|
|
|
|
XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsinin səbəblərinin və bu həqiqətlərin dünyaya çatdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə AMEA Naxçıvan Bölməsində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan "Xocalı faciəsi: səbəbləri, nəticələri və dərsləri" mövzusunda elmi konfransda danışılıb.
Əvvəlcə faciə qurbanlarının və Vətən uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, məkrli erməni cəlladları tarixi torpaqlarımız hesabına "böyük Ermənistan" yaratmaq məqsədilə zaman-zaman azərbaycanlılara qarşı qanlı cinayətlər törədib, soydaşlarımızı qətlə yetirib, deportasiyaya məruz qoyub, etnik təmizləmə aparıb, ərazilərimizin bir hissəsini işğal edib. Nəticədə, xalqımız dəfələrlə ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalıb.
İsmayıl Hacıyev ermənilərin Azərbaycan xalqına qarşı yönəltdikləri işğalçılıq və soyqırımı siyasətinin davamı olan Xocalı soyqırımı zamanı törədilən cinayət faktlarını xatırladaraq vurğulayıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının Xocalıya hücumu zamanı azərbaycanlılar xüsusi qəddarlıqla qətlə yetirilib, öldürülənlər arasında yaşlı, qadın və uşaqlar da olub. Mülki əhali itkin düşüb, əsir götürülüb, ailələr büsbütün məhv edilib.
Bölmə sədri bu faciəyə obyektiv qiymət verən Ümummilli lider Heydər Əliyevin, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin, həmçinin, Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin dünyada tanıdılması istiqamətində fəaliyyətindən danışıb.
Konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev "Xocalı faciəsinə gedən yol - faciənin səbəbləri", həmin institutun elmi işçisi Sevinc Babayeva "Xocalı faciəsi - insanlığa qarşı cinayət, faciənin nəticələri", Etnoqrafiya şöbəsinin müdiri, dosent Asəf Orucov "Xocalı faciəsində erməni terror təşkilatlarının qəddarlığı", İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov "Xocalı ağrılı söz yaddaşımız" mövzusunda elmi məruzələrlə çıxış ediblər.
Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, "Naxçıvan" Universitetində də Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilib.