|
|
|
|
Yüzlərlə günahsız insanın qəddarlığın və zorakılığın qurbanı olduğu Xocalı soyqırımından 27 il ötür. Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri də hər il dəhşətli faciənin ildönümünü dərin kədər hissi ilə yad edirlər.
Bu barədə İttifaqın mətbuat xidmətindən məlumat verilib. Qeyd olunur ki, dəhşətli Xocalı hadisələri Azərbaycanın hər bir vətəndaşı, bütün xoşməramlı insanlarla yanaşı, respublikamızın bəstəkarlarını da sarsıdıb. Soyqırımdan qısa müddət sonra bu faciəyə həsr olunmuş müxtəlif janrlarda musiqi əsərləri yaradılıb.
Bu mövzuda ilk əsərlərdən biri musiqisi faciəli notlarla dolu olan Məmməd Quliyevin böyük "Simfoniya-Rekviyem"idir. Sonra Arif Mirzəyevin "Xocalı uşaqlarına laylay" orqan kompozisiyası, Oqtay Rəcəbovun "Xocalı avazları" çoxhissəli oratoriyası, Yusif Mirişlinin "Xocalı-613" simfonik poeması bəstələnib.
Hadisələrin birbaşa izi ilə yazılmış bu ilk əsərlərdən sonra Xocalı faciəsi növbəti illərdə də bəstəkarların azalmayan həyəcanla müraciət etdikləri mövzu olub. Bir-birinin ardınca Azər Dadaşovun "Xocalıya ədalət" simfonik plakatı, Faiq Nağıyevin xor üçün "Xocalı harayı" əsəri, Nazim Quliyevin "Xocalı" operası, Elnarə Dadaşovanın "Xocalı laylası" yaradılıb.
Başqa ölkələrin və xalqların da musiqi sənəti təmsilçiləri Xocalı mövzusuna biganə qalmayıblar. Tanınmış Rusiya bəstəkarı, Rusiyanın Xalq artisti Aleksandr Çaykovski "Xocalı" matəm musiqisini bəstələyib. Fransız bəstəkarlar Pyer Tillou və Roman Zantenin bəstələri, həmçinin, tanınmış qazax bəstəkarı Balnur Kıdırbekin "Xocalı qurbanları" əsəri bu dəhşətli faciəyə həsr olunub. Bu əsərlərin təkcə bəstələnməsinin deyil, həmdə son illərdə dünyanın müxtəlif şəhərlərində ifa edilməsinin də böyük əhəmiyyətini qeyd etmək lazımdır.
Xocalı faciəsinə həsr olunmuş matəm əsərlərinin sırasında həm də Azərbaycan bəstəkarlarının bu faciənin adının keçmədiyi əsərlərini qeyd edə bilərik. Onların arasında Tofiq Bakıxanovun "Humayun" simfonik muğamı, Nəriman Məmmədovun Yeddinci simfoniyası, Azad Zahidin "Rekviyem" əsərini göstərmək olar. Firəngiz Əlizadənin "İntizar" operasında Xocalı faciəsi, xalqımızın çəkdiyi ağrı-acılar, günahsız insanlarımızın öldürülməsi, Azərbaycan ailələrinin qəddarcasına məhv edilməsi, xeyir və şərin mübarizəsi sənətkarlıqla əks olunub. Xocalı faciəsi ilə bağlı yeni əsərlərə Rəna Qədimovanın "Sarı gəlin" balladasını, Rüfət Ramazanovun simli orkestr üçün "Təəssürat", eləcə də orqan və xanəndə üçün "And" əsərlərini, İlham Azmanlının orkestr üçün "Ağı"sını göstərmək olar.
Şahanə MÜŞFİQ