Bakı Mühəndislik Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər" mövzusunda IV Beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.
Bu barədə Bakı Mühəndislik Universitetindən məlumat verilib.
Tədbirin açılış mərasimində çıxış edən Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov konfransın iki universitet tərəfindən birgə təşkil olunmasını elmi baxımdan əhəmiyyətli olduğunu vurğulayıb. Heydər Əliyevin ölkəmizin müstəqilliyinin möhkəmlənməsində və hərtərəfli inkişafında müstəsna xidmətləri barədə ətraflı məlumat verən rektor onun Azərbaycan elminin və təhsilinin inkişafına verdiyi töhfələrini diqqətə çatdırıb. Qeyd edib ki, bu gün də ölkə başçısı İlham Əliyev ulu öndərin siyasətini uğurla davam etdirir. Artıq ölkəmiz ən mötəbər beynəlxalq tədbirlərdə təmsil olunur və aparılan islahatlar sayəsində xalqımızın rifah halı və təhsil səviyyəsi günü-gündən yüksəlir.
Konfransın işinə uğurlar arzulayan Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan iqtisadiyyatının ən vacib sahələrindən olan turizmin potensialından və bu sahənin inkişafı istiqamətində Prezident İlham Əliyevin gördüyü işlərdən danışıb. Heydər Əliyevin sovet ittifaqı və müstəqillik dövründə təhsilin və yerli kadrların hazırlanması istiqamətində gördüyü işləri diqqətə çatdıran rektor yerli universitetlərin birgə təşkil etdikləri konfransların elmin və universitetlərin inkişafına verəcəyi töhvələr barədə tədbir iştirakçılarına məlumat verib.
Daha sonra çıxış edən Azərbaycan Texniki Universitetinin Elmi işlər üzrə prorektoru İlham Məmmədov konfransın işinə uğurlar arzulayaraq Ümummilli lider Heydər Əliyevin Azərbaycan elminə və təhsilinə göstərdiyi xidmətlər barədə məruzə ilə çıxış edib.
Konfransın plenar iclasında Zuxra Abdraxmanova, professor Rza Mahmudov, iqtisadiyyat üzrə fəlsəfə doktoru Şəhriyar Muxtarov və dosent İlqar Seyfullayevin məruzələri dinlənilib.
Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.