Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib.
Nazirlikdən verilən məlumata görə, tədbirdə çıxış edən nazir Sahil Babayev qeyd edib ki, Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq aidiyyəti qurumlarla birgə kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı birgə işlər aparılacaq və kəndlərlə bağlı yeni inkişaf konsepsiyası hazırlanacaq. O bildirib ki, hələ ötən ildən dövlət başçısının göstərişləri əsasında reallaşdırılan yeni islahatlar kursu 2019-cu ilin ilk rübündə artıq bütün sahələrdə, o cümlədən, sosial sahədə uğurlu nəticələrini verib.
S.Babayevin sözlərinə görə, cari ilin ilk aylarından Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn mühüm addımlar atılıb.
S.Babayev diqqətə çatdırıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan və ölkəmizin yeni brendinə çevriləcək DOST (Dayanıqlı və Operativ Sosial Təminat) layihəsi yaxın günlərdə DOST Agentliyinin və ilk "DOST Mərkəzi"nin açılışı ilə reallaşacaq: "Bu, 2019-cu ilin sosial sahədə ən önəmli hadisələrindən biri olmaqla dövlət sosial xidmətləri sahəsində keyfiyyətcə yeni inkişaf mərhələsinin başlanmasını təmin edəcək. Nəticədə, bu xidmətlərin vahid platforma və bir pəncərədən, şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsi təmin ediləcək".
Cari ilin əvvəlindən ölkədə ilk proaktiv xidmət kimi elektron pensiya təyinatına keçildiyini deyən nazir bütün sosial təminat sistemi üzrə bu innovativ təcrübənin genişlənməsi işlərinin davam edəcəyini, nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemində "Məşğulluq" altsistemi ilə yanaşı, bu il digər elektron sistemlərin, o cümlədən, yaxın aylarda "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminin işə salınacağını bildirib.
Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatından bəhs edən S.Babayev qeyd edib ki, ötən ilin noyabrından başlayaraq artıq 6338 şəhid üzrə 9300-ə yaxın vərəsəyə birdəfəlik ödəniş edilib. Nazirlikdəki komissiyanın yeni qəbul etdiyi qərarla yaxın bir həftədə daha 2350 şəhid üzrə 3414 vərəsəyə ödəmə veriləcək. 2019-cu ildə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olanlara azı 800 mənzil, müharibə ilə əlaqədar əlilliyi olanlara 600 avtomobil veriləcək. Bu il müasir tələblərə uyğun yeni sosial xidmət və reabilitasiya müəssisələri də vətəndaşların istifadəsinə təqdim olunacaq.
İclasda Prezident İlham Əliyevin sosial islahatlar proqramının icrası sahəsində görülən işlər və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.
C.ABASOV