən Mayis Əlizadə 1948-53-cü illərdə Azərbaycanlıların Ermənistandan qovulmalarını, ASALA erməni terror təşkilatının Türk diplomatlarını şəhid etməsini, Ermənistanın monoetnik ölkə halına gəlməsini Xocalı soyqırımına gedən yolun mərhələləri kimi xarakterizə edib.
Azərbaycanlı tədqiqatçı Aygün Həsənoğlu tədbirdəki çıxışında arxivlərdən əldə etdiyi statistik məlumatlar əsasında erməni terrorçularının son 150 ildə Türklərə qarşı həyata keçirdikləri soyqırımlar barədə ətraflı məlumat verib. Aygün Həsənoğlu deyib ki, Türk Birliyi yaratmaqla biz erməni terrorunun həm qabağını ala bilərik, həm də indiyə qədər bizə qarşı törətdikləri cinayətlərə görə, erməni terrorçularını beynəlxalq hüququn müttəhimlər kürsüsünə çıxara biləcəyik. A.Həsənoğlu bu faciənin dünyaya çatdırılmasında Azərbaycan dövlətinin apardığı məqsədyönlü işlər barədə fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbirdə çıxış edən Avrasiya Bir Fondunun prezidenti, iş adamı Şaban Gülbahar, ilk növbədə, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin ən yüksək səviyyəyə çıxarılmasının lüzumundan bəhs edib. “Bir neçə ay əvvəl Bakıda idim, paytaxt tanınmaz dərəcədə inkişaf edib. Biz artıq bir-birimizə pasportla yox, şəxsiyyət vəsiqələrimizlə gedib-gələ bilməliyik. Qarşılıqlı investisiyalarımızda güzəştlər olsa, daha çox iş görə bilərik və görməliyik. Dünyada cərəyan edən proseslərdə Türkiyə Avrasiya zonasına daha çox diqqət yetirməlidir. Orada bizim qardaşlarımız var, onlarla münasibətlərimizi qarşılıqlı inteqrasiya səviyyəsinə yüksəltməliyik”- deyə Şaban Gülbahar vurğulayıb.
Xocalı soyqırımına həsr edilmiş tədbirin axırında məruzəçilərə Avrasya Bir Fondunun təşəkkür plaketləri verilib.
Tədbirdə Azərbaycanın İstanbuldakı Baş konsulluğunun əməkdaşı, azərbaycanlı iş adamları, ziyalılar, tələbələr və ictimaiyyət nümayəndələri iştirak edib.
A.Ağazadə
İstanbul