Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbində “İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda tədbir keçirib.
Tədbirdə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovniki Fuad Əliyev və İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının rəhbəri Ramiz Alıyev iştirak ediblər.
Natiqlər internat məktəbinin müəllim və şagirdlərinə sözügedən cinayət növü və onunla mübarizə mexanizmləri haqqında danışıblar.
F.Əliyev baş idarənin fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib, insan alveri ilə məşğul olan cinayətkarlara qarşı ciddi mübarizə tədbirləri həyata keçirildiyini bildirib.
Daha sonra o, DİN-nin İnsan Alveri Qurbanlarına Kömək Fondu və İnsan alveri qurbanlarının Sığınacağı haqqında danışıb.
R.Alıyev isə vətəndaş cəmiyyətinin insan alverinə qarşı mübarizə ilə bağlı həyata keçirdiyi tədbirlər barədə çıxış edib.
İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun fəaliyyəti haqqında da məlumat verən QHT sədri qeyd edib ki, bu cinayət növünə qarşı aparılan qətiyyətli mübarizə öz nəticələrini verir.
R.Alıyev hesab edir ki, daha effektiv nəticələrin əldə olunması üçün Azərbaycan vətəndaşları insan alveri ilə mübarizədə hüquq-mühafizə orqanlarının yanında olmalıdırlar.
Sonda Daxili İşlər Nazirliyinin sifarişi ilə çəkilən “Satılmış Həyat” filmi nümayiş olunub, tədbir iştirakçılarının sualları cavablandırılıb.
C.ABASOV