... Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Rəşid bəy Əfəndiyev, Firudin bəy Köçərli və onlarla Azərbaycan ziyalısı. Tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi bu böyük maarifçilər olmadan təsəvvür etmək çətin, bəlkə də, mümkünsüzdür. Bu, bilinən və qəbul edilən həqiqətdir.
Əgər Qori Müəllimlər Seminariyası yaranmasaydı, bu işıqlı insanlar olmayacaqdı. Bu da qəbul edilən həqiqətdir. Amma çoxlarının bilmədiyi bir həqiqət də var: Azərbaycanın dəyərli ruhaniləri, xüsusilə müfti Mirzə Hüseyn Qayıbov və şeyxülislam Əbdüssalam Axundzadə Qori Seminariyasının Azərbaycan şöbəsinin yaranmasında və fəaliyyətində əvəzsiz xidmətlər göstəriblər.
Sovetlər zamanı topa tutulan, rişxənd edilən on doqquzuncu əsrin Azərbaycan ruhanisi - şeyxülislam və müfti başda olmaqla, bu millətin işıqlı gələcəyi üçün dəridən-qabıqdan çıxaraq xalqın övladları aydınlansınlar deyə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin açılmasına çalışıb, hətta bu mübarək ocaqda dərs deyiblər.
... Bu, ŞEYXÜLİSLAMın maarifçilik missiyası idi.
1905-ci il. Türk-müsəlman qanına susamış erməni-daşnak silahlı dəstələrinin törətdikləri qırğınların qarşısını almaq, Daşnaksütun partiyasının terroruna son qoymaq üçün Gəncədə milli qüvvələrdən ibarət Difai təşkilatı yaranır. Təşkilat "Heç vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yola verməyəcəyik" şüarı ilə yola çıxır. Böyük ziyalımız Əhməd bəy Ağaoğlu Difainin qurucusu və rəhbəri, Qafqazın yeddinci şeyxülislamı Məhəmmədəli Pişnamazzadə isə təşkilat komitəsinin üzvü olur.
Məhəmmədəli Pişnamazzadə ermənilərlə mübarizənin dini borc olması barədə fətva verir, müsəlmanları cihada çağırır. Məscid və ziyarətgahlardan, xüsusilə Gəncədəki İmamzadə ziyarətgahından toplanan ianələri millət naminə Difai üçün xərcləyir. Çar çinovnikləri axtarış aparanda Məhəmmədəli Pişnamazzadənin evindən Difainin sənədləri tapılır və o, sürgün edilir. Ancaq zərrə qədər peşman olmur.
... Bu, ŞEYXÜLİSLAMın millət naminə cihad missiyası idi.
1918-ci ilin ikinci yarısı. Azərbaycan Xalq Cumhuriyyətini qurmuş böyük KİŞİLƏR gecə-gündüz çalışır, yoxdan var etdikləri dövləti formalaşdırırlar. Azərbaycan ruhaniləri isə milli hökuməti, milli və dini həmrəyliyi qorumaq naminə əllərindən gələni əsirgəmirlər. Amma Çar Rusiyasının mirası kimi şiələrin birləşdiyi Şeyxülislamlıq, sünnilərin birləşdiyi Mütilik institutu ayrı-ayrı təşkilat formasında hələ də qalır.
Şeyxülislam Məhəmmədəli Pişnamazzadə milli hökumətə müraciət edir. O, hər iki idarənin Məşixət adlı vahid qurumda birləşdirilməsini təklif edir və şeyxülislam vəzifəsindən könüllü gedir. Təxminən yüz ildən sonra, 1918-ci ildə Qafqazın şiə və sünni müsəlmanları vahid dini təşkilatda birləşirlər.
... Bu, ŞEYXÜLİSLAMın İslam naminə vəhdət missiyası idi.
1918-ci il. Daşnak-bolşevik dəstələri Bakı, Quba, Şamaxı, Qarabağ, Zəngəzur və digər bölgələrimizdə qırğınlar törədir, onminlərlə insanı qətlə yetirirlər. Bakıda milli düşüncənin hər iki mərkəzi - ziyalılarımızın toplaşdığı İsmayilliyə binası yandırılır, ruhanilərin dayaq nöqtəsi olan Təzəpir məscidinə isə ciddi ziyan vurulur.
... İnsanlar ümidsiz və başsız haldadır. Amma Azərbaycan ruhanisi önə çıxır, şəhidlər Çəmbərəkənd qəbiristanlığında, indiki Şəhidlər Xiyabanının ərazisində dəfn edilir. Bakını xilas etməyə gəlmiş Qafqaz İslam Ordusu dualarla qarşılanır. Böyük komandan Nuru Paşa Təzəpir məscidində qəhrəman kimi minbərə çıxarılır və yeni şeyxülislam Ağa Əlizadə müsəlmanları milli dövlətlərini göz bəbəkləri kimi qorumağa çağırır.
... Bu, ŞEYXÜLİSLAMın milli dövlətçilik missiyası idi.
1990-cı il, yanvar ayı. Sovet ordusu Bakıda qırğınlar törədir, paytaxt küçələri şəhid qanına boyanır. İnsanlar kədərli və qəzəblidir. Ölkə başsız və xaos içərisindədir. Kreml Qafqazın on ikinci şeyxülislamı Allahşükür Paşazadəyə hakimiyyəti ələ alıb, ölkəni idarə etməyi təklif edir, amma şeyxülislam qətiyyətlə "yox" deyir. Üstəlik, heç kimdən və heç nədən qorxmadan əli Azərbaycan xalqının qanına batmış Mixail Qorbaçovun əleyhinə sərt bəyanat verir, xalqla birlikdə xalqın şəhid övladlarını ağlayır. Və daha çox onun sayəsində yetmiş il öncə olduğu kimi, yenə də şəhidlər Bakının qəlbində - Şəhidlər Xiyabanında dəfn edilir.
... Bu, ŞEYXÜLİSLAMın ən ağır vaxtda xalqın yanında olmaq missiyası idi.
1990-cı ildə 20 Yanvar qırğınlarından sonra azərbaycanlıların Kremlə olan qəzəbini başqa tərəfə yönəltmək, cəmiyyətdəki mövcud əhval-ruhiyyəni dəyişdirmək üçün sovet KQB-si məqsədli şəkildə Bakıdakı erməni-qriqoryan kilsəsini yandırmaq istəyir. Qəzəbli insan kütləsi bu kilsəyə yönəldilir. Allahşükür Paşazadə əsl müsəlmana, azərbaycanlıya və din xadiminə yaraşan mənəvi keyfiyyət nümayiş etdirərək kilsənin yandırılmasına imkan vermir. Çünki azərbaycanlılar öz inanclarına və mənəviyyatlarına əsaslanaraq kilsəni də məscid kimi Allahın evi hesab edirlər.
... Bu, ŞEYXÜLİSLAMın insanlıq missiyası idi.
Və nəhayət, 2019-cu ilin əvvəlləri. Moskvada bir azərbaycanlı ilə bir çeçen arasında şəxsi zəmində baş vermiş kriminal insident məkirli qüvvələr tərəfindən məqsədli şəkildə şişirdilir. Nəticədə Rusiyada yaşayan iki qardaş xalqın mənsubları arasında gərginlik yaranır. Şəxsi zəmində baş vermiş hadisənin milli zəminə keçməsinin qarşısını almaq üçün həm Azərbaycan, həm də Çeçenistan rəsmiləri işə qarışır. Şeyxülislam Allahşükür Paşazadə isə iki qardaş xalqın övladları arasında barış olsun deyə bütün imkanlarını səfərbər edir və qısa vaxtda gərginliyə son qoyulur.
... Bu, ŞEYXÜLİSLAMın ağsaqqalıq missiyası idi.
... Şeyxülislamlıq institutunun yaranmasından 200 ilə yaxın vaxt keçir. Zaman çox şeyi dəyişib, amma dəyişməyən şeyxülislamların missiyasıdır. Bu missiyanı bütün şeyxülislamlar ləyaqətlə yerinə yetirib. Amma şeyxülislamlıq tarixində ən böyük və ən ağır missiyalardan biri Qafqazın on ikinci şeyxülislamı Allahşükür Paşazadənin üzərinə düşüb. Əslində, Azərbaycan həqiqətlərindən biri də bax budur!
Sevinc QARAYEVA
Yazı "Şeyxülislam Allahşükür Paşazadə-70" mövzusundakı müsabiqəyə təqdim olunur