|
|
|
|
Azərbaycanda Avropa İttifaqı (Aİ) və Təhsil Nazirliyinin birgə dəstəyi ilə “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” adlı layihənin icrasına başlanılır.
Dünən Bakıda layihənin açılışına həsr olunan konfransı keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli iştirak ediblər. Konfransın əsas məqsədi müvafiq dövlət qurumlarından, beynəlxalq və yerli təşkilatlardan olan mütəxəssisləri bir araya gətirərək, onları layihənin məzmunu və planlaşdırılan fəaliyyətlər barədə məlumatlandırmaqdır. Konfransda dövlət, özəl və beynəlxalq təşkilatlardan 90-na yaxın nümayəndə iştirak edib.
Konfransda çıxış edən F.Qurbanov bildirib ki, son illərdə Azərbaycanın ali təhsil sistemində mühüm dəyişikliklər və islahatlar həyata keçirilib, tədqiqat, ixtira, innovasiya yönümlü layihələrə dəstək verilib. Onun sözlərinə görə, Avropa İttifaqı ilə birgə həyata keçirilən layihə də məhz bu məqsədə xidmət edir.
Nazir müavini qeyd edib ki, müasir dövrdə elm və təhsilin qarşısında çoxlu çağırışlar və vəzifələr dayanır. Elm və texnologiyalar çox güclü inkişaf etdiyindən bir çox hallarda təhsil sahəsi bu inkişafa uyğunlaşa bilmir. Ona görə də təhsilin qarşısında dayanan vəzifə innovasiya fəaliyyətinin gücləndirilməsidir. O vurğulayıb ki, Azərbaycanda bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirilir: “Bunun nəticəsi olaraq, bu il yanvarın 10-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” sərəncam imzalayıb. Bu sərəncamda elmi, təhsil və sənaye müəssisələrinə bütün sahələrdə innovasiya fəaliyyətinin inkişafına diqqət yetirilməsi tapşırılıb”.
Bu işə dövlət səviyyəsində nəzarətin edildiyini deyən F.Qurbanov bildirib ki, bütün sahələrdə innovasiya işlərinin inkişaf etdirilməsi üçün xüsusi işçi qrupu yaradılır: “Bu iş artıq Prezident Administrasiyası tərəfindən tənzimlənir, bu istiqamətdə konkret layihələr və planlar hazırlanır. Bununla yanaşı, ali təhsilin rəqabətliliyinin artırılması üçün ali təhsildə innovasiya işlərinə və beynəlxalq əməkdaşlığa diqqət yetiriləcək. Doktorantura səviyyəsi üzrə innovasiya layihələrin icrası nəzərdə tutulur”
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib ki, Azərbaycanla Aİ arasında əməkdaşlıq müxtəlif sahələrdə olduğu kimi təhsil sahəsində də uğurla davam edir. Səfir layihənin əsas məqsədinin Azərbaycanın ali təhsil sistemində tədqiqat və innovasiya yönümlü yeni mexanizmlərin yaradılması olduğunu qeyd edib: “Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq təhsilə qoyulan sərmayədir və bu sərmayə gələcək üçün faydalıdır. Avropa İttifaqı Azərbaycanda uzun illər ərzində təhsilin bütün sahələri üzrə işlər görüb”. K.Yankauskas qeyd edib ki, Azərbaycanda universitetlər daha yaxşı milli kadrlar hazırlamalıdır: “Qloballaşma bizim çoxumuzu qorxudur, amma açılan imkanlardan istifadə etməyə çalışsaq, yaxşı olar. Daxili bazar üçün müəssisələr açılır, yeni işlər görülür, amma bunların hamısının reallaşdırılması üçün milli kadrlar tələb olunur. Yerli universitetlər yaxşı kadrlar hazırlamalıdırlar. Azərbaycan universitetlərinin ən yaxşı universitetlər sırasında olması üçün nə etmək olar? Siz yeni sınaqlar etməməlisiniz. Əvəzində Avropa ölkələrinin sınaqdan keçmiş yaxşı təcrübələrini istifadə edə bilərsiniz”.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə ölkədə elm və təhsil sahəsində beynəlxalq əməkdaşlıq üçün münbit şərait yarandığını, layihənin uğurlu nəticələr verəcəyinəəminliyini qeyd edib. İ.Həbibbəylinin sözlərinə görə, Azərbaycanın milli qanunvericiliyi innovasiya fəaliyyəti üçün geniş imkanlar yaradır: “Elm haqqında” qanunun qəbulu təhsildə elmi nailiyyətlərdən istifadə imkanlarını genişləndirib”.
Tİİ Türkiyə ofisinin direktoru Yasemin Erdal, Təhsil Nazirliyinin şöbə müdiri və layihənin Azərbaycan tərəfindən koordinatoru Emin Əmrullayev, layihənin eksperti Krzysztof Gulda öz çıxışlarında tədqiqat, ixtira və innovasiya sahəsində beynəlxalq təcrübə, layihənin məqsədi, həyata keçiriləcək işlər barədəətraflı məlumat veriblər.
Qeyd edək ki, Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayına qədər olan dövrü əhatə edir. Layihənin əsas məqsədi ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) strategiyası və idarəedilməsinin gücləndirilməsindən ibarətdir.
S.QARAYEVA