Sağlamlığı qorumaq və möhkəmləndirmək baxımından düzgün, səmərəli qidalanma çox böyük əhəmiyyət kəsb edir. İnsanın orqanizmində gedən bütün dəyişikliklər onun qidalanmasından asılıdır. Müxtəlif qidaların düzgün istifadəsi, pəhriz qidaları xəstəliklərin müalicəsinə də köməklik göstərir.
Qidalanma insanın bioloji tələbatı olub, qidanın biokimyəvi çevrilmələrə məruz qalması, mənimsənilməsi prosesindən və onun orqanizmə fizioloji təsirindən ibarətdir. Sağlamlığın əsas şərtlərindən biri düzgün qidalanmadır. Orqanizmə qida rasionundakı 5 əsas tərkib hissənin - zülallar, karbohidratlar, yağlar, vitamin və mineralların normal miqdarda daxil olması vacib sayılır. Səmərəli və keyfiyyətli qida orqanizmin immunobiloji reaktivliyinə müsbət təsir göstərir, yoluxucu xəstəliklərə qarşı müqavimətini yüksəldir. Səmərəsiz qidalanma orqanizmdə gərəkli maddələrin çatışmazlığına, maddələr mübadiləsinin pozulmasına və nəticədə bir çox xəstəliklərin yaranmasına səbəb olur. Xəstəliklərin baş verməsinin qarşısını almaq üçün lazımi miqdarda təbii qidalar, bitki və heyvan mənşəli qidalardan daha çox istifadə olunmalıdır.
Uşaqlıq dövrü üçün qidalanma rasionlarının düzgün tərtib edilməsi sağlamlıq nöqteyi-nəzərindən həmişə aktual məsələ olaraq qalır. Bu dövrdə intensiv böyümə və boyatma prosesləri gedir, immun sistemi, ali sinir fəaliyyəti, intellekti və aktiv hərəkətləri formalaşır, həmçinin, xarici mühitlə əlaqələri, əlverişsiz təsirlərə reaksiyaları artır. Uşaq orqanizmində inkişaf, bədən kütləsinin artması, əzələ işinin fəallaşması səbəbindən əsas mübadilə və enerji sərfi böyüklərə nisbətən daha çoxdur. Erkən yaşda orqanizmin quruluş və funksiyalarının düzgün formalaşmasında, həyat fəaliyyətinin, fizioloji proseslərin normal getməsində mənimsənilən qidanın tərkibi və keyfiyyəti mühüm rol oynayır. Uşaqların daha çox sevdiyi paketlənmiş hazır qidalar isə bu tələbləri ödəmir. Bu qidalar hazırlanarkən insan orqanizmi üçün zərərli maddələrdən, rəngləndiricilərdən, emulsifatorlardan istifadə edilir və keyfiyyəti standartlara uyğun gəlmədiyi üçün onlar sağlamlığın təhlükəsizliyi tələblərinə cavab vermir. Hətta bəzilərində enerji dəyəri və istifadə müddətləri də düzgün göstərilmir. Nəticədə, uşaqların orqanizmi və immuniteti zəif olduğuna görə hazır qidaların tərkibindəki qatqı maddələri mərkəzi sinir sisteminə, hiperaktiv və diqqət əskikliyi olan uşaqlara mənfi təsir göstərir. Bu cür qidalara şirin içkilər, sıroklar, konfetlər, şirniyyatlar, şokoladlar, çipslər və s. aiddir. Onların tərkibində orqanizm üçün lazımlı maddələrin miqdarı ya azdır, ya da ümumiyyətlə, yoxdur, amma duzun, müxtəlif yağların, mayanın, karbohidratın, şəkərin, protein və süni əlavələrin miqdarı olduqca çoxdur. Belə qidaların qəbulu böyümə və inkişafın pozulmasına, bir sıra xəstəliklərin yaranmasına, allergiyalara, ali sinir fəaliyyətinin və intellektin zəifliyinə, bədən çəkisinin artmasına, piylənməyə və s. səbəb olur.
Bu baxımdan uşaqların qidalanmasında hazır qidaların istifadəsinə məhdudiyyət qoyulmalı, təbii qidalara, meyvə və tərəvəzlərdən istifadəyə üstünlük verilməlidir.
Fəridə ƏLİ
Azərbaycan Tibb Universitetinin dosenti