|
|
|
|
“Ermənilər istər 1905-1907-ci illərdə, istər 1918-ci ildə, istərsə də 1948-1953-cü illərdə dinc azərbaycanlılara qarşı qanlı hadisələr törədiblər. 1988-ci ildə isə ermənilər Azərbaycanın Dağlıq Qarabağ torpaqlarına iddialarını ortaya qoyub, işğalçılıq siyasəti həyata keçirməyə başlayıblar”.
Bu sözləri Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib.
O bildirib ki, ermənilərin azərbaycanlılara qarşı düşmənçilik siyasəti onların bu torpaqlara kütləvi köçündən sonra başlayıb: “Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müqavilələrindən sonra ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi prosesinə başlanılıb. Daha sonra Azərbaycan Milli Şurasının 1918-ci il, mayın 29-da qəbul olunan qərarla İrəvan ermənilərə verilib. Şərtlərdən biri isə bu idi ki, ermənilər digər Azərbaycan torpaqlarına ərazi iddiaları irəli sürməyəcəklər. Lakin Sovet İttifaqı yaranandan sonra Zəngəzur, Dərələyəz Ermənistana verildi, Dağlıq Qarabağda isə muxtar vilayət yaradıldı. Nəhayət, 1988-ci ildə ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün addımlar atmağa başladılar. Həyata keçirilən işğal siyasəti zamanı azərbaycanlıların tərki-silah edilməsi, ov tüfənglərinin belə əllərindən alınması çoxsaylı cinayətlərin törədilməsinə, etnik təmizləmə prosesinin həyata keçirilməsinə zəmin yaratdı”.
Ulu öndər Heydər Əliyev 1987-ci ildə Sovet İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırıldıqdan sonra ermənilərin mənfur niyyətlərini həyata keçirmək üçün fəaliyyətə başladıqlarını deyən E.Həsənli qeyd edib ki, düşmən qüvvələri bütün cəbhə boyu hücumlar təşkil edir, Qarabağda kəndləri yandırır, Ermənistandan azərbaycanlıların bütünlükdə deportasiyasını həyata keçirirdilər. Daha sonra Bakıda 20 yanvar hadisəsi törədildi, Kərkicahanda və Qaradağlıda dəhşətli faciələr yaşandı. Sonda isə Xocalı soyqırımı törədildi: “Ermənistanın sabiq prezidentləri - Robert Koçaryan, Serj Sarkisyan, eləcə də işğalçı ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan bütün bu cinayətlərin törədilməsinə yaxından iştirak ediblər. Bunu onlar özləri də dilə gətiriblər. Sovetlərdən qalan 366-cı motoatıcı alayın dəstəyi ilə ermənilər Xocalı şəhərini işğal edərək, azərbaycanlılara qarşı soyqırımı törədiblər”.
E.Həsənli bildirib ki, Xocalı soyqırımı 20-ci əsrin ən dəhşətli cinayətlərindən biridir: “Təəssüflər olsun ki, həmin dövrdə Xocalıda baş verən insanlıq əleyhinə cinayətə hüququ qiymət verilmədi. Nəticədə faciələrin ardı-arası kəsilmədi. Bunun ardınca Şuşa, Laçın, Kəlbəcər və digər torpaqların işğalı baş verdi”.
E.Həsənli xatırladıb ki, istər 20 Yanvar, istərsə də Xocalı faciəsi ilk hüquqi-siyasi qiymətini Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə alıb. O qeyd edib ki, hazırkı dövrdə isə Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin, o cümlədən, Xocalı soyqırımının bütün dünyada tanıdılması istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirir. Bundan başqa, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu bu istiqamətdə ciddi fəaliyyət həyata keçirib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində müxtəlif dillərdə çap olunan kitablar, çəkilən sənədli filmlər və həyata keçirilən tədbirlər soyqırımı həqiqətlərinin dünyada tanıdılması prosesində ciddi nəticələrin əldə olunmasına imkan verib.
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar dövlət səviyyəsində silsilə tədbirlərin həyata keçirildiyini deyən E.Həsənli faciə qurbanlarının xatirəsinin yad olunması məqsədi ilə təşkil olunan Xocalı yürüşünü xüsusi qeyd edib. O, Xocalı kimi ümummilli məsələlərdə daha güclü həmrəyliyiə ehtiyac olduğunu vurğulayıb.
Daha sonra bəzi dünya dövlətlərinin, ayrı-ayrı beynəlxalq təşkilatların tətbiq etdiyi ikili standartlar siyasətindən danışan E.Həsənli bu qanlı cinayətlərin törədilməsində birbaşa iştirak etmiş Robert Koçaryan, Serj Sarkisyan və digər Ermənistan rəsmilərini beynəlxalq tribunala təslim etmək əvəzinə xüsusi qonaq kimi qəbul etmələrini kəskin şəkildə tənqid edib.
Hazırda Azərbaycanın ötən əsrin 90-cı illəri ilə müqayisədə xeyli gücləndiyini, hərətəfli inkişaf etdiyini deyən E.Həsənli ordu quruculuğu istiqamətində aparılan islahatlar nəticəsində Silahlı Qüvvələrimizin Cənubi Qafqazda ən güclü orduya çevrildiyini qeyd edib: “2016-cı ilin Aprel döyüşlərində Azərbaycan ordusunun düşmənə vurduğu sarsıdıcı zərbələr regionda kimin güclü olduğunu ortaya qoydu. Bununla Ermənistanda “güclü ordu” ilə bağlı yaradılmış rəylərin reallığı əks etdirmədiyi, “Keçilməz Ohanyan səddi”nin mifdən ibarət olduğu sübuta yetirildi”.
Ümummilli məsələlərdə vahid mövqedən çıxış etməyin zəruriliyini bir daha qeyd edən E.Həsənli deyib ki, hər bir azərbaycanlı siyasi baxışlarından asılı olmayaraq dövlətin, ordunun güclü olması üçün çalışmalıdır: “Düşmən gələndə kimin müxalifətdə, kimin iqtidarda olmasına baxmır. Dağlıq Qarabağda, o cümlədən, Xocalıda yaşayan insanlar yalnız azərbaycanlı olduqları üçün qətlə yetirilib, soyqırımına məruz qalıblar. Ona görə də ümummilli məsələlərdə hamılıqla səfərbər olmalı, vahid mövqedən çıxış etməli, bundan sonra da dövlətimizin, ordumuzun güclü olması üçün var gücümüzlə çalışmalıyıq”.
Ceyhun ABASOV